Anar Nağılbaz REAL Hərəkatına üzv olmuşdu, amma onun partiya üzvlüyü yox idi. Respublikaçı Alternativ hərəkatı partiyaya çevriləndə üzvlüklə bağlı müraciət etməmişdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında REAL partiyasının Məclis üzvü Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Anar Nağılbazla REAL-ın keçirdiyi tədbirlərdə iştirak edərkən tanış olub: “Bir neçə mühazirəmizin dinləyicisi olmuşdu, ancaq 3 ilə yaxındır birbaşa əlaqəmiz yox idi. Onun ölümü Azərbaycan rep mədəniyyəti üçün böyük itkidir. Anar Nağılbazın həyat tərzi, dünyagörüşü, açıqlamaları, yaşadıqları birmənalı deyildi. Ona görə də insanlar tərəfindən heç zaman birmənalı qarşılanmırdı. Hər halda rep mədəniyyətinin yaranması və oturuşmasında önəmli rol oynayan insanlardan biri idi”.
Natiq Cəfərli qeyd edib ki, bir neçə REAL üzvü reperin dəfn mərasimində iştirak edib: “Təəssüf özüm dəfnə gedə bilmədim. Onun gənc yaşında həyatını itirməsi ağrılıdır”.