26 İyul 2018 15:06
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını zamanın tələblərinə uyğun olaraq ən yüksək formada həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında da dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb.

Hərbi prokuror bildirib ki, 2018-ci ilin birinci yarısı bir sıra ölkə miqyaslı mühüm hadisələrlə yadda qalıb. Həmin hadisələrdən ən başlıcası aprelin 11-də demokratik, şəffaf və ədalətli şəkildə keçirilən növbədənkənar prezident seçkilərində Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın böyük əksəriyyətinin inam və etimadını qazanaraq 86 faiz səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsidir.

Hesabat dövründə baş verən mühüm hadisələrdən biri də xalqımızın və dövlətçiliyimizin taleyində misilsiz rolu olan, müasir müstəqil Azərbaycanın qurucusu və memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilərək silsilə tədbirlərin keçirilməsi və əbədiyaşar liderimizin xatirəsinin dərin ehtiramla anılması olub.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq cari ilin birinci yarısında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi geniş qeyd olunub. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” sözləri xalqımızın qədim və zəngin dövlətçilik tarixinə dövlətimizin başçısı tərəfindən böyük ehtiramın göstəricisidir.

Xanlar Vəliyev xüsusi vurğulayıb ki, ölkəmizin həyatında yüksək fəallıq göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət ölçüyəgəlməzdir. Mehriban Əliyeva Azərbaycanın “ağıllı gücü”nü təmsil edən şəxsiyyətlərdəndir. Hazırda dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün “ağıllı güc” amili aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət və incəsənətə himayədarlıq edərək xalqımızın mədəni irsinin dünyada tanınmasında müstəsna xidmətlər göstərib, humanist, xeyriyyəçi və şəfqətcil Azərbaycan xanımının müasir ideal modelini yaradıb.

Bildirilib ki, həyata keçirilmiş dərin iqtisadi islahatlar nəticəsində 2018-ci ilin birinci yarımilliyində də yerli investorlarla yanaşı, xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 6 milyard dollar sərmayə qoyulub, ixrac olunan məhsulların həcmi 34 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb, 67 min yeni iş yeri açılıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 2018-ci ilin birinci yarısında iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Həmçinin Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin və TANAP-ın rəsmi açılışının olması, TAP-ın icrası istiqamətində önəmli addımların atılması hesabat dövründə dövlətimizin əldə etdiyi mühüm siyasi və iqtisadi uğurlardandır.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, 2018-ci ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib. Bildirilib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 50 faiz təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 6 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror qeyd edib ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Cari ilin birinci yarımilində hərbi prokurorluq orqanlarında vətəndaşların 1036 müraciətinə baxılıb, 568 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 1615 vətəndaşın fərdi qəbulu aparılıb. Bilavasitə hərbi hissə və birləşmələrdə 1166 nəfər qəbul edilib və onların müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, onlara əməl olunması hər bir əməkdaşdan ciddi tələb edilib.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 7-də Respublika Hərbi Prokurorluğunda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad olunub, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Milli Məclisin deputatlarının iştirak etdikləri tədbir Azərbaycan Televiziyası, AZƏRTAC və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bundan əlavə, bu il Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində bayram tədbirlərinin keçirilməsinə, eləcə də hərbi qulluqçularla görüşlərə dair birgə tədbirlər planları hazırlanaraq təsdiq edilib. Müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə keçirilən tədbirlərin mədəni-kütləvi hissəsi yüksək səviyyədə təşkil olunub. Tədbirlər Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələri ilə yanaşı, Müdafiə Nazirliyi üzrə 15 hərbi hissədə keçirilərək cəbhəboyu yerləşən bütün hərbi hissələri əhatə edib. Həmin tədbirlərdə, həmçinin xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətini stimullaşdırmaq məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən 115 hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib. Keçirilmiş görüşlər kütləvi informasiya vasitələri və müxtəlif internet saytları vasitəsilə ətraflı işıqlandırılıb.

Bildirilib ki, 2018-ci ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanlığının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilərək səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib.

Bu ilin birinci yarısında Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülüb. Cəmiyyətdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, azərbaycanlıların kütləvi qırğınları barədə gənclərin məlumatlandırılması və düşmən tərəfindən törədilmiş cinayətlər haqqında obyektiv həqiqətlərin ictimaiyyətə çatdırılması üçün müxtəlif dövlət strukturları və ictimai təşkilatlara məktublar göndərilib. Muzeyi ziyarət edən 3957 nəfər üçün ekskursiyalar təşkil olunub.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Məclisinin deputatları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndələri və Xocalı sakinləri iştirak ediblər.

Həmçinin martın 31-də Memorial Soyqırımı Muzeyində Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş geniş elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsi üçün Xüsusi İstintaq Şöbəsi ilə birgə zəruri təşkilatı tədbirlər görülüb. Tədbirdə Milli Məclisinin deputatları və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Hər iki konfrans da Azərbaycan Televiziyası, AZƏRTAC və digər mətbu orqanlarında geniş işıqlandırılıb.

Xanlar Vəliyev bildirib ki, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 8 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən, məharət dərəcələri verilib, 11 hərbi prokurorluq işçisinə əvvəllər verilmiş məharət dərəcələri artırılıb, 1 nəfərin məharət dərəcəsi ləğv edilib, 1 nəfərin məharət dərəcəsi bir pillə aşağı salınıb.

Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 10 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilib, 11 işçi müxtəlif medallarla təltif olmuş, 34 əməkdaşa rütbələr verilib.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Müşavirədə respublika hərbi prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə pollkovniki Toğrul Hüseynov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıblar. Çıxış edənlər nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirəyə yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər