Böyük Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə “Kings Kollec”də Təhsil Konfransı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfrans çərçivəsində Londonda yerləşən 25 minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul şəxslərin il ərzində fəaliyyəti təhlil olunur və yerli qurumlar, eləcə də təhsil mərkəzləri ilə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fərqlənən diplomatlar mükafatlandırılır.
Konfransda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib.
Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu “Embassy” jurnalının redaktoru Elizabet Stevart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib.
Qeyd edək ki, sözügedən konfrans Londonda ənənəvi olaraq hər il keçirilir.