Kimsə inancına görə Həcc ziyarətinə gedir. Dərhal başlayırlar ki, bu Həccə xərclənən pulla beş tələbəni oxutdurmaq olar, yaxud da on kasıbın qarnını doyuzdurmaq olar. O zaman başqa əks arqument gətirmək olar ki, hər gün restoranlarda, kafelərdə arağa, çaxıra xərclənən pullarla yüz tələbəyə təqaüd, min kasıba qida təmin etmək olar. Yaxud da xeyli insan bədənini zəhərlədiyi siqaretə xərclənən pullara qənaət etsə və ehtiyacı olan insanlara xərcləsə, cəmiyyətdə xeyli problemlər öz həllini tapar. Yüzlərlə insan müalicə məqsədləri xaricində sadəcə əyləncələrə pul xərcləmək üçün kurort bölgələrinə gedir, elə burada xərclənən vəsaitlər də çox zaman səmərəsiz vəsaitlərdir, onların da işinə müdaxilə etmək mümkündür ki, niyə faydalı işlərə yönəlmirsiniz.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, təhsilə həm dövlət, həm də cəmiyyətin bütün təbəqələri fədakarlıq etməlidirlər, insanların rifahı və sağlıq problemlərinin çözülməsi üçün bütün imkan sahibi olan cəmiyyət üzvləri həssaslıq göstərməlidirlər:
“Bu xeyriyyəçi yanaşmanı təşviq etmək olduqca vacibdir. Lakin hansısa insanların inancını hədəfə almaq yanlışdır, guya orada xərclədiyi pulun başqa yerə yönələcəyi ilə bağlı düşüncələr isə absurddur. Hər kəs öz düşüncəsini, inancını, sevgisini, peşəkarlığını, faydasını öz arzuladığı formada yaşamaq haqqına sahibdir, əgər cəmiyyətin tərəqqisi üçün başqa zəruri sahələrə maddi və mənəvi dəstək lazımdırsa, bunu təşviq etmənin yolu da fərqli olmalıdır.
Nəzərə alsaq ki, eyni ironiyalar qarşıdan gələn Qurban bayramında da səsləndiriləcək, o halda insanlara izah etməliyik ki, kimsə qurban kəsməyə borc kimi baxırsa, kimsə də qurban kəsməmə haqqına sahibdir. Bir-birinin həyat tərzinə müdaxilə o zaman zərurətə çevrilir ki, hansısa davranışlar başqasının yaşamı üçün təhlükəyə, psixoloji sarsıntıya, şiddət və zorakılıq amilinə çevrilir. Bu halda məsələyə müdaxilə dövlətin özünün də bilavasitə konstitusion vəzifəsi olur”.
Fazil Mustafa hesab edir ki, kiminsə Həccə getməyinin, yaxud da Qurban kəsməyinin başqasının həyatına rahatsızlıq yaradacaq nəticəsi ola bilməz: “Kimsə dini inanc pərdəsi altında saxtakarlıq, dələduzluq edirsə, bu adamın öz-özünü aldatması deməkdir, özünə etibarsızlıq və günah qazanması deməkdir. Yəni, müqayisə məsələlərini bir qədər ehtiyatla aparmaq lazımdır ki, hətta faydalı çağırışlar belə, başqasını incidəcək xarakterdə olmasın”.