Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması başa çatdı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzər dənizinə sahili olan 5 dövlət – Azərbaycan, Türkmənistan, Rusiya, İran və Qazaxıstan tərərfindən imzalandı. İndiyə qədər keçirilmiş 4 sammitin heç birində tam razılıq əldə olunmamışdı. 22 il ərzində davam edən uzun danışıqlar prosesindən sonra nəhayət ki, tam razılıq əldə oluna bildi.
Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova belə deyib.
Politoloq qeyd edib ki, bu konvensiyanın qəbul olunması reqionda və Xəzəryanı dövlətlər arasında bir cox məsələlərin həllinə yol açacaq:
“Konvensiyanın imzalanması sözügedən dövlətlər arasında qarşılıqlı etimad səviyyəsinin artmasına və bir çox iqtisadi, humanitar və ətraf mühit layihələrinin səmərəli şəkildə və birgə həyata keçirilməsinə zəmin yaradacaq. Bu saziş eyni zamanda, Azərbaycanın və regionun investisiyaya cəlbediciliyini artıracaq, müxtəlif sahələrdə əməkdaşlıqların genişlənməsinə səbəb olacaq.
Qazaxıstanın prezidenti bu konvensiyaya Xəzərin konstitusiyası adını verdi və bununla da Xəzərdəki bütün mübahisəli məsələlərin aradan qaldırıldığını elan etmış oldu. Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 12 mil məsafəyə sahib olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər isə ümumi istifadədə olacaq. Konvensiyaya görə, ölkələr razılığa gəlsələr, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Lakin bu barədə qonşu ölkələri xəbərdar etməli və heç bir halda dənizin ekologiyasına zərər vurulmamalıdır”.