Qanuna görə, orta məktəb və universitelərdə dərslər fars dilində keçirilir. Bu, başadüşüləndir. Lakin digər dillərin də tədris edilməsi üçün xüsusi proqram hazırlanmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur deyib.
O, İran hökumətindən qeyri-fars dillərin tədris edilməsini tələb edib:
“Bununla bağlı Təhsil Nazirliyinə təkliflər vermişik. Təəssüflər olsun ki, onlar bu istiqamətdə çox az iş görüblər.
Digər qeyri-fars dillərin, o cümlədən türk dilinin bölgədəki universitetlərdə tədris olunması, həmçinin bu ixtisas üzrə ali məktəblərə tələbə qəbulunun təşkil edilməsi vacibdir. Fikrimcə, bu, bölgələrdə iqtisadi inkişafa da təkan verərdi”.
Millət vəkilinin sözlərinə görə, öz dillərində təhsil almaq İranda yaşayan bütün xalqların konstitusion haqqıdır: “Bütün İran vətəndaşları bərabər hüquqa malik olduğunu bilməlidir. Buna görə də ölkənin rəsmi dili ilə yanaşı, digər yerli dillər də təhsil prosesinə cəlb edilməlidir”.
Qeyd edək ki, Təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu əsas gətirərək, məktəblərdə tədrisinin qadağan edildiyini açıqlamışdı.
Nazirin irqçi fikirləri Güney Azərbaycanda etirazlara səbəb olub.