13 Avqust 2018 15:48
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili cavablandırıb:

- Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya barədə nə düşünürsüz?

- Dünən Aktauda 1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryanı ölkə dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümumi çərçivələri razılaşdırdı. SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid olmağa başlamışdı. İran Xəzərin göl prinsipi üzrə , yəni -hər bir ölkəyə bərabər pay verilməsi ilə bölünməsini təklif edirdi. Digər 4 ölkə isə dəniz, orta xətt prinsipi ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunması, dənizin ortasının isə ümumi istifadəyə verilməsini istəyirdi. Ötən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, eləcə də Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razılaşdırdı. 22 il ərzində 5 sammit keçirildi. Nəhayət, dünən keçirilən sonuncu sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi barədə razılığa gəlindi.

- Yeri gəlmişkən, Konvensiyaya görə Xəzərin nə dəniz, nə göl olması dəniz tarixində yenilik kimi qiymələndirilir. Sizin yanaşmanız necədir?

- Əsas mübahisəli məqam Xəzərin dəniz, yoxsa göl prinsipi ilə bölünməsi ilə əlaqədar idi. Azərbaycanın mövqeyi dəniz prinsipi ilə bölgü ilə bağlı idi. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi. Xəzərin əsasən, dəniz prinsipi üzrə sektorlara bölünməsi, 25 mil uzaqlığında ərazi sularının müəyyən olunması, Xəzərin dibinin orta xətt üzrə beynəlxalq prinsiplərə uyğun olaraq bölünməsini ehtiva edən Konvensiyaya indiyədək 22 il ərzində adada olan mübahisəli anların həlli demək olar. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasında açıq dəniz, yarıqapalı və qapalı dənizlə bağlı təriflər yer alıb. Xəzər bu təriflərin heç birinə uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi və forması ona göl demək imkanı da vermir. Konvensiyanı bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi. Xəzər unikal və dünyada ikinci bu cür qapalı formada mövcud olmayan su hövzəsidir. Bu baxımdan Xəzərin statusu ilə bağlı ayrıca Konvensiyanın olması təbiidir. Çünki Xəzər özü unikal olduğundan Konvensiya da unikaldır. Unikallıq ondan ibarətdir ki, Xəzərin səthi göl, dibi dəniz kimi bölünür. Ona görə də bu gün Xəzərə həm dəniz, həm də göl prinsiplərinin tətbiq olunması mübahisələrin həllində ən doğru yol idi. Bundan sonra qonşu tərəflər arasında olan konfliktlər beştərəfli deyil, ikitərəfli qaydada həll edilməlidir.

- Uzun müddət Xəzərin statusunun müəyyən edilməməsi Türkmənistanla Azərbaycan arasında sualtı Transxəzər boru kəmərinin reallaşmasına da mane olurdu...

- Transxəzər boru kəmərinin uzun illərdir çəkilməsi ilə bağlı digər qonşu ölkələrlə müəyyən dərəcədə siyasi mübahisələr yaranmışdı. Konvensiyaya görə Transxəzər boru kəməri layihəsi ilə bağlı qərarı yalnız Azərbaycan və Türkmənistan verəcək, ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər. Bunun öz həllini tapması Xəzər dənizinin iqtisadi əməkdaşlıq dənizinə çevrilməsi yolunda böyük addımdır. Hesab edirəm ki, Konvensiya indiyə qədər olan bütün mübahisələrin həlli istiqamətində böyük platformadır və ümumi prinsipləri əhatə etsə də, yaxın gələcəkdə işçi qruplar hər bir ölkə arasındakı kiçik mübahisələrin sürətli həllinə nail olacaq. Düzdür, Konvensiyaya əlavə edilən ekoloji razılığın alınması qaydaları üçün bütün 5 ölkənin belə layihələrdə razılığı tələb edilir. Bu razılıq layihələrin həyata keçməsini ləngidə bilsə də, mane ola bilməyəcək. Transxəzər kəməri Azərbaycan və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard m3 qazın ixracına imkan verə bilər. Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiya bütün məsələləri həll etməsə də, ümumi yanaşma baxımından çox önəmlidir və Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür. Bakı-Tbilisi-Qars dəmir yolunun dənizdə davamı olan tranzit nəqliyyatən imkanlarının artması Azərbaycanın əlavə iqtisadi maraqlarının təmin olunması anlamına gəlir.

- Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli “Kəpəz” yatağı ilə bağlı hansı addımlar atılacaq?

- Azərbaycanla Türkmənistan arasında “Kəpəz” yatağı ilə bağlı müəyyən mübahisəli məqamlar var. Bu yataq sərhəddə yerləşir. Məhz sərhədin haradan müəyyən olunması ilə bağlı indiyədək mübahisə olduğuna görə yataqda işlər dayandırılmış və yalnız kəşfiyyatla yekunlaşmışdı. Xəzər Konvenvensiyasında ümumi prinsiplər müəyyənləşdi, Xəzər milli sektorlara bölünəcək. Məhz milli sektorlarla bağlı 1982-ci ildə qəbul olunmuş BMT-nin Dəniz hüquqları Konvensiyasında olan müddəalar onu deməyə əsas verir ki, yaxın vaxtlarda işçi qruplar hər iki məsələ üzrə mübahisələrin aradan qaldırılmasına nail olacaqlar.

- Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. İran və Türkmənistanla analoji sazişlərin bağlanması perspektivi varmı?

- Orta xəttin müəyyən olunması ilə bağlı 5 Xəzəryanı ölkədən demək olar ki, dördünün mövqeyi eynidir. Azərbaycanla Qazaxıstan və Rusiya arasında artıq müqavilə imzalanıb. Qazaxıstanla Türkmənistan arasında da orta xətt bölgüsü üzrə müqavilə imzalanır. Türkmənistanın mövqeyi də orta xətt prinsipi üzrə əslində Azərbaycanın mövqeyinə yaxındır. Sadəcə iki ölkə arasında mübahisə daha çox orta xəttin hansı məsafədən hesablanması ilə bağlıdır. Türkmənistan əvvəllər bunun Çilov adasından və ya Abşeron yarımadasından hesablanmasının əleyhinə idi. Getdikcə ümumi prinsiplərə həm Türkmənistanın, həm də İranın qol çəkməsi Azərbaycan, Qazaxıstan və Rusiyanın mövqeyinin orta xətt üzrə Xəzərin dibinin bölünməsi məsələsində İran və Türkmənistanla uzlaşdığını deməyə əsas verir. Çünki bu, eyni zamanda hər üç ölkənin iqtisadi əməkdaşlığı üçün böyük şərait yaradacaq ki, bunu artıq qonşular da başa düşür.

- Sərhəd bölgələrdə perspektiv yataqlarla bağlı məsələ necə həllini tapacaq?

- Təqribi hesablamalarına görə, Xəzərin neft və qazla zəngin təkində 6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyət göstəriblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub və hətta bəzi hallarda silahlı münaqişə təhlükələri yaradıb. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olub. O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi ki, Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunun üçün ayrıca sazişlər tələb olunur. Azərbaycan-Rusiya-Qazaxıstan və Qazaxıstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da ümumi qaydalara imza atdı. İran ciddi sanksiyalar altındadır, indiki halda qonşu ölkələrlə mübahisələrin tənzimlənməsi onun üçün çox əhəmiyyətlidir. Onun üçün ən önəmli məsələ olan təhlükəsizlik məsələsi Konvensiyada öz əksini tapıb. Xəzər dənizində yalnız 5 sahilyanı ölkənin silahlı qüvvələrinin mövcud ola bilməsini özündə əks etdirən Konvensiya, eyni zamanda bu ölkələr öz ərazisindən digər ölkəyə qarşı istifadə olunmayacağına təminat verir. Ümumilikdə dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər