18 Avqust 2014 18:11
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qaradağ rayonunda dini icmaların nümayəndələri ilə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, bu gün Azərbaycanda dini tolerantlıq mühiti hökm sürür. Müxtəlif millətlərin və dinlərin nümayəndələri ölkəmizdə dostluq və mehribanlıq şəraitində yaşayırlar. Ölkədə dini icmaların rahat fəaliyyəti üçün hər cür şərait yaradılıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı deyib ki, görüşün keçirilməsində məqsəd Qaradağ rayonundakı dini icmaların nümayəndələri ilə açıq söhbət aparmaq, qarşıya çıxan çətinliklərin həlli üçün onlarla fikir mübadiləsi aparmaqdır.

Komitə sədri qeyd edib ki, qədim tarixə malik Azərbaycanın özünəməxsus adət-ənənələri, milli mənəvi dəyərləri var: “Bizim milli mənəvi dəyərlərimiz içərisində İslam dini çox önəmli yer tutur. Sovetlər dövründə müxtəlif formalarda edilən təzyiqlərə baxmayaraq, xalqımız adət-ənənələrini, dinini qoruyub saxlaya bildi. Həmin dövrdə bizim xeyli tarixi, dini abidələrimiz, məscidlərimiz məhv olundu. Ancaq dini insanların qəlbindən silmək istəyi baş tutmadı. Xalqımız İslam dinini, milli mənəvi dəyərlərini yaşatdı”.

M.Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdış prosesinin sürətləndiyini bildirib. Bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən sədr hazırda Prezident İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Sovet hakimiyyəti dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini xatırladan M.Qurbanlı indi ölkəmizdə onların sayının 2 min 50-yə çatdığını vurğulayıb.

Komitə sədri bu gün Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşıldığını söyləyib. O, aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlandığını, bunun məntiqi nəticəsi kimi ölkəmizin sivilizasiyalararası dialoqun işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Komitənin şöbə müdiri Anar Kazımov Qaradağ rayonundakı mövcud dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov respublikamızın hər yerində olduğu kimi, Qaradağda da dini tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu söyləyib.

Sonda DQİDK-nın sədri Mübariz Qurbanlı görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, sonda Lökbatan qəsəbə məscidində dindarlarla görüş keçirilib.

BƏXTİYAR


Müəllif: