Teleqraf.com keçmiş təhsil naziri, türkoloq alim Firudin Cəlilovla müsahibəni təqdim edir.
- Firudin müəllim, İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə tədrisinin qadağan edildiyini açlıqlayıb. Bu açıqlama İranda azərbaycanlı deputatların ciddi narazılığı ilə qarşılanıb. Sizin, bu hadisəyə münasibətiniz necədir?
- 100 il əvvəl İranda Pəhləvilər hakimiyyətə gəldi. O dövrdən indiyə qədər İran adlanan ölkədə xalqın min illər boyu işlətdiyi türk dilini qadağan ediblər, əvəzinə fars dilini ortaya çıxarıblar. Şahlıq rejimi başa çatdı, onu molla rejimi əvəz etdi, amma bu tendensiya davam edir. 40 milyonluq türk İranda öz dilində yazıb-oxuya bilmir. Bu, çağdaş dövrün ən böyük bəlası, rəzalətidir. Heç bir ölkədə bir millətin heysiyyətini əzən belə rejim yoxdur. Bu mənada zaman-zaman İranda soydaşlarımız etiraz aksiyalarına qalxırlar. Çünki bu formada yaşamaq mümkün deyil. Təsəvvür edin ki, bir ailədə körpə doğulur, ana dilində danışmağa başlayır, nənəsinin nağıllarına qulaq asır. Məktəb yaşı çatır, məktəbə gedəndə ona fars dilində dərs keçirlər. Uşaqdan nəyi soruşurlarsa, türkcə cavab verir. Şilləni vururlar uşağın qulağının dibinə ki, bizə farsca cavab ver. Bu şəkildə zülm edirlər. Odur ki, soydaşlarımız vaxtaşırı mitinqlər edir, böyük tədbirlər keçirirlər. Hətta son vaxtlar Urmiyadan olan bir deputat parlamentdə türk dilində danışıb. Spiker də reaksiya verərək ona deyib ki, fars dilində danışın, dövlət dili fars dilidir. Türk deputat da etiraz edərək bildirib ki, Həzrəti Süleyman deyiləm ki, bütün heyvanların dilini bilim. Yəni məsələ bu dərəcədə problemlidir və son nöqtəyə dirənib. İran təhsil nazirinin son bəyanatı İranın qüvvədə olan konstitusiyasına ziddir. Konstitusiyada yazılıb ki, İranda yaşayan xalqlar öz ana dillərində yazıb-oxumaq hüququna malikdir. Eyni zamanda bu bəyanat Azərbaycan türklərinə olan həqarətin son nöqtəsidir.
- İran parlamentində təmsil olunan azərbaycanlı deputatlardan Ziyaulla Əzazi və Südeyf Bədri nazirin bu açıqlamasına etiraz edib. Müəyyən sərt reaksiyalar var. Nazirin məlum açıqlaması İrana ciddi təzyiqlərin olduğu dönəmdə baş verir. Siz, nazirin açıqlamasını təsadüfi hesab edirsiniz, yoxsa burada siyasi məqsədlər də var?
- Mənim fikrimcə, təhsil nazirinin məlum açıqlamasının İran ətrafında baş verən beynəlxalq proseslərlə əlaqəsi yoxdur. Sadəcə olaraq, İranda türklərə qarşı belə hərəkət və davranışlar yüz ildir ki, davam edir. Vaxtaşırı belə hallar qabarır və sönür. Amerikanın İranı təhdid etməsi ilə bu hadisə arasında heç bir əlaqə və bağlılıq yoxdur. Ancaq İrana olan təzyiqlər nə vaxtsa oradakı sistemi dağıdacaq. Ümid edirəm ki, bu sistem dağıldıqdan sonra soydaşlarımız ana dili məsələsini reallaşdıra biləcək. Düzünü deyim ki, mən bu məsələdə güneyli oydaşlarımızdan çox qırğınam.
- Buna səbəb nədir?
- Mən 4 il müddətinə televiziya kanalında həftədə üç saat məktəb, ana dili deyə çıxış edərək bunun nə dərəcədə vacib olduğunu izah etmişəm. Azadlıq, istiqlaliyyət, mədəni inkişaf, xalqın assimlyasiya edilməməsi ana dili ilə bağlıdır. Sənin də ana dilini qadağan ediblər. Əzizlərim, ana dili məsələsində birlik nümayiş etdir, öz dilini təsdiq elətdir. Hesab edirəm ki, bu məsələdə soydaşlarımızın özündə də müəyyən günahlar var.
- İrana xaricdən ciddi basqılar baş verməsi daxildə aktivləşməyə nə dərəcədə stimul verə bilər?
- Biz İranın parçalanması prosesinin Təbrizdən başlanmasının, bu işdə soydaşlarımızdan istifadə olunmasının qəti əleyhinəyik. Nəzərə almaq lazımdır ki, XX əsrdə Azərbaycan türkləri üç dəfə ayağa qalxaraq üsyan edib, bunun sonunda hakimiyyətlər dəyişib, farslar iqtidarda daha da möhkəmlənib, amma soydaşlarımızın ana dili problem həllini tapmayıb. Daxili azadlıq hərəkatının Güneydən başlaması hər zaman acı nəticələr verib. Ancaq diqqət edirsinizsə, son dövrlər İranın azərbaycanlılar yaşamayan müxtəlif əyalətlərində hakimiyyətə qarşı iqtisadi tələblərlə güclü etiraz nümayişləri baş verir, kəskin qarşıdurmalar qeydə alınır. Nə yaxşı ki, bizim soydaşlarımız, eləcə də Güney Azərbaycan bu prosesə qarışmır. Çünki qarışsalar, bunu bəhanə edərək daha çox adam həbs etməyə və ya qırmağa başlayacaqlar. Amma elə ki, xaricdən də dəstək oldu və bütövlükdə İran əhalisi ayağa qalxı, bu zaman azərbaycanlılar da hərəkata qoşulmalı, öz məqsədlərinə çatmaq üçün bundan istifadə etməlidirlər.
- Siz, İrana qarşı beynəlxalq təzyiqlərin kəskinləşməsi ilə paralel olaraq daxildə proseslərin aktivləşməsini ehtimal edirsiniz?
- Bəli, adətən belə olur. Mənim fikrimcə, yaxın bir-iki ilə İran daxildən dağılacaq. Əhalinin boğazından kəsib Suriyaya, Yəmənə və digər ölkələrdəki işlərinə milyardlarla pul xərcləyirlər. Ancaq İran vətəndaşları acından ölür. İran pulu devalvasiya edib, belə davam etsə bir neçə dəfə də devalvasiya edəcək. Daxildə proseslər gedir, çünki narazılıqlar var. Sözsüz ki, xaricdən də basqılar olsa, bu rejimin uzun müddət yaşamaq imkanı olmayacaq. Aydındır ki, İran bizim qonşumuzdur və biz istəyirik ki, orada demokratik rejim olsun, 40 milyonluq soydaşımız öz ana dilində yazıb-oxuya bilsin.Ancaq indiki rejim faktiki olaraq insanlara ana dilində yazmaq və oxumaq haqqı tanımır. Odur ki, indiki İran rejiminin başqası ilə əvəzlənməsini mən də istəyirəm. Sadəcə olaraq, bununla bağlı prosesdə azərbaycanlıların qabağa düşməsinin əleyhinəyəm.
- İran təhsil nazirinin məlum bəyanatı, bu bəyanata cavablar oldu. Sizcə, proses davam edərək kəskinləşəcəkmi?
- Yox. Zaman-zaman bu məsələ qalxır, sonra isə sönür. Təxminən 500 min insan küçələrə çıxıb deyir ki, “Haray, haray mən türkəm”, “Haray, haray məktəb verin”. İki gündən sonra da hamı çəkilib oturur yerində. Əslində isə daha vacibi təşkilatlanmaqdır.
- Təşkilatlanma prosesi yoxdurmu?
- Sabah İranda hansısa proses baş versə, 40 milyonun başında duran monolit təşkilat olmsa əvvəlki dövrlərdə olduğu kimi rejim dəyişəcək, yeni fars hakimiyyəti yaranacaq. Həmin hakimiyyətin indiki rejimdən pis olmayacağının qarantiyası yoxdur.
- Sizə elə gəlmirmi ki, regionda baş verən proseslərdə aparcı xətti milətçilik təşkil edəcək, yəni bütün oyunlar millətçi xətt üzərindən oynanılacaq?
- İran bir qədər mürəkkəb məsələdir. Təsəvvür edin, Türkiyə bizim qardaşımızdır, amma oradakı 40 milyonluq türkü görməzdən gəlir. Eyni zamanda İranın parçalanmaması üçün dirənib.
- Türkiyənin dövləti marağı bunu tələb etmirmi?
- Təbii. Burada artıq milli maraq yoxdur. Rusiya da, Çin də istəmir ki, İran parçalansın. Hətta ermənilər də bunu arzu etmir. Yəni bütün qonşularının İrana münasibəti budur.
- ABŞ və İsrailin İrana təzyiqləri bir nəticə verəcəkmi, yoxsa sonda tərəflər diplomatik danışıqlarla razılığa gələcəklər?
- İran siyasəti hiyləgər siyasətidir. İranın başında duranlar guya azərbaycanlılardır. Amma elə bir hiyləgər siyasət var ki, vəzifədə olan azərbaycanlılar farsdan daha çox farsçılıq edir. Belə problemlər var. Mənin istəyim odur ki, oradakı soydaşlarımız ana dilində təhsil almaq imkanında olsunlar.