17 Avqust 2018 11:06
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir cəmiyyəti “informasiya cəmiyyəti” adlandırırlar. “İnformasiya” anlayışı isə birbaşa jurnalistika ilə bağlıdır. İnformasiya cəmiyyətinin daha uğurlu inkişafı üçün jurnalistika sahəsində akademik səviyyədə geniş, fundamental araşdırmalar aparılmalı, AMEA-da Elmi-Tədqiqat Jurnalistika İnstitutu yaradılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu təkliflə əməkdar jurnalist, filologiya elmləri doktoru Nəsir Əhmədli çıxış edib.

Nəsir Əhmədli qeyd edib ki, Azərbaycanda jurnalistika ixtisası üzrə təxminən 50-yə yaxın fəlsəfə doktoru və elmlər doktoru var, lakin onlar 3 elm sahəsi arasında bölünüblər: “Bəziləri filologiya, bəziləri tarix, bəziləri isə siyasət elmləri üzrə fəlsəfə və elmlər doktorudurlar. Təklifim bundan ibarətdir ki, jurnalistika ayrıca bir elm sahəsi kimi təsbit olunsun, bu sahədə dissertasiya müdafiə etmiş şəxslərə “Jurnalistika üzrə fəlsəfə doktoru (elmlər doktoru)” alimlik dərəcəsi verilsin. Jurnalistikanın müxtəlif qolları var: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, onlayn jurnalistika, beynəlxalq jurnalistika, piar jurnalistikası və s. Bir fakültə daxilində bütün bu sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq mümkün deyil. Ona görə də təklif edirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi, bizdə də BDU-nun nəzdində Jurnalistika İnstitutu yaradılsın”.

Əməkdar jurnalist qeyd edib ki, belə institutlar ABŞ-də və Almaniyada XIX əsrin II yarısından fəaliyyət göstərir: “Postsovet ölkələrində də belə təcrübə var. Məsələn, 2008-ci ildə Belarus Dövlət Universitetinin nəzdində açılmış Jurnalistika İnstitutunda bu gün 4 ixtisas və 6 istiqamət üzrə 2000-dən çox tələbə təhsil alır”.

Nəsir Əhmədlinin fikrincə, Sovet dövründə jurnalistika fakültəsinə qəbul qaydaları indikindən xeyli mükəmməl idi: “O zaman bu fakültəyə həqiqətən jurnalist olmaq istəyənlər gəlirdi və abituriyentlər bəzən arzularına çatmaq üçün illərlə vaxt itirsələr də, fikirlərindən dönmürdülər. Buna görə də həmin dövrün məzunları bu gün ölkəmizin dövlət qurumlarında, ən nüfuzlu informasiya vasitələrində yüksək vəzifələr tuturlar. Lakin 1992-ci ildən test sisteminə keçiləndən və yaradıcılıq müsabiqəsi ləğv olunandan sonra qəbul olunanların, yəni son 20 ildəki məzunların sırasından hətta 2-3 məşhur jurnalistin adını çəkə bilmərəm. Mən əminəm ki, son iki ildə nisbətən aşağı balla qəbul olunmuş tələbələrimiz əvvəlki illərdə yüksək balla qəbul olunmuşlardan daha yaxşı jurnalist olacaqlar. Çünki onlar bu peşəni sevib-seçib gəliblər. Çoxları yerində deyil. Səbəbi də test sistemində ixtisas seçiminin qeyri-müəyyənliyidir. İndi bizdə çox zərərli “ümumi ali təhsil” tendensiyası yaranıb. Hansı ixtisas olur-olsun, təki diplom alınsın. Oğlanlar əsgərlikdən 6 ay tez gəlsinlər, qızlar cehizlərini diplomla tamamlasınlar. Başqa sahələri deyə bilmərəm, jurnalistika üçün bu, çox təhlükəli tendensiyadır”.

Professor qeyd edib ki, orta məktəb məzunlarının, demək olar, heç birinin jurnalistika barədə dolğun təsəvvürü yoxdur: “Təsəvvür olunmayan şeyi necə sevmək olar? Ədəbiyyata, jurnalistikaya sevgi orta məktəbdə yaradılmalıdır. Ali məktəblərə qəbul test üsulu ilə keçiriləndən bəri orta məktəblərdə, demək olar ki, inşa yazılmır, yazılsa da, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı, yazı bacarığını test üsulu ilə öyrətmək və qiymətləndirmək olmaz”.

Nəsir Əhmədli çıxış yolunu çoxpilləli təhsil sistemi yaratmaqda görür: “Rostov Dövlət Universitetinin təcrübəsinə müraciət etsək, burada bir neçə ildir ki, filoloqlar və jurnalistlər çoxpilləli təhsil sistemi ilə hazırlanır. Yəni universitetlə orta məktəblər arasında sıx əlaqə yaradılıb, yuxarı siniflərin məktəb proqramlarına əlavə humanitar fənlər, o cümlədən “Jurnalistikanın əsasları” kursu daxil edilib. Bu yenilik şagirdlərin jurnalistika ilə ilkin tanışlığına nail olmaq və onlardan hansıların bu sahədə qabiliyyəti olduğunu aşkarlamaq üçündür. Digər tərəfdən, bu, jurnalistika fakültəsinin bəzi məzunları üçün orta məktəblərdə yeni iş yerlərinin yaradılması deməkdir. Fakültənin professor-müəllim heyətindən də kimlərsə məsləhət vermək üçün vaxtaşırı rayonlara ezam oluna bilərlər. Bundan əlavə, Rostov Universitetinin nəzdində humanitar profilli gimnaziya fəaliyyət göstərir. Onun filologiya sinfi, bu sinfin tərkibində isə jurnalistika qrupu var. Bu qrupda peşə ilə bağlı maraqlı tədbirlər təşkil olunur, şagirdlər xırda xəbərlər hazırlamaq, müsahibə götürmək vərdişlərinə yiyələnirlər. Onların yazıları fakültənin tədris qəzetində, şəhər mətbuatında dərc olunur. Jurnalistika qrupunu uğurla başa vuran, yüksək yazı bacarığı nümayiş etdirən məzunlar şifahi və yazılı formada ikimərhələli qabiliyyət imtahanı verdikdən sonra jurnalistika fakültəsinin 1-ci kursuna qəbul edilirlər. Jurnalist ixtisasına yiyələnməyi qərara almış gənclərdən iki keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və fikri düzgün ifadə etmək bacarığı. Bunlardan birincisi şifahi, ikincisi isə yazılı qabiliyyət imtahanında yoxlanılır. Qabiliyyət imtahanının hər iki mərhələsini heç bir kənar müdaxilə olmadan fakültənin müəllimləri qəbul edirlər. Biz də öz təhsil siyasətimizi orta məktəblərə, gimnaziyalara, liseylərə, ixtisaslaşmış siniflərə arxalanmaqla qura bilərik. Güman edirəm ki, belə bir seçimdən sonra tələbələrdən heç biri “Mən jurnalistikaya təsadüfən gəlmişəm” deyə bilməz”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər