28 İyul 2018 12:59
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün qədim Albaniyanın yadigarlarından olan udinlərin məşhur Cotari kilsəsini ziyarət etmək üçün Qəbələnin Nic kəndinə getdik.

Kilsə darvazasının yanındakı lövhədə yazılıb: “Azərbaycan Respublikası. Alban-Udi xristian icması. Müqəddəs Yelisey adına Cotari kilsəsi”.

Kilsənin həyətində səssizlikdi. Darvaza açıq olduğu üçün həyətə daxil olduq. Bizi qarşılamağa kimsə çıxmadı. Kilsənin bağlı olacağını düşündük. Qəribədir, kilsənin qapısı da açıq idi, amma içəridə heç kim yox idi. Görünür, Tanrı evinin qapısını daim açıq qoymağı lazım biliblər.

Kilsənin içərisində Həzrəti İsa və digər müqəddəslərin müxtəlif təsvirləri, xristianlığın simvolları və kitablar vardı. Onların arasında mənə ən maraqlı görünən norveçli tədqiqatçı, Albaniya xristianlığına böyük maraq göstərən Tur Heyerdala həsr olunmuş kitab idi. Orda bəndənizin də Heyerdalın xatirəsinə həsr etdiyi bir şeiri mövcuddur.

Tarixi arayış

Tarixi məlumatlara görə, bu xalqın əcdadı olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var.

E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən söhbət açılıb. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən udinlərin yaşadığı göstərir.

Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfasından biridir.

Məşhur Alban tarixçisi Musa Kalankatlı da Uti vilayətindən olub. “Albaniya tarixi” əsərində belə bir qeydi var: “…Qaçanların ardınca yönəlib bir qismini Uti vilayətində yerləşən, ana yurdum olan böyük Kalankatuk kəndiylə üzbəüz dağın ətəyində haqladılar”.

Cotari kilsəsi

Hazırda Nic qəsəbəsində 3 kilsə, 2 məscid var. Onlardan ən böyüyü Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülüb. Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərmiş kilsə 2003-cü ildə bərpa edilib, 2006-cı ildə dindarların istifadəsinə verilib.

Cotari kilsəsi böyük zaldan və onun üzərində ucaldılmış çadırabənzər damı olan kiçik zəng qülləsindən ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub.

Çar Rusiyası dövründə Alban kilsəsi erməni qriqorian kilsəsinin birbaşa tabeçiliyinə verilib. Lakin udinlər öz dili, mədəniyyəti və Alban kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyib, ibadətlərini evlərində ediblər.

Udinlər kompakt şəkildə bu qəsəbədə yaşayırlar. Ölkə üzrə ümumi sayları 4500 nəfərə yaxındır. Nicdə isə 3700 udin var. Dünyada onların sayı 10 mindən çoxdur. Nic qəsəbə mərkəzində “Orayin” Udin Mədəniyyət Mərkəzi inşa edilib.

Azərbaycan dövləti udin vətəndaşlarına mütəmadi diqqət göstərir. Məsələn, elə bu ilin 11 iyununda “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən, Alban-Udi Xristian dini icmasına 100 (yüz) min manat ayrılıb.

Alban-Udi kilsəsinə xaricilərin də böyük marağı var. Ölkəmizdəki səfirlər bu məbədi ziyarət ediblər. 2013-cü ildə bu kilsədə olan ABŞ-ın sabiq səfiri R.Morninqstar təəssüratını belə ifadə etmişdi: “Müsəlmanlar, xristianlar, yəhudilərin bir yerdə dinc şəraitdə yaşaması Azərbaycan üçün başucalığı gətirən bir faktdır”.

Robert Mobili nə yazır?

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilidir. O, həm də Bakı Dövlət Universitetinin böyük elmi işçisidir. Tədqiqatlarında udinlərin tarixi, mədəniyyəti önəmli yer tutur.

Mobili yazır ki, ilk udin məktəbi 1854-cü ildə açılıb, daha sonra tədrisin rus dilində aparıldığı kənd məktəbi fəaliyyətə başlayıb. 1931-1933-cü illərdə udinlər öz ana dilində, 1937-ci ildən etibarən Azərbaycan dilində təhsil alıblar. Hazırda 52 səsdən ibarət udi dili üçün latın qrafikasına əsaslanan və əlavə işarələrin daxil edildiyi əlifbadan istifadə olunur.

Udinlərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində isə orta məktəblərin ibtidai siniflərində ana dili tədris olunur. 2010-cu ilin ortalarında 9000-dən artıq söz, söz birləşməsi və frazeoloji ifadədən ibarət udincə-azərbaycanca-rusca lüğət buraxılıb. 1893-cü ildə udin Semyon Bejanov İncili udin dilinə tərcümə edib. Şərqşünas, filologiya elmləri doktoru, Nic kəndindən olan udin Q.Voroşil qədim türk, udi və Azərbaycan dilçiliyinə dair olduqca qiymətli elmi məqalə və monoqrafiyaların, həmçinin ilk udincə-azərbaycanca-rusca lüğətinin müəllifidir.

Udinlər “Maykrosoft” şirkətində çalışan, “EverNote” proqramı əsası qoyan həmvətənləri Stepan Paçikovu ilə fəxr edirlər.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər