23 İyul 2018 22:38
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ağacları görünməmiş vəhşiliklə məhv etmək istəyiblər. 10 yaxın ağacın dibinə plastik qablarda olan güclü təsirə malik "kislota" kimi tanıdığımız kimyəvi turşu töküblər. Kislata dolu plastik qablar ağzı açıq şəkildə ağacların dibinə qoyulub.

Problemlə bağlı sosial şəbəkələrdə paylaşılan kadrlar geniş müzakirələrə səbəb olub. Ictimaiyyətin geniş müzakirəsinə və narazılığına səbəb olan görüntülərdən dərhal sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalara başlayıb. Məlum olub ki, sözügedən hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında qeydə alınıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli ağacların qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə hüquq- mühafizə orqanlarına müraciət olunub.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının əməkdaşları və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən ağacların dibiləri dərhal qazılıb. Ağaclara profilaktik xidmət göstərilib və dibi maddədən təmizlənib.

Şöbə rəisi Orxan Məmmədov bildirib ki, ağaclardan 5-i şam, 3-ü qarağat, 1 ədədi isə saforadır. Onun sözlərinə görə, sözügedən ağacların göstərilən qulluqdan sonra quruma ehtimalı minimuma enib.

Hazırda faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər