Beynəlxalq Ordu Oyunları bu il 28 növ üzrə 7 ölkədə keçirilir. Hazırda Azərbaycanda keçirilən hərbi dəniz oyunları – “Dəniz kuboku-2018” Azərbaycan, Rusiya, İran və Qazaxıstan dənizçilərinin iştirak etdikləri yarışdır. Bu yarışlar avqustun 1-də başlayıb və aktiv fazası ayın 11-də tamamlanacaq.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, bu müddətdə yarışlar 3 mərhələ üzrə keçiriləcək:
“Birinci mərhələdə dəniz hazırlığı üzrə yarışlar keçirilib. İkinci mərhələ artıq bu gün başlayıb. Burda dənizdə təhlükəsizlik tədbirləri, yəni, gəmiyə daxil olan suyun qarşısının alınması, xilasetmə tədbirləri və sair nəzərdə tutulub. Üçüncü mərhələ isə hərbi gəmilərdən atəş açma, atış hazırlığı ilə bağlıdır. Yəni, bu istiqamətdə yarışlar olacaq. Avqustun 11-dən sonra isə aktiv faza başa çatır və idman yarışları keçiriləcək. Bu, daha çox yoldaşlıq yarışları olacaq. Qayıqsürmə, avarçəkmə və sair. Yəni, “Dəniz kuboku-2018” yarışları bu şəkildə keçiriləcək”.
Ş.Ramaldanov deyib ki, əlbəttə, Azərbaycan hərbçilərinin hər hansı yarışda, indiki halda dənizçilərimizin “Dəniz kuboku-2018”də iştirakı onların hazırlıq səviyyəsinin yüksəlməsində, böyük dövlətlər arasında özünəməxsus yer tutmasında mühüm rol oynayır:
“Mən inanıram ki, bizim hərbi dənizçilərimiz həmişə olduğu kimi yüksək yerlərdən birini tutacaqlar. Onu da deyim ki, Beynəlxalq Ordu Oyunları çərçivəsində Qazaxıstanda keçirilən artilleriya üzrə yarışda bizim atıcılarımız artıq ikinci yeri tutublar. Düşünürəm ki, bizim hərbi dənizçilərimiz də onlardan geri qalmayacaq. Əlbəttə, bu həm peşəkarlığın yüksəldilməsi, həm də təcrübə mübadiləsinin aparılması baxımından mühümdür. Bu oyunların Azərbaycan hərbi dənizçiləri üçün əhəmiyyəti həqiqətən də böyükdür. Ona görə də biz yarışların bundan sonrakı mərhələsində də hərbi dənizçilərimizə uğurlar diləyirik. Düşünürəm ki, onlar ölkəmizi layiqincə təmsil edərək Hərbi Dəniz Qüvvələrinin hazırlıq səviyyəsinin yüksək olduğunu, onun gücünü bir daha nümayiş etdirəcəklər. Oyunlara qatılan ölkələr bizim hərbi dənizçilərin peşəkarlıq səviyyəsinin yüksək olmasına özləri şahid olacaqlar”.