13 Avqust 2018 14:36
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində və bölgədə təhlükəsizliyin, sabitliyin başlıca qarantiyasına çevriləcək konvensiyanın imzalanmasında Azərbaycanın böyük rolu olub.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili hesab edir ki, konvensiya Azərbaycanda və digər Xəzəryanı ölkələrdə həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, bölgə dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək:

“Azərbaycan həmişə bölgədə sabitliyin möhkəmləndirilməsi işində fəal olub. Bu, konvensiyanın imzalanmasına yaradılan bugünkü zəmində də açıq formada hiss olundu. Hesab edirəm ki, sammitdə qəbul edilən qərarlar Xəzər regionunda təhlükəsizliyin gücləndirilməsində öz ciddi rolunu oynayacaq, öz töhfəsini verəcək.

Beləliklə, uzun illərdir region dövlətləri arasındakı ziddiyyətlər aradan qalxdı və bu, qarşılıqlı, suveren hörmətə əsaslanan əməkdaşlıqla əvəz olundu. Bu, Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi deməkdir.

Digər yandan, bu tarixi anlaşmadan həm Azərbaycan, həm də bölgənin digər dövlətləri iqtisadi fayda təmin edəcəklər. Bu, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında da mühüm rol oynayacaq”.

Asim Mollazadənın sözlərinə görə, konvensiya Azərbaycana böyük iqtisadi qazancla təmin edəcək:

“20 ildən çoxdur davam edən gərgin danışıqlardan sonra əldə edilmiş bu anlaşmanın Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu konvensiya ilə Azərbaycanın bölgədə reallaşdırdığı beynəlxalq enerji və nəqliyyat layihələrində konkret proqramların icra edilməsi üçün münbit zəmin yarandı. Bu eyni zamanda, Xəzər dənizində bölgə dövlətləri ilə ekologiya, təbii sərvətlərin istifadə edilməsi və bir sıra məsələlərin həlli ilə bağlı birgə əməkdaşlıq mexanizminin şaxələndirilməsinə imkan yaradacaq.

Azərbaycan bu sazişin imzalanmasından məmnundur. Çünki bu saziş strateji layihələrimizi həyata keçirmək üçün böyük imkan yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər