10 Avqust 2018 13:52
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

... Ötən gün dostumla “Bakıya gələn ərəb turistlər harada olmaya bilər?” deyə düşünərkən Atəşgah yadımıza düşdü. Vaxtilə Azərbaycan ərazisindəki Atəşgahların odunun söndürülməsi, Avestanın yandırılmasında iştirak edən ərəblərin buraya gəlməyəcəklərini hesab edirdik. Yanılmışıq...

Atəşgah hər zamankı kimi turistlərin axınına məruz qalmışdı. Ərəb, yapon, hind və digər millətlərdən olan turistlər odun qarşısında gülərək arınma mərasimi keçirir, xatirə fotosu çəkdirirdilər. Xüsusən, niqablı ərəb qadınların oda baxması səhnəsi diqqətimizi çəkdi. Axı atəş deyəndə ərəbin ilk ağlına gələn cəhənnəm odu olur...

***
Atəşgahda 2012-ci ildən yenidənqurma işləri başlanıb. Bu zaman ənənəvi sual ortaya çıxıb. Atəşgah zərdüştilərin tanrısı Hörmüzdə, yoxsa hind tanrısı Qaneşaya aid məbəddir?

Görünür, dövlət də bu problemi həll edə bilmədiyinə görə Atəşgah hər iki dinin simvollarına əsasən bərpa edilib.

... Qarşımızdakı lövhənin üzərində yazılıb: Yağya – atəşpərəstlərin ən geniş yayılmış və vacib ayinlərindən biridir. Bu ayin ilin dini bayramlarını və möminlər üçün əhəmiyyətli olan tədbirləri qeyd etmək və insanları anmaq üçün təşkil edilir. Bunlar, adətən iki rahib tərəfindən icra olunur, lakin müəyyən hallarda onların sayı dörd, hətta daha çox ola bilər. Rahiblər üzərində çiçəklər, meyvələr, süd və çörək düzülmüş süfrənin ətrafında otururlar. Afarqan və yaxud alov urnasında yanan alovun önündə dualar oxunur. Atəşpərəstlər oda ibadət etmirlər, onlar odu insanlar və fövqəltəbii dünya arasında vasitə kimi qəbul edirlər”.

Atəşgahın hücrələrinə bu məbədə aid olmayan arxeoloji nümunələr də sərgilənir. E.ə. X-VIII əsrlərə aid küp, X-XI əsrlərə aid kiçik həcmli qazan, e.ə. II-I əsrlərə aid sərnic, XIV əsrə aid dolça və s. şüşə altına qoyulub.

Zərdüştlük andı, jama, sədrə, kuşti

Hücrələrin birində zərdüşt rahibinin geyindiyi paltar da sərgilənir. Lövhədə yazılıb: “Zərdüştlükdə müqəddəs odun qoruyucusu – mobədin “jama” köynəyi və şalvarı”.

Digər bir hücrənin lövhəsində zərdüştlük andı yazılıb. Bu andı içən insan Zərdüşt dinini qəbul etmiş olur: “Mən xeyirli düşüncələri, xeyirli sözləri və xeyirli düşünülməli, danışılmalı və edilməli əməlləri alqışlayıram. Mən bütün xeyirli düşüncələri, xeyirli sözləri və xeyirli əməlləri qəbul edirəm. Mən bütün şər düşüncələrdən, şər sözlərdən və şər əməllərdən imtina edirəm” (Avesta, Yasna, Giriş 4).

Əgər yer üzündə hər səhər gözünü açan bir kimsə bu andı içərsə, Yer üzü cənnətə dönər, qiyamətə də ehtiyac olmaz.

Hücrələrdə zərdüştlük ayinində istifadə edilən metal çalov və bıçaq, zərdüştlərin ənənəvi köynəyi “sədrə”, zərdüştlərin simvolik kəməri “kuşti”, zərdüştlərin ənənəvi papağı “feta”, ayinlərdə istifadə olunan qab – “afrinaqan” da sərgilənir.

Hücrələrin birində isə hindlilərin tanrısı Qaneşanın kiçik dəmir heykəli qoyulub. İşıq effekti ilə bu heykəl divarda əks etdirilir.

Atəşgahın divarlarında çoxlu kitabələr var. Kitabələrdən biri fars dilində, qalanları hind dilində yazılıb.

Tacir Kançanaqara

Yazılanlara görə, Atəşgahın ən erkən tikilişi 1713-cü ilə aiddir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilib. Amma hindlilərin Suraxanı ərazisində bu atəşgahı tikmələrinin təsadüfi olmadığı düşünülür. Ehtimal edilir ki, burada qədim məbəd olub, hindlilər buranı kəşf etdikdən sonra bərpa ediblər.

1683-cü ildə alman səyyahı Kempfer Suraxanıda bir tikintinin qalıqları haqqında danışarkən qeyd edirdi ki, “qədim fars qəbiləsinin nəslindən olan iki gəlmə hindistanlılar tikdikləri divarın ətrafında oturaraq və yerdən çıxan, püskürən oda baxaraq, ibadət edir, daima Allaha dua edirdilər”.

1733-cü ildə ilk dəfə burada olmuş İ.Y.Lerx yazır ki, “20 il ərzində orada, kiçik binanın əvəzinə altıotaqlı bina tikilmişdi ki, bu otaqlaqlarda 12 oda sitayiş edənlər var idi”.

Fransız səyyahı Orsol 1883-cü ildə burada olandan sonra gündəliyində yazırdı ki, məbəddə 30-a qədər müxtəlif həcmli otaqlar vardır. Sonra qeyd edir ki, 1864-cü ildə axırıncı kahin öldürüldükdən sonra, bir neçə il keçmiş Bombeydən buraya başqa bir kahin göndərilir. Lakin o, burada çox qalmır və 1880-ci ildə Hindistana qayıdır.

Yazılanlara görə, böyük kimyagər Mendeleyev rus taciri Konerevin 1855-ci ildə Atəşgahın arxasında tikdirdiyi kerosin zavodunda işləyib. O, həyat yoldaşına yazdığı məktubda bildirib ki, Atəşgah çox maraqlı məbəddir, indiyəcən belə məbəd görməmişəm.

Atəşgah haqqında Düma və digər məşhur şəxslər də xatirələrində qeydlər yazıblar. Amma bizə görə ən maraqlı qeyd Bakıda olan Norveç yazıçısı Knut Hamsuna aiddir. O, xatirələrində qədim zərdüştilərdən, parslardan, Atəşgahdan bəhs edib. Parsların bu torpaqları müqəddəs bilməsindən, uzaq yerlərdən min bir əziyyətlə buranı görməyə gəlməsindən yazıb. Nəhayət, ziyarətgahın yanında neft zavodlarının tikilməsini acı təəssüflə qeyd edib: “Bu möminlərdən sonuncusu sağ qalanadək canlı od onlar üçün müqəddəs olacaq. Çünki onlar atəşpərəstlərdir”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər