Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətlərini xatırladan Baş nazir Novruz Məmmədov hazırda əlaqələrimizin yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirdi. Tacikistan Prezidentinin ölkəmizə rəsmi səfərinin siyasi-iqtisadi və humanitar əməkdaşlığımızın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağını vurğulayan Baş nazir qeyd etdi ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər çoxşaxəli münasibətlərimiz üçün yeni perspektivlər açacaq, qarşılıqlı sərmayə qoyuluşuna şərait yaradacaq.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, ilk növbədə, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar dilədi. Prezident regionun ən inkişaf etmiş ölkələrindən biri olan dost Azərbaycana səfərindən məmnunluq ifadə edərək, bu səfərin çox məhsuldar və səmərəli keçdiyini vurğuladı. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bundan sonra da dostluq və tərəfdaşlıq zəminində inkişaf edəcəyinə əminlik bildirən Emoməli Rəhmon iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu diqqətə çatdırdı.
Görüşdə Baş nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ali qonağa ətraflı məlumat verdi. Baş nazir Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həllinin yubadılmasının bütün regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığını diqqətə çatdırdı.
Səmimi söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında regional əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələr üzrə inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə dair geniş fikir mübadiləsi aparıldı.