9 İyul 2018 12:48
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

On altı əvvəl Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) maraqlı olduğunu bəyan edən və pilot ölkə kimi bu təşəbbüsə qoşulan Azərbaycan bütün dünyada təşəbbüsün otuz doqquz üzvü arasında tələblərə cavab verən iyirmi beş ölkədən biridir.

Ötən səkkiz il Azərbaycanın MSŞT-ni həyata keçirməsində mühüm dövr kimi qeydə alınmışdır. 2009-cu ilə qədər Azərbaycan təşəbbüsün həyata keçirilməsində əldə etdiyi nailiyyətlərə görə MSŞT-nin qabaqcıl ölkələrindən biri kimi tanınırdı. Lakin 2009-cu ildən başlayaraq MSŞT-də Azərbaycana qarşı kampaniya başladıldı və ölkəmiz istər-istəməz MSŞT-də öz qabaqcıl mövqeyini itirdi. 2002-ci ildə MSŞT təsis edildikdə Azərbaycan əsas qabaqcıllardan biri kimi fəaliyyətə başladı. Azərbaycan təşəbbüsün həyata keçirilməsi üçün yalnız zəruri çərçivəni təmin etmədi, həmçinin MSŞT-yə qoşulmaq üçün digər dövlətlərlə yarışdı. Zəngin neft və qaz ehtiyatları olan dövlət kimi Azərbaycan mədən sektorunda şəffaflığı artırmaq niyyətində olan dövlətlər üçün nümunəyə çevrildi. Lakin 2010-cu ildən başlayaraq, Azərbaycan qabaqcıllıqdan geri çəkildi.

Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib. Komissiya müstəqil şəkildə ilk hesabatını hazırlayıb. Hesabat 2016-cı ili əhatə edir. Hesabat əvvəlki illərin hesabatları ilə müqayisədə daha ətraflıdır. Hazırda 2017-ci ilə üzrə hesabat hazırlanmaqdadır.

Aparılan təhlillər, müşahidələr hesabatların getdikcə təkmilləşdiyini göstərir. Bununla belə vətəndaş cəmiyyətinin HSŞ prosesindəki iştirakının zəifləməsi müşahidə edilir. Doğrudur, Azərbaycan dövləti HSŞ proseslərinin ictimaiyyətə daha geniş çatdırılması, hesabaların ictimai müzakirəsinin aparılması üçün QHT-lərə maliyyə və digər yardımlar göstərir. Amma vətəndaş cəmiyyətinin qərarların qəbulu prosesindəki iştirakı əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyü aydın görünür.

Birinci mərhələ: Birinci mərhələ 2003-cü ildən 2005-ci ilə qədər olan dövrü əhatə edir, bu dövr Azərbaycanda MSŞT-nin həyata keçirilməsinin pilot mərhələsi kimi təsvir edilə bilər.

Azərbaycan təşəbbüsə pilot ölkə kimi qoşulmuş, dünyada ilk MSŞT hesabatını dərc etmiş və Azərbaycanda MSŞT-ni təsis etmiş və institusionallaşdırmışdır.

Bu dövr ərzində MSŞT-nin həyata keçirilməsi üzrə dövlət komissiyası yaradılmışdır;

Azərbaycan Dövlət Neft Fondu (ARDNŞ) MSŞT üzrə aparıcı dövlət qurumu kimi təsbit edilmişdir;

Mədən Sənayelərində Şəffaflığın Artırılması üçün QHT Koalisiyası yaradılmışdır;

Mədən sənayesi şirkətlərinin çoxu bu təşəbbüsə qoşulmuşdur;

2004-cü ilin noyabr ayında hökumət komissiyası, şirkətlər və Vətəndaş Cəmiyyəti Qarşılıqlı Anlaşma Memorandumu imzalamışdır.
Bu dövrün başlanğıcında qeyd edilən üç maraqlı tərəf bir-birini tam dəstəkləməsə də, səmərəli üçtərəfli əməkdaşlıq nəticəsində psixoloji maneələr aradan qaldırılmışdır. Belə əməkdaşlıq sayəsində Azərbaycan beynəlxalq səviyyədə MSŞT-nin həyata keçirilməsinin əsasını yaratmış nümunəvi ölkə kimi təzahür etmişdir.

İkinci mərhələ: İkinci mərhələ 2005-ci ildən 2009-cu ilə qədər olan dövrü əhatə edir, bu dövr Azərbaycanın MSŞT-yə üzv ölkə olması ilə başlayır və tələblərə cavab verən ölkə statusunu aldıqda başa çatır. Bu dövr Azərbaycanda MSŞT-nin həyata keçirilməsinin inkişaf mərhələsi kimi xarakterizə edilə bilər. Azərbaycan hər hansı digər MSŞT ölkəsindən daha çox sayda MSŞT hesabatlarını dərc etmiş və beynəlxalq səviyyədə nümunəvi MSŞT ölkəsi nüfuzunu qazanmışdır.

Bu dövr ərzində, xüsusilə 11 sentyabr 2008-ci il tarixində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında MSŞT üzrə qətnamə qəbul edilmişdir. Yekdilliklə qəbul edilmiş bu qətnamədə mədən sənayesində daha yüksək şəffaflıq və məsuliyyət tələb olunur və təcrübə mübadiləsində beynəlxalq əməkdaşlıq dəstəklənir.

Üçüncü mərhələ: Üçüncü və cari mərhələ 2009-cu il 16 fevral tarixində, Azərbaycan tələblərə cavab verən ilk ölkə və MSŞT-nin tamhüquqlu üzvü olduqda başlamışdır. Ölkənin MSŞT prosesi mühüm dəyişikliklərə məruz qalmasa da, MSŞT-nin Azərbaycan tərəfindən həyata keçirilməsi beynəlxalq müşahidə altına alınmışdır. Məsələn, 2009-cu ilin fevral ayında MSŞT-nin təsdiqi prosesi nəticəsində ortaya çıxan hesabatda MSŞTnin həyata keçirilməsində Azərbaycanın dörd sahəni təkmilləşdirməsi tövsiyə edilmişdir. Bu sahələrə aşağıdakılar daxildir:

i) hökumət, şirkətlər və vətəndaş cəmiyyətini təmsil edən çoxlu maraqlı tərəflərdən ibarət olan qrupun yaradılması; ii) iş planının hazırlanması; iii) MSŞT ilə bağlı hesabatvermənin təkmilləşdirilməsi; (iv) ictimaiyyətin diqqətinə çatdırılmazdan əvvəl MSŞT hesabatı üzrə vətəndaş cəmiyyəti ilə məsləhətləşmə aparmaq. QHT Koalisiyasının cari qiymətləndirməsi
ondan ibarətdir ki, ilk iki tövsiyə artıq nəzərə alınmışdır, sonuncularla bağlı isə indiyə kimi heç bir mühüm dəyişiklik edilməmişdir.

Bu mərhələ ərzində baxmayaraq ki, MSŞT-nin həyata keçirilmə formatı Çox Tərəfli Qrupun (ÇTQ) yaradılması və fəaliyyət planının qəbul edilməsi ilə dəyişmişdir, 2010-cu ildən sonra “durğunluq” dövrü başlanıb. Məsələn, Çox Tərəfli Qrup daxilində müzakirələr uzun vaxt apardı, xüsusilə mədən şirkətləri tərəfindən göstərilən minimalist
yanaşmasına görə səmərəsiz olmuşdur.

Bundan başqa, ÇTQ tərəfindən qəbul edilmiş qərarlar tam yerinə yetirilmir. Məsələn, ÇTQ razılaşmışdır ki, Azərbaycan hökuməti tərəfindən imzalanan bütün müqavilələr təşəbbüsün internet səhifəsində yerləşdiriləcək. Lakin indiyə kimi 26 müqavilədən yalnız 5-i internet səhifəsində yerləşdirilmişdir (baxın: http://www.eiti.az/index. php/en/senedler-2/agreements). Görünür ki, bunun səbəbi şirkətlərin güzəştə getməməsi və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mühafizəkarlığıdır. Bununla yanaşı, QHT Koalisiyası tərəfindən irəli sürülmüş bir sıra təşəbbüslər, o cümlədən Qarşılıqlı Əməkdaşlıq Memorandumunun təkmilləşdirilməsi, MSŞT haqqında qanunun qəbul edilməsi və MSŞT hesabatının hissələrə bölünməsi yerinə yetirilməmişdir.

Monqolustan və Norveç təcrübəsi ilə müqayisə

Monqolustan təbii ehtiyatlarla zəngin ölkədir, dünyanın ən böyük qızıl və mis ehtiyatlarının müəyyən hissəsinə malikdir. 1170 rəsmiləşdirilmiş mineral ehtiyat və 7654 dağ-mədən yatağı Monqolustanın iqtisadiyyatında əsas rol oynayır. Mədən sənayesi ÜDM-in 30%-ni, sənaye hasilatının 60%-ni və ixracın 90%-ni təşkil edir. Monqolustan 2005-ci ildə MSŞT-yə qoşulmuş və 2010-cu ildə tələblərə cavab verən ölkə statusunu almışdır. 2011-ci ildə Monqolustan MSŞT hesabatının davamlı təkmilləşdirilməsi və keyfiyyətinə görə MSŞT
sədrinin mükafatını almışdır.

Monqolustanda MSŞT-nin həyata keçirilməsi dövlət səviyyəsində mərkəzləşdirildiyindən, bütün əyalətlərdən əyalət və rayon səviyyələrində hökumət, sənaye və vətəndaş cəmiyyətini təmsil edən MSŞT şöbələrinin yaradılması tələb olunur. Hazırda milli ÇTQ və MSŞT Katibliyinin əsas diqqəti sədr müavinlərinin sədrlik edəcəyi bu səviyyələrdə imkanların gücləndirilməsinə yönəlmişdir. MSŞTnin həyata keçirilməsinin əyalət və rayon səviyyələrinə keçirilməsi cəhdinin əsasında hökumət, sənaye, vətəndaş cəmiyyəti və sıravi vətəndaşlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə MSŞTdən səmərəli istifadə etmək üçün milli ÇTQ-nin arzusu dayanır.

Böyük neft və qaz ehtiyatları ilə zəngin olan Norveç MSŞT-ni həyata keçirən birinci və yeganə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkəsidir. 2002-ci ilin sentyabr ayında MSŞT-nin təsis edilməsindən etibarən, Norveç bu təşəbbüsün fəal dəstəkçisi olmuşdur. 2007-ci ildən etibarən Norveç Osloda MSŞT-nin Beynəlxalq Katibliyinə ev sahibliyi edir. Norveç təşəbbüsü dəstəkləyən ölkənin həmçinin onu yerinə yetirən ölkə ola biləcəyini dünya birliyinə göstərdi. 2011-ci il 1 mart tarixində Norveç MSŞT-nin təsdiqindən
uğurla keçdi və tələblərə cavab verən ölkə oldu.

Norveç ən yaxşı MSŞT hesabatlarından birini hazırlayır. Norveçin MSŞT hesabatı hərtərəfli, oxunaqlı və praktiki cəhətdən tam faydalıdır. Norveç 4 MSŞT hesabatını dərc etmişdir, ən son hesabat 2011-ci ildə həyata keçirilmiş ödənişlər və əldə edilmiş gəlirləri əhatə edir. Norveçin MSŞT hesabatında məlumatlar şirkət və gəlir axını üzrə bölünür
və iki dövlət şirkəti – Statoil və Petoro şirkətlərinə daxil olan və çıxan gəlir axınları göstərilir. Hesabatda şirkətin ödənişləri və hökumətin gəlirləri arasında uyğunsuzluqlar izah edilir. MSŞT və onun faydalarının ictimaiyyətə çatdırılması: Sıravi norveçli ölkədə MSŞT-nin inkişafı haqqında əsaslı informasiyaya malik olmadığından, MSŞT geniş ictimaiyyətə məlum deyil. Norveçdə şəffaflığın yüksək səviyyədə olmasını nəzərə alaraq, insanların çoxu Norveçdə təşəbbüs haqqında öyrənmək və onu izləməkdə xüsusi maraq daşımır.
Bu həmçinin mövcud hesabatvermə prosesinin dar proqramına görə ola bilər. Ümid edilir ki, yeni standartlar norveçliləri MSŞT-yə cəlb olunmağa həvəsləndirə bilər, çünki burada lisenziyalar, sahibkarlıq və gəlirlərin xərclənməsi haqqında informasiya və zəruri təhlillər veriləcək.

Norveç MSŞT-nin ən mühüm xüsusiyyəti ÇTQ, xüsusilə vətəndaş cəmiyyətində bu təşəbbüsü daim inkişaf etdirmək üçün güclü marağın olmasıdır. Ona görə də, Norveç Hökuməti Şəffaflıq haqqında Qanunu tətbiq etməyi qərara almışdır, bu qanun Norveçin dövlət neft şirkəti Statoilin xarici investor kimi fəaliyyət göstərdiyi hər hansı ölkədə 1
yanvar 2014-cü ildən etibarən ölkələr üzrə hesabat verilməsini tələb edir . Ödədiyini Açıqla Norveç şəbəkəsinin baş katibinə (Mona Thowsen) görə, “Hesabatvermənin ölkələr üzrə genişləndirilməsini tətbiq etmək üçün bu, hökumət tərəfindən atılmış mühüm addımdır…

Hesabatvermənin məqsədəuyğun olmasını təmin etmək vacibdir. Lakin, qanunun hesabatverməni şirkətlərin toplu maliyyə hesabatları ilə əlaqələndirməməsi böyük narahatlıq doğuran haldır. Bu, yayınmalar üçün imkan yaradır”.

Azərbaycan üçün dərs: Azərbaycanda MSŞT–nin həyata keçirilməsinin durğunluğunu nəzərə alaraq, Norveçin təcrübəsi bir sıra faydalı dərslər təqdim edə bilər. Birinci dərs Noverçdə olduğu kimi, məlumatların etibarlılığının güclü qanunverici, institusional və şəffaf bünövrənin nəticəsi olmasıdır. Güclü şəffaflıq sisteminin olmasına baxmayaraq, Norveç ÇTQ etibarlı məlumatlara nail olur və MSŞT hesabatını daha da təkmilləşdirir. Azərbaycanın ÇTQ-si də həmçinin Azərbaycan məlumatlarının etibarlılığına, xüsusilə maliyyə hesabatı sistemi və audit tələblərinin təkmilləşdirilməsinə nail olmağa çalışmalıdır.

Azərbaycan MSŞT-nin həyata keçirilməsini gücləndirmək üçün aşağıdakı
əsas tövsiyələri yerinə yetirməlidir.

Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq gücləndirilməlidir. QHT-lərin proseslərdə iştirakının hüquqi əsasları hazırlanmalıdır. Qəbul edilən qərarlarda vətəndaş cəmiyyətinin rolu nəzərə alınmalıdır.

• Azərbaycan hökuməti tövsiyələrin həyata keçirilməsini dəstəkləməlidir.

• Yeni standartın tələblərini əks etdirmək və hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirmək üçün Qarşılıqlı Anlaşma Memorandumunu nəzərdən keçirmək və əsaslı şəkildə təkmilləşdirilməlidir.

• Yeni standartın tələblərinə uyğun olaraq iş planının məzmunu yenilənməlidir.

Hesabatı: Baxmayaraq ki, Azərbaycan HSŞ prosesində sayca ən çox hesabat dərc etmişdir, açıqlanmış informasiyanın dərinliyi problem olaraq qalır. Aşağıdakı tədbirlər Azərbaycanın HSŞ hesabatının keyfiyyətini artıracaq:

• HSŞ məlumatlarının enerji istehsalı, makro-iqtisadiyyat və dövlət büdcəsi ilə əlaqələndirilməsi məqsədilə, kontekst məlumatlarını yeni hesabata daxil etmək;

• İctimaiyyətə, o cümlədən Azərbaycanda neft və qaz çıxarılan icmalarda paylanması üçün HSŞ hesabatının sadələşdirilmiş variantını hazırlamaq;

• Azərbaycanda əsas gəlirləri təşkil edən sosial ödənişlər və gömrük rüsumları haqqında məlumatları hesabata daxil etmək;

• Azərbaycan üzrə gələcək hesabatları gəlir axınları və şirkətlərin ödənişləri üzrə bölmək;

• Azərbaycanda istehsal edilən neft və qazın həcmini və satılmış miqdarın dəyərini açıqlamaq;

• MSŞT hesabatında hesabat verən dövlət qurumları tərəfindən açıqlanmış informasiyanın nəzərdən keçirilməsinə Hesablama

Palatasını cəlb etmək;

• Şirkətlər HSŞ hesabatı üçün tələb olunan informasiyanı açıqladıqdan sonra audit yoxlamalarını aparmaq;

• Mədən şirkətləri və dövlət ilə maliyyə əlaqələrinin şəffaflığını artırmaq üçün ARDNŞ-ə daxil olan və oradan xaric olan axınlar haqqında məlumatları açıqlamaq və

• Əsas maraqlı tərəflər və geniş ictimaiyyətin cəlb edilməsi üçün kommunikasiya strategiyasını hazırlamaq və razılaşdırmaq;

• HSŞ və onun faydalarının ictimaiyyətə çatdırılmasına kömək etməsi üçün vətəndaş cəmiyyəti və informasiya vasitələri üçün təlim keçmək;

• İctimaiyyəti HSŞ və onun faydaları haqqında məlumatlandırmaq üçün Azərbaycanın bölgələrində ictimai yığıncaqlar keçirmək;

• Təşəbbüsün həyata keçirilməsinin gətirəcəyi nəticələr haqqında anlayış əldə etməsi üçün informasiya vasitələri üçün təbliğat fəaliyyətlərini həyata keçirmək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər