11 Avqust 2018 08:31
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab prezidentin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamı yüksək qiymətləndirilməlidir. Bu tədbir YUNESKO-nun Azərbaycanda keçirilən ilk tədbiri deyil. YUNESKO-nun marağında olan problemlərin həlli istiqamətində görülən işlərə Azərbaycan səviyyəsində hər zaman yüksək diqqət göstərilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, YUNESKO-nun Azərbaycana diqqət yetirməsi və tədbirlərini Bakıda keçirməsi həm də I vitse-prezident Mehriban Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü işlərə də qiymətdir: “İlk gündən Mehriban xanım çox böyük işlər görüb, YUNESKO-nun fəaliyyətinə töhfələr verib. Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər və Qobustan Qayaları YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir. Mehriban Əliyevanın dəstəyi ilə lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında yer alır”.

Deputat vurğulayıb ki, ölkəmizdə çoxsaylı xalqlar, milli azlıqlar, etnik qruplar yaşayır və Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir: “BMT-nin müxtəlif iclasında dövlətimizdə olan tolerantlıq ənənələri başqa ölkələrə nümunə göstərilib. Tarixən multikulturalizm ölkə başçısının sözləri ilə desək, həyat tərzimiz olub. Azərbaycandakı multikultural dəyərlər də beynəlxalq tədbirlərdə, xüsusilə YUNESKO-nun şəmsiyyəsi altında təbliğ olunub və həqiqətən də dəfələrlə bu səpkidə yüksək səviyyəli tədbirlər keçirilib.

Ölkəmizdə BMT-nin mədəniyyətlərarası dialoqla bağlı forum və tədbirləri baş tutub. Bu mənada YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ulu öndər Heydər Əliyevdən bu yana 2003-cü ildən cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir”.

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan dünyanın təhlükəsizlik və sabitlik adasıdır: “Bütün icmalar, etnik qruplar və milli azlıqlar üçün ölkəmizdə bərabər şərait yaradılıb. Azərbaycan Konstitusiyasının 30 faizindən çoxu insan hüquq və azadlıqlarına həsr olunub. Bu da dövlətimizin dünyada demokratiyaya, hüququn aliliyinə yüksək dəyər verən ölkələrin sırasında olmasını göstərir.

Bir sözlə, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsini bütün görülən işlərə verilən dəyər kimi nəzərdə tuturuq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər