May ayının 1-dən bu günə qədər kənd təsərrüfatı nəqliyyat vatisələri ilə 13 hadisə baş verib. Nəticədə 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Dövlət Yol Polisi İdarəsi Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyev kənd təsərrüfatı nəqliyyatı vasitələrinin yollarda hərəkət qaydalarını pozmasının yaratdığı problemlərdən də danışıb:
“Bizi narahat edən məsələ nasaz xairic işıq cihazları olan nəqliyyat vasitələri, arxasında kotan olan tarktorların hərəkətidir. Həmin traktorların gecə vaxtı hərəkəti tamamilə qadağan edilib.
Düzdür, bu nəqliyyat vasitələrin nə üçün avtomobil yolu ilə hərəkəti, bu nəqliyyat vasitələrindəki çatışmazlıqlar bəllidir. Bir kombayn yola çıxanda yolun yarıdan çoxunu tutursa, bu, artıq digər nəqliyyat vasitələrinin hərəkətinə problem yaradır”.
Kamran Əliyev onu da vurğulayıb ki, bu nəqliyyat vasitələrinin texniki sazlığı da ciddi problemdir:
“Sovet dövründə onların texniki imkanı tez-tez yoxlanılırdı. Onların yoxlanması bu gün də vacibdir. Bundan başqa, nə qədər traktor sürücüsünü sərxoş halda saxlayırıq. Onlar düşünürlər ki, onsuz da traktordu, yol polisi saxlamayacaq.
Bu sahədə problemlərin qarşısını almaq üçün həmin nəqliyyat vasitələrinə texniki nəzarəti gücləndirmək lazımdır.
Kənd tərərrüfatı ilə bağlı bizi narahat edən bir sıra məqamlar var. Məsələn, minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının gətirilməsi də problemdir. Gecə saat 1-dən sonra yola çıxan və gün ərzində istirahət etməyən insanlar da nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır”.