27 İyul 2018 11:53
3 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölüm sadəcə fiziki yoxluğum olacaqdı. Dostların nekroloqları, bir-iki xatirə yazısı, bəlkə yarımçıq qalmış kitabların çapı, vəssalam... Unudulub gedəcəkdim. Bu, onsuz da gec-tez baş verəcək. Öldükdə hər şey bitirsə, ardını düşünməyə dəyməz...”

Yazıçı Cəlil Cavanşir belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Sizin intihar cəhdinizlə bağlı çox danışıldı, siz də çox yazdınız. Qınayanlar da oldu, haqlı tərəfləri görüb sizə haqq qazandıranlar da... Şübhəsiz ki, bunların heç biri sizi narahat edən məsələlərin həlli deyil. Bəzi məqamlar yenə qaranlıqdır. Nə baş verirdi, Cəlil bəy?

- Hər kəs ehtimallar irəli sürməkdə və buna inanmaqda sərbəstdir. Bəs həqiqət nədir? Bunu sadəcə mən bilirəm və qəribədir ki, heç kəs cəsarət edib və ya lazım bilib bunu məndən soruşmur. Uzun müddətdir, şəxsi problemlərin içində itib-batmışam. Təkcə bunu deyim ki, bu il dördüncü sinfi bitirən, oxumağa hədsiz meyli və həvəsi olan oğlum bu günəcən 5 məktəb dəyişib.

Övladlarımın taleyi məni həmişə narahat edib. Qızımı bəzən aylarla görə bilmirəm. Eyni zamanda, oğlum bacısını aylarla görə bilmir. Bütün bunlar mənim şəxsi faciələrimdir. Kirayələrdə yaşamaq, şəxsi həyatımdakı uğursuzluq, övladlarımın ehtiyacını ödəmək üçün gecə-gündüz çalışmağım əsəblərimi pozmuşdu.

Təbiətcə həssas insanam, soyuqqanlı ola bilmədiyim üçün bəzən toparlanmağım da hədsiz çətin olur. Son aylarda əsəblərim dəhşətli şəkildə pozulmuşdu. Bunu hiss etsəm də, həkimə müraciəti ləngidirdim. Eyni zamanda dostlarla da görüşmürdüm. Demək olar ki, özümü təcrid etmişdim. İçkidən də uzaqlaşıb, özümü sakitləşdirməklə məşğul idim. İki aydan çox idi intihar haqqında düşünürdüm.

Dəfələrlə sevdiyim qadın dəstək oldu, bir müddət oğlum yanımda qaldı, fikirlərimdən daşındım, bir müddət intihar fikirindən uzaqlaşdım. Amma qəfildən uzun müddət məni narahat edən, əzab verən, qorxduğum və rahatlığımı pozan hadisə baş verdi. Özümü toparlamağa çalışsam da, o anda əsəblərimə hakim ola bilmədim.

Bəzən bir qığılcım belə, böyük bir yanğına səbəb olur. Bunun şou olduğunu deyənlər, yazanlar oldu. Qəribədir, ölsəm nə düşünəcəkdilər? 11-ci mərtəbədən atılmağıma qardaşım mane oldu. Bu hadisədən sonra həyətimizdə günlərlə kəndir axtardım. Amma yavaş-yavaş ölmək istəyim keçib getdi.

İnsanların qınağını, qəzəbini başa düşürəm. Hamı özü üçün qorxur. İctimai bir adamın bu addımı olduqca pis nümunədir. Üstəlik, intihar cəhdindən sonra ölməyib yaşayırsansa, bu, həm doğmaların, həm də digərləri üçün narahatlıq yaradır. Bu hadisənin tezliklə unudulmasını istəyirəm. Mümkün qədər unudulsun, insanlar rahat nəfəs alsın.

Sadəcə hər gün baş verən intihar hadisələri bir qədər də mənə qarşı nifrəti körükləyir. Nə qədər çətin olsa da, mən bu nifrəti qəbul edirəm. Yatsam yuxuma da girməzdi ki, hər zaman anlamağa, başa düşməyə çalışdığım insanlar mənə nifrət edəcək. Təbii ki, dəstək olan, anlayanlar da var. İnsanlardan sadəcə anlayış gözləyirəm.

- Doğma insanlar məlumdur, az-çox onların nə çəkəcəyi, nə çəkdiklərini təsəvvür edirik. Bəs sizi itirsəydik, bu, ədəbiyyatımız üçün hansı hadisə olardı?

- Sağ qaldığım üçün əminliklə deyirəm ki, mənim ölümüm heç nəyi dəyişməyəcəkdi. Ədəbiyyatımız ərköyün, həssas bir qələm adamını itirəcək, sonra bu boşluğu başqaları dolduracaqdı. Bir neçə kitab, bir neçə şeir geri düşəcəkdiniz, vəssalam... Tez-tez intihar etmiş, öldürülmüş, dünyadan vaxtsız köçmüş dostlarımı düşünürəm.

Mənim qədər həssas bir neçə dostum məni tez-tez xatırlayacaq, içki məclislərində bir neçə badə də mənim ağrılarıma içiləcəkdi.

Ölsəm valideynlərim daha çox əzab çəkəcək, övladlarım köməksiz qalacaqdı. Ədəbiyyat isə hansısa şairin, yazarın ölümüylə itirmir. Çünki səndən sonra bircə şeir qalırsa, sən də qalırsan. Məndən sonra isə 8 kitab, 16 tərcümə kitabı qalacaqdı.

Ölüm sadəcə fiziki yoxluğum olacaqdı. Dostların nekroloqları, bir-iki xatirə yazısı, bəlkə yarımçıq qalmış kitabların çapı və vəssalam. Unudulub gedəcəkdim. Bu onsuz da gec-tez baş verəcək. Öldükdə, hər şey bitirsə, ardını düşünməyə dəyməz.

- Amma diqqəti ən çox cəlb edən intihar cəhdini bir qadına görə etməyinizlə bağlı idi. Həmin vaxt siz də bir nəfərə üstüörtülü mesaj göndərdiz.

- Artıq səbəbləri izah etdim. Hadisə baş verəndə hər şey üst-üstə gəldiyi üçün kiməsə mesaj göndərmiş ola bilərəm, amma konkret olaraq heç kəsin mənim intihara cəhd etməyimlə bağlı günahı, məsuliyyəti yoxdur. Bəlkə məndə qıcıq yaradan səbəblərdən biri də sevdiyim qadınla son zamanlar anlaşa bilməməyim, son anda onun məni tərk etməyi ola bilər. Əslində məsələ hamının düşündüyü kimi sadə deyil. Həyatımdan gedən qadın da sıradan, təsadüfi bir insan deyil. Bütün arzularımı, gələcəyimi, planlarımı, bir sözlə, bütün həyatımı həsr etdiyim qadın getdi həyatımdan.

Bu, elə bir itkidir ki, məni həyatım boyu incidəcək, həyatım boyu əzab verəcək. O qadın özümə verdiyim sonuncu şans idi. Sonuncu şansımı da itirdim və artıq mənim üçün sevgi, eşq, məhəbbət, şəxsi həyatla bağlı planlar qapandı.

Nədənsə insanlar sevgisinə, hislərinə sadiq olan, dəyər verən adamları gücsüz, çarəsiz hesab edir. Yaşadıqlarıma dəyər verirəm, təsadüfi münasibətləri o qadının gəlişiylə necə qapatmışdımsa, o şəkildə də həyatıma davam edəcəm. Səhv yolda olduğumu düşünənlər öz həyatlarında bunu təkrarlamasınlar. Bu əzabı, bu ağrını, bu ümidsizliyi izah edə bilmərəm. Bəlkə nə vaxtsa, bəlkə illər sonra bu gün yaşadıqlarımı yazmaq gücünü özümdə tapdım, hələlik isə bu barədə düşünməməyə çalışıram. Hələ də mənim üçün ağırdır.

Bəzilərinə qəribə gələ bilər. Bu ucsuz-bucaqsız kainatda bir toz zərrəsi qədər dəyəri olmayan bir insanın iztirab çəkməyindən nə fayda? Gündə minlərlə insanın acından öldüyü, minlərlə qadının zorlandığı, qətlə yetirildiyi bir dünyada məni tərk edən bir qadını bu qədər sevməyim, unuda bilməməyim bəlkə də kimlərəsə görə absurddur. Mən isə düşünürəm ki, bu ədalətsiz düzənə etiraz etməyin ən sadə yolu doğru bildiklərinlə yaşamaqdır. Nə olsun ki, o qadın məni sevmir və hətta nifrət edə bilər. Baş verən hadisələrdən sonra bütün bunları təbii qəbul edirəm.

Ümumiyyətlə, hamı – ailə, doğmalar, dostlar, sevgili problemli insanlardan qaçır. Onun da gedişi bir qaçış, xilas ümidi idi. Bütün qəlbimlə onun xoşbəxt olmağını istəyirəm və bir daha təkrar edirəm ki, onun heç bir günahı yoxdur, bu qərarı artıq o getməmişdən vermişdim.

- Belə desək, sizin üzüntülərinizin içində qadınlar hansı yerdə dayanır? Bu barədə italyan yazıçısı Pavezeyə oxşayırsız, o deyirdi ki, qadınların onun üzərində təsiri yoxdur, amma yaradıcılığının, düşüncələrinin əsas hissəsi qadınlarla bağlıdır...

- Üzüntülərim şəxsi uğursuzluqlarımla bağlıdır. Heç vaxt sevgisizlikdən əziyyət çəkməmişəm. Hətta o xoşagəlməz hadisədən sonra da hər gün onlarla sevgi mesajı alıram. Qadınlar üçün həmişə maraqlı kişi olmuşam. Bəlkə şeirlərimə, bəlkə düşüncələrimə görə məni seviblər. Amma mən bu sevgidən sui-istifadə etməmişəm. Bəlkə də qayğısız və daha gənc vaxtlarımda məni sevən qadınların sevgisindən istifadə edirdim, sonradan buna sadəcə sayğı duymaqla kifayətləndim.

Ümumiyyətlə, qadınların etibarına və dostluğuna həmişə daha çox güvənmişəm. Nə qədər yanılsam da, qırılsam da, üzülsəm də, qadınlardan şikayətçi deyiləm. Bir neçə uğursuzluğa görə bütün qadınlara düşmən mövqedə ola bilmərəm. Bir qadını qarşılıqsız sevə bilmək belə böyük xoşbəxtlikdir. Dəxli yoxdur o qadın bu sevgiyə layiqdir, yoxsa yox.

Sevdiyimiz birinin varlığı belə, ona dəyər verməyimizə, şükranlıq duymağımıza kifayətdir. Başda anam olmaqla bütün qadınların sevgiyə və sayğıya layiqdir.

- Bakıdan getmisiniz və qayıtmağı düşünmürsüz. Belə bir təsəvvür yaranır ki, problem bir az da Bakıdadır. Bakı adamı depressiyaya salır. Birmənalı qəbul edilməyən bu şəhər haqda fikriniz nədir? Çünki bir dəfə də getmişdiniz, amma geri qayıtdınız...

- Mən Bakıdan çoxdan getmişəm. Ruhani mənada Bakı artıq mənim üçün çoxdan bitib və o gedişdən sonra Bakıya qayıda, isinişə bilmirəm. Bakıyla bağlı bütün arzularımı çoxdan dəfn eləmişəm. Bakı ruhsuz, soyuq, yad bir yerdir mənim üçün. Bəlkə, nə vaxtsa qayıdıb yaşayacam, amma laqeyd, biganə insanların şəhərini heç vaxt sevə bilməyəcəm. Sadəcə ölkəmin, canımdan çox sevdiyim ölkəmin paytaxtıdır Bakı. Mədəniyyət, teatr, kino, ədəbiyyat bu şəhərdə yaranır. Əksər oxucularım, sevdiyim insan bu şəhərdədir. Bu baxımdan Bakı mənim üçün üzüntülərimin, ümidsizliklərimin, xəyal qırıqlıqlarımın şəhəridir.

“Yaşıl Çam” filimlərinin qəhrəmanlarının “Səni yenə yenəcəm, İstanbul!” dedikləri səhnələri xatırlayın. Bəli, İstanbul şəhərdir, onunla mədəni, kültürəl bir savaş vermək, onu dəyişməyə çalışmaq başqadır. Bakı barədəsə bunu düşünmək olmur. Bakı çoxdan yenilib. Ruhaniyyəti olmayan bom-boz şəhərdə böyük sevgilər, böyük davalar, böyük mübarizələr olmur. Biz ən yaxşı halda bu şəhərə uduzub, onun ruhsuz küçələrində dolaşan adi səfillərdən ola bilərik.

Əgər səfil olacağamsa, elə öz kəndimdə, az-çox ruhaniyyəti olan bir məkanda səfil olmağı seçərəm. Ən azından, doğulduğum kənddə başımın üstündə bir dam olacaq, kirayə puluna görə küçəyə atılmayacam, uduzduğumu, məhv olduğumu nadan, qəlbsiz, cahil, qəddar adamlar görməyəcək.

- Sözün açığı, mən düşünürəm ki, bizim əsas problemimiz insanlarla bağlıdır. Bu haqda fikriniz nədir?

- İnsanlar arasındakı hansı münasibətlərdə problem yoxdur ki? İnam, etibar, sədaqət, sevgi, dostluq… Bütün münasibətlərdə problem var və bu problemlər getdikcə dərinləşir. İnsanlar üçün hər şey adiləşib. Sosial şəbəkələr, müvəqqəti münasibətlər, ucuz şöhrət, ötəri hislər gerçək olan hər şeyi üstələyib. Bütün problemlərin kökü insani münasibətlərin çöküşüdür. Məni ən çox düşündürən odur ki, illərlə həyəcan siqnalı kimi yazdıqlarımı bircə-bircə özüm yaşadım. İnsanları pisliklərdən uzaqlaşdırmağa çalışdıqca, sanki bütün pisliklər məni tapdı.

Etiraf edim ki, bu cəmiyyətə, ruhsuz və biganə insanlara uduzmuşam. Amma mübarizə əzmim hələ qaydasındadır. Sözsüz ki, hamını dəyişə bilməyəcəm. Bəlkə 5-10 nəfərə faydam toxunar ümidi ilə yazıram. Elə bu suallara da ətraflı cavab verməyimin səbəbi budur. Bəlkə kimlərsə mənim yaşadıqlarımdan dərs çıxara, mənim yaşadıqlarımı yaşamaya.

- Deyirlər, Cəlil Cavanşirin və digər yazarların əsas problemi oxucudur. Bu istiqamətdə əsas problem nədən ibarətdir – oxucu var, oxuyur, amma başa düşmür, yoxsa heç oxumur?

- Mənim qətiyyən oxucu problemim yoxdur. Yəni, kütləvi şəkildə oxunmağı arzulamadığımı, ədəbiyyatdan böyük gözləntilərim olmadığını dəfələrlə bəyan etmişəm. Yazdıqlarımı anlayan, dəyər verən kifayət qədər oxucum var. Nə vaxtsa oxucu azlığından yox, kitab satışının bərbad vəziyyətindən şikayətlənmişəm. Bunlar fərqli məsələlərdir.

Təbii ki, kitablarım normal şəkildə satılsa, maddi vəziyyətim yaxşı olar, sıxıntılarım azalar. Amma mən milyonçu da olsam, içimdəki mənəvi boşluq, mənəvi ağrılar mənimlə qalacaq.

- Sosial şəbəkədə və bundan kənarda özünüzü tanıda bilmiş yazarlardansınız. Haqqınızda xoş fikirlər var. Bəs siz özünüz haqda hansı fikirdəsiniz?

- Mən sevilən, oxunan imzayam. Ən az bu hadisəyə qədər belə idi. İstedadım, intellektim, savadım oxucularım üçün faydalıdır. Çox yaxşı olar ki, oxucular mənim şəxsi həyatımdan sadəcə dərs çıxarsınlar. Sadə bir oxucu kimi düşünürəm ki, gözəl şeirlər, romanlar, hekayələr müəllifi, həyatını ədəbiyyata həsr etmiş Cəlil Cavanşiri sevmək, yanında olmaq lazımdır. Şəxsən mən oxucu kimi, Cəlil Cavanşirin ədəbiyyatda olmasına, yazmasına, bu cəmiyyət üçün çalışmasına sevinirəm. Çünki heç vaxt vicdanımı satmamışam və hər zaman həqiqətin tərəfində olmuşam. Cəlil Cavanşiri sevmək, həqiqəti, ədaləti, sevgini, ədəbiyyatı sevməkdir. Bu baxımdan əminəm ki, oxucularım düz yoldadır. Mən isə həm məni sevənləri, həm də sevməyənləri, qınayanları, ələ salanları sevirəm.H eç vaxt nifrət etməyi bacarmamışam və bacarmayacağam.

- Əlbəttə, istedadlı yazarsınız, bu tərəfdən baxanda hər şey yaxşı olacaq…

- Ən az sizin qədər nikbin olmaq istərdim. Bundan sonra şəxsi həyatımda nələrinsə yaxşı olacağına inanmıram. Açığı, bunun üçün heç nə etməyəcəm. Sadəcə yazacam, oxuyacam və övladlaarım üçün çalışacağam. Ədəbi karyerama isə qaldığım yerdən davam edəcəyəm. Aylar öncə yazmayacağımı demişdim, amma bu mərhələ bitdi. Yazacağam, çap etdirəcəyəm və oxunması üçün çalışacağam. Bundan sonra da kitab təbliğatı ilə, insanların maariflənməsi ilə məşğul olacağam.

Bəlkə bir gün dəli olub küçələrə düşəcəm, bəlkə bir gün hamının yadından çıxıb unudulacağam. Artıq heç nə məni narahat etmir. Bir insanın yaşaya biləcəyi bütün ağrıları yaşamışam. Bundan sonra nə bacarıramsa övladlarım üçün, bütün insanlar üçün edəcəm.

- Haqlısız, ədəbiyyat sizin xilasınız ola bilər…

- Hələ ki yazmaqdan başqa yolum yoxdur. Daha doğrusu, yazmaqdan başqa çox az bacarığım var. Yaşamaq üçün əsas stimullardan biri də yazmaqdır. Yaşantılarımın maraqlı, ibrətamiz detallarını yazmağa davam edirəm. Ədəbiyyat, yazmaq məni xoşbəxt edir. Ona görə də bütün olanlara rəğmən qan əvəzinə mürəkkəbi seçirəm.

– Sizin ətrafınızda baş verənlər qəribə suallar yaratdı. Əsas problem nədir, Cəlil bəy? İnsan var, yaradıcı bir enerji, güc var... Nə istəyirlər insanlardan, ya belə desək, insan nə istəyir?

- Əsas problem insandır. İnsanlar sevgidən, dürüstlükdən, səmimiyyətdən və ruhaniyyətdən uzaq düşüb. Maddiyyat əksəriyyətin gözünü qapayıb. Bizi yaşadan əsas şeyləri unutmuşuq. Məncə, milyonlar, dəbdəbəli villalar, bahalı avtomobillər, parıltılı həyat ötəri, gəldi-gedərdi. İnsanoğlu böyük mənada sevgidən uzaq düşüb. Xilasımız sevgidədir.

- Sevgi demişkən… Niyə daha çox sevgidən yazırsız?

- Bir az qəribə sualdır. Nə edim, nifrətdən yazım? Zorakılığı, səfehliyi, bivecliyi təbliğ edim? İnsanlar onsuz da mənfi enerji ilə yüklənib. Mən də inadına sevgidən yazıram ki, heç olmasa bu neqativliyin içində sevə bilənlərin ümidi olsun. Bütün yaşadıqlarıma rəğmən, sevginin xilasedici gücünə inandığım, insanların sevgiyə ehtiyacı olduğunu düşündüyüm üçün sevgidən yazıram. Hələ də sevdiyim, sevginin mənə güc verdiyini hiss etdiyim üçün sevgidən yazıram. Sevgi hər şeyə qadirdir. Bu gün yaşayıramsa, demək içimdəki sevgi ölməyib.

- Növbəti kitabınız haqda danışırdız...

- Hazırda iki kitabımı tamamlamışam. Son dörd ildə yazdığım şeirlərdən ibarət bir kitab və bir roman artıq hazırdır. Hələ ki hazırlıq prosesindəyəm. Sentyabr ayında oxucularımla görüşməyi arzulayıram. Ümid edirəm ki, işlər arzuladığım şəkildə gedəcək və tezliklə kitablarımı oxuculara təqdim edəcəyəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər