“Miryusif Mirzəzadə Azərbaycan Milli Konservatoriyasında tələbəm idi. Onun bu il sinifdə olmayacağını təsəvvür edə bilmirəm”.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Arif Babayev gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun qəzada dünyasını dəyişməsi xəbərindən danışarkən deyib.
Xalq artisti hadisəni ilk dəfə eşidəndə inana bilmədiyini deyib:
“Xəbəri eşitdim, inana bilmədim. Miryusifin əmisi oğlu Səbuhi də mənim tələbəm olub, zəng edib ondan soruşdum. Çox pis oldum. Miryusif həddən artıq tərbiyəli oğlan, yaxşı xanəndə, çox istedadlı gənc idi. Xəbəri eşidəndən özümə gələ bilmirəm. Miryusif çox gözəl xanəndə idi. Hadisənin necə baş verdiyi dəqiq bilmirəm. Novruz Hüseynovu da Muğam Müsabiqəsindən tanıyıram. Hər ikisi çox yaxşı gənc idi. Allah hər ikisinə rəhmət eləsin”.
Xanəndə Mənsum İbrahimov da hadisə barədə yenicə xəbər tutduğunu və çox pis olduğunu deyib:
“Hazırda xaricdəyəm, hadisə barədə ancaq telefonla məlumat ala bilmişəm. Hər ikisi Muğam Müsabiqəsinin dəyərli iştirakçıları idi. Hadisəni eşitdim, çox pis oldum. Hər ikisini müsabiqədən tanıyırdım, istedadlı, tərbiyəli gənclər idi. Hər ikisi Azərbaycan Milli Konservatoriyasında təhsil alırdı. İki azərbaycanlı gəncin həlak olması çox üzücü bir xəbərdir. Onlar həm də muğam sənəti üçün də itki hesab olunurlar. Hər ikisinin valideynlərinə səbr diləyirəm. Allah rəhmət eləsin”.
Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolundabu gün qəzaya düşüblər. Dəhşətli qəza zamanı hər iki xanəndə dünyasını dəyişib.