Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində kənd sakinləri 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlunun minaya düşərək ağır bədən xəsarətləri alması xəbəri hamımızı üzdü. Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı sakinlərimizi xilas etmək, onlar kömək üçün həkimlərimiz əllərindən gələni ediblər və edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Tovuzdan seçilən deputatı Qənirə Paşayeva bildirib.
Millət vəkili Elşad Mehdiyevlə telefonda danışdığını və vəziyyətinin qənaətbəxş olduğunu deyib: “Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa həkimlə, rayon icra hakimiyyəti başçısı Məmməd müəllimlə, Əlibəyli kənd icra nümayəndəsi ilə, həkimlərlə dəfələrlə danışmışam və hər kəs Elşad və Elgün üçün əlindən gələni etməyə çalışır.
Bir az əvvəl Elşad bəylə danışdım. Çox şükür ki, qəlpə yaraları ona həyati təhlükəli vəziyyət yaratmayıb, həkimlərimizin köməyi ilə yaraları təmizlənib, müalicələr aparılır və qısa zamanda inşallah sağalacaq. 14 yaşlı Elgünün vəziyyəti isə ağırdır. Əməliyyat olunub və həkimlərimiz, rayon mərkəzi xəstəxanası, rayon rəsmiləri, hamımız onun sağalması üçün əlimizdən gələni etməyə çalışırıq.
Gəncədən də mütəxəssislər gəliblər. Yaralılarımız Səhiyyə Nazirliyinin xüsusi diqqətindədir. Bakıdan da mütəxəssislər yaxın saatlarda Tovuza çatacaqlar. Elgünün sağalması üçün bütün imkanlar səfər olunub. İnanırıq ki, yaxşılaşacaq.
Bir az əvvəl Elgünün xəstəxanada olan yaxınları ilə də danışdım və hamımızın Elgün üçün dua etdiyini və onun sağalması üçün gərəkən bütün dəstəklərin göstərildiyini və göstəriləcəyini söylədim. Allah kömək olsun. Dualarınızı əskik etməyin”.
Qənirə Paşayevanın sözlərinə görə, hadisənin baş vermə səbəbləri araşdırılır: “Öz növbəmdə bütün ön cəbhə kəndlərində yaşayan insanlarımızı ərazilərdə mina təhlükəsi ilə bağlı qurumlarımızın quraşdırdığı nişanlara hər zaman xüsusi diqqət göstərməyə və diqqətli olmağa çağırıram”.