15 Avqust 2018 14:07
3 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

1926-cı il iyun ayı.

Türkiyə Cümhuriyyətinin qurucusu böyük Mustafa Kamal Atatürkə qarşı İzmirdə sui-qəsd planı hazırlanır.

Sui-qəsdi həyat keçirmək istəyənlər arasında keçmiş nazirlər, vəzifəlilər, ittihadçılar vardı.

Ölkədə baş verən hadisələr (Şeyx Səid üsyanı), Mustafa Kamalın xalq arasında birmənalı qarşılanmayan radikal islahatları, ittihadçıların hakimiyyəti ələ keçirmək arzusu fonunda prezidenti aradan götürmək üçün İzmir səfərində sui-qəsd planı təşkil edilir.

Mustafa Kamal həyata keçirdiyi islahatların xalq arasında nə cür qarşılandığını şəxsən görmək üçün həmin ilin may ayından etibarən bölgələrə səfərə çıxır.

Konya, Tarsus, Mersin, Adana, Bursa, Balıkəsir səfərlərindən sonra İzmirə getməyə hazırlaşır.

Lakin bu vaxt İzmir valisi Kazım Dirikdən teleqraf gəlir. Vali prezidentə sui-qəsd planı hazırlandığını, buna görə də ehtiyatlı davranmağını bildirir.

Vali necə xəbər almışdı?

Yazılanlara görə, sui-qəsdçilərdən gəmiçiliklə məşğul olan giritli Şövqi nədənsə sui-qəsd planının aşkara çıxmasından şübhələnib öz canını xilas etmək üçün dostlarını satmağı qərara alır. Şövqi sui-qəsd iştirakçılarından Sarı Efe Edipin İstanbula yola düşməsini Mustafa Kamala xəbər verilmək üçün olduğunu düşünərək özü daha erkən hərəkət edir.

Sui-qəsd planı ilə bağlı İzmir valisinə xəbər verir, Atatürkə çatdırması üçün məktub da təqdim edir.

Şövqi məktubda yazır:

“Qazi Paşa həzrətlərinə.

Bəndəniz yunan müharibəsində Sarı Efe Edip bəyin dostu idim. Dünən axşam bir xəbər göndərdi. Bir yerə getdim. Orada tanıdığım Hilmi adında bir zabitlə heç tanımadığım, sonradan məlum olan sabiq Lazıstan millət vəkili Ziya bəy adında biri vardı. Sizə sui-qəsd edəcəklərini, onlara qoşulmağımı təklif etdilər. Beynimdən o an onları aradan götürmək fikri qəti şəkildə keçdi, amma xilaskarımıza xəbər verməyin daha yaxşı olacağını hiss etdim, onlara qoşulacağımı söylədim. Bütün plan və iştirakçıları öyrəndikdən sonra ayrıldım”.

Mustafa Kamal hadisəni yerində öyrənmək məqsədilə 16 iyunda İzmirə gəlir, xalq tərəfindən coşqu ilə qarşılanır.

Məlum olur ki, sui-qəsdi həyata keçirmək istəyənlər sabiq nazirlərdən Qara Kamal və Şükrü bəydir. Lazıstan vəkili Ziya Xurşid bəy də onların arasında olub. Plana görə Atatürk avtomobili ilə dar küçələrin birindən keçərkən məcbur sürücü sürəti azaldacaq, bu vaxt isə bərbər Nurinin dükanında pusquda dayanan laz İsmayıl və gürcü Yusif tapança ilə Atatürkə atəş açacaq, lazım gəlsə, bomba da atacaqdılar. Uğurlu alınmasa, Ziya Xurşid özü də atəş açacaq, daha sonra maşınla sahilə gedəcək, oradan isə gəmi ilə Saqqız adasına qaçacaqdılar.

Hadisə həyata keçmədən aşkar edildiyinə görə İstiqlal Məhkəməsində prosesə başlanılır. 50-yə yaxın insan həbs edilir.

İlk həbs edilən Ziya Xurşid olur. Şövqinin planı satmasından xəbərsiz olan bu şəxs oteldə yatdığı yerdə həbs olunur. Çarpayısının altında bombalar və silahlar aşkar edilir. Digər bir oteldə qalan laz İsmayıl və gürcü Yusif də polis tərəfindən saxlanılır. Sarı Efe Edip isə İstanbulda ələ keçirilir.

Sui-qəsddə Türkiyədə qurulan ilk müxalifət partiyası olan Tərəqqipərvər Cümhuriyyət Partiyasının üzvlərinin də adı hallanır. Hətta partiyanın lideri Kazım Qarabəkir paşa da saxlanılır.

19 iyunda Atatürk Anadolu agentliyinə açıqlama verir. Mustafa Kamal yurdun hər tərəfindən, cəmiyyətlərdən, məmurlardan, zabitlərdən, millət vəkillərindən məktublar, teleqraflar aldığını söyləyir və sui-qəsd cəhdinin mahiyyətini bu şəkildə izah edir: “Bu təşəbbüsləri mənim şəxsimdən daha çox müqəddəs cümhuriyyətimizə və onun söykəndiyi yüksək prinsiplərə qarşı olduğuna şübhə yoxdur. Mənim dəyərsiz vücudum bir gün, əlbəttə, torpaq olacaq. Amma Türkiyə Cümhuriyyəti sonsuzadək əbədi qalacaqdır...”.

Məhkəmə nəticəsində 19 nəfər edam edilir, onlarla insana müxtəlif cəza verilir.

İzmir sui-qəsdinin Azərbaycan tarixi baxımından da maraqlı bir səhnəsi var. Belə ki, azərbaycanlı publisist, siyasətçi, həkim, rəssam Əli bəy Hüseynzadə sui-qəsdin təşkilatçılarından Qara Kamalla yaxın münasibətinə görə məhkəməyə verilir.

Sürəyya Ağaoğlu yazır ki, məhkəmədə Əli bəyə belə sual ünvanlanır:

  • Siz şiəsiniz, deyilmi?
  • Xeyr, azərbaycanlıyam.

(Şiə məsələsi Türkiyədə rəqibləri tərəfindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadəyə qarşı bəzi məsələlərdə istifadə olunub)

Əli bəy Hüseynzadə birmənalı şəkildə bu planda yer almayıb. Lakin onun vaxtilə İttihad və Tərəqqinin pərdə arxasında olan liderlərindən olması, ittihadçılarla yaxın dostluğu bu ittihamlara səbəb olmuşdu. Üstəlik Əli bəy faktiki olaraq bu planlar hazırlanarkən Türkiyədə deyildi, I Türkoloji Qurultayda iştirak etmək üçün Bakıya gəlmişdi.

***
Yuxarıda qeyd etdik ki, sui-qəsd ortaya çıxdıqdan sonra Mustafa Kamala dəstək olmaq üçün hadisəni pisləyən məktublar, teleqraflar gəlirdi. Bu teleqraflar arasında bizim üçün önəmli biri də var.

Həmin vaxt İstanbulda mühacirət həyatı yaşayan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə İzmirdə olan Mustafa Kamala belə bir teleqraf göndərir:

“İzmirdə Rəis-i Cümhur Qazi Mustafa Kamal həzrətlərinə.

İctimaiyyətin çox haqlı qəzəb və nifrətinə səbəb olan sui-qəsd hadisəsinə görə yaranan dərin üzüntü ilə bu məlun təşəbbüsün baş tutmamasına görə qaynayan sevinc və məmnuniyyət təzahürünə sizi türklüyün böyük qəhrəmanı olaraq təqdir edən azərilər adına iştirakla təbriklərimi ərz edirəm və ehtiramımı bildirirəm.

21 iyun, 1926.

Rəsulzadə Məhəmmədəmin”

Rəsulzadə bu teleqrafı göndərməklə yanaşı, İstanbulda çap etdiyi “Yeni Kafkasya” jurnalının 1 iyul 1926-cı il sayında “Sui-qəsd münasibətilə” adlı yazı təqdim edir, hadisəni pisləyir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər