17 Avqust 2018 12:17
3 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 aprel 1931-ci ildə Parisdə yaşayan Əlimərdan bəy Topçubaşı keçmiş ədliyyə naziri, İstanbulda yaşayan mühacir Xəlil bəy Xasməhəmmədə yazırdı:

“Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, xarakterlərdə - bir sözlə, əziz Rəşidimi xatırladan, surətini gözümdə canlandıran hər şeydə tapıram. Siz də, Suad xanım da onu tanıyırdınız... Hər cümə axşamı xanımımla, Əli Əkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərinı gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir...

Yaşadığım hisslər digər yaxınlarımın qeydinə qalmaq, xüsusən də üzərimə düşən vəzifələrin öhdəsindən gəlmək üçün mənə güc verir. Hər dəfə qayğılar içərisində çapalayarkən, işlərimi daha yaxşı şəkildə necə görməklə bağlı düşünəndə Rəşidin işıqlı surəti gözüm önündə canlanır. Onun vəziyyətimlə maraqlandığını, hərəkətlərimi bəyəndiyini düşünürəm. Bu hisslər məni daha da ruhlandırır. Taleyin bütün zərbələrinə, bütün məhrumiyyət və əzablara sınmadan, əyilmədən tab gətirmək üçün qüvvə verir, ruhumu möhkəmləndirir. Əziz oğlumla bağlı xatirələr məndən ötrü çox dəyərlidir. Bu xatirələr burada, Yer üzərindəki həyatımı o biri dünya ilə bağlı fikirlərimlə birləşdirir...”

***
Əlimərdan bəyin oğlu Rəşid bəy 26 oktyabr 1901-ci ildə Tiflisdə doğulub. Anası Həsən bəy Zərdabinin böyük qızı Pəri xanım olub.

Rəşid bəy 1910-1917-ci illərdə Bakı real məktəbində təhsil alıb.

Atası Əlimərdan bəy Topçubaşov Parisə göndərilən nümayəndə heyətinin sədri təyin edilərkən oğlu da bu tarixi missiyada vəzifə alıb.

Azərbaycan Cümhuriyyəti xaricdə təhsil almaq üçün 100 tələbə müəyyənləşdirərkən Rəşid bəyin də anası tərəfindən hazırlanan sənədləri qəbul edilib və o da tələbələr siyahısında yer alıb.

Rəşid bəy Parisdə Siyasi Elmlər Məktəbində təhsil alıb.

Sovet Azərbaycanı tələbələrə yardım etmək istəyərkən Rəşid bəy yeni quruluşun təqaüdçüsü olmaqdan imtina edib.

Rəşid bəy 1926-ci il dekabrın 19-da dünyasını dəyişib.

***
Yuxarıdakı məktubdan da gördüyümüz kimi Parisdə çətin vəziyyətdə yaşayan Əlimərdan bəyə oğlunun gənc yaşda vəfat etməsi ağır zərbə olub. Xəlil bəyin oğlu Rauf Yektanın ölümü ilə bağlı ünvanladığı məktubda öz oğlunun ölümündən bəhs etməsi eyni acını çəkən iki şəxsin bir-birini anlaması üçündür.

Necə ki, Rəsulzadə Ceyhun Hacıbəyliyə yazdığı 12 yanvar 1927-ci il tarixli məktubunda qeyd edir: “Zavallı Rəşid bəy! Bu gəncə çox acıdım. Əlimərdan bəy çox mütəəssir olacaqdır. Allah səbir versin!”.

Rəşid bəy haqqında əlimizdə kifayət qədər material yoxdur. Professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabında Rəşid bəyin təhsil həyatı haqqında mühüm bilgilər təqdim edib, dəyərli diplomatımız Ramiz Abutalıbov onun mühacirət həyatı haqqında ilk dəfə yeni materiallar və fotoşəkillər üzə çıxarıb. Vilayət Quliyev Topçubaşovun məktubları əsasında Rəşid bəy haqqında yeni bilgilər təqdim edib.

Rəsulzadənin mühacirətdə çap etdiyi “Yeni Kafkasya” jurnalını oxuyarkən Rəşid bəy haqqında maraqlı bir xatirəyə rast gəldik.

“Mustafa” imzası ilə verilən bu yazı Rəşid bəyin nümayəndə heyətimizin İstanbuldakı fəaliyyəti ilə bağlıdır. Yazını dilimizə uyğunlaşdırıb təqdim edirik.

***
Topçubaşı Rəşid bəy

Parisdən qara xəbər aldıq. Oradakı Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Topçubaşı Əlimərdan bəyin oğlu Rəşid bəy 5-6 ay əvvəl tutulduğu vərəm xəstəliyindən kanuni-əvvəlin 20-də Parisdə vəfat edib.

Azərbaycan gəncliyi çox müqtədir və dəyərli bir üzvünü itirdi. Rəşid bəy həyata yeni atılmış, hələ 25 yaşında vətənpərvər, münəvvər gənclərimizdən idi. Mühacirət həyatının maddi və mənəvi bir çox məhrumiyyət, sıxıntı və iztirabları... Paris banklarından birində kiçik bir məmur vəzifəsi. Ayda 500 frank müqabilində sabahdan axşama qədər çalışmaq. Şimalın sərt, naxoş havası, iqlimi, nəhayət mərhəmətsiz “Kox” çöpləri və qürbət eldə yeni bir məzar... Gənc azəri məzarı.

Yeni qapanmış bu təzə məzarın üstündə sözlərin nə dərəcəyə qədər təsəlliverici bir təsirinin olduğunu bilmirəm.

1918-ci ildə burada Azərbaycan heyəti-mürəxxəsəsinin Pera Palas otelində yaşadığını xatırlayıram.

Rəşid bəy o zaman Bakı real məktəbini yeni bitirmiş və ali təhsil üçün atasıyla bərabər İstanbula qədər gəlmişdi. Oteldə daim görüşürdük. Gecə-gündüz türkcə dərslərinə davam edirdi.

Körpüdə bir gün təhsildar özünə: “Buyurun, kiçik mürəxxəs bəy” dedi və yol verdi. Sonra Rəşid bəyə biz də “kiçik mürəxxəs bəy” deməyə başladıq. Bəzən bu zarafatımıza bir az qəzəblənmiş kimi olardı.

Unudulmaz günlər... Burada, hər yerdə, hər kəsdə, bəlkə bütün qəlblərdə bizlərə qarşı böyük bir məhəbbət, ciddi bir səmimiyyət vardı. Çox uzun sürən ayrılıq dövründən sonra nəhayət bir-birini tapmış iki qardaş...

O məşum işğal günləri.

Türklük sanki bir röya idi, gördü və oyandı.

Averov (yunan zirehli gəmisi – D.Ə) zabitlərinə Pera Palasda verilən böyük balo gecəsi. Dostlardan birinin otağında toplanıb məyus-məyus danışırdıq. Rəşid bəy çox üzüntülü idi. Birdən: “Mən artıq burada qalmaq istəmirəm. Bura bir yunan şəhəri oldu” dedi və hiddətindən az qaldı ki, ağlasın.

1922-ci ildə Parisdə Azərbaycan tələbələrinin bir çay ziyafətini xatırlayıram. Rəşid bəy o zaman Ecole des Sciences Politiques ali məktəbinin son siniflərində idi. Dərdləşirdik. Vətənin istilasından, bolşeviklərin cəhənnəm idarəçiliyindən danışırdıq. Tələbələrimizdə böyük bir həyəcan görürdüm. Rəşid bəyin nitqini heç unutmuram: “... Dostlar, görürsünüz, yolumuz çətin və məşəqqətlidir. Fəqət qayəmiz yüksəkdir! Vətənimizi tarimar edən, millətimizin ruh və vücudunu əsarət zəncirinə boğan bir düşmənə boyun əymək yoxdur. Azəri gəncliyi şərəfsiz həyatı istəməz. Qürbətin bu acı günlərinə qatlanaraq mübarizəmizi sonadək davam etdirəcəyik”.

Ehtimal ki, indi bu fani dünyaya əbədi vida edərkən zavallı Rəşid son sözünü, son vəsiyyətini: “Ana, məni yüksək bir yerə gömün və qəbirdə üzümü şərqə, vətənə doğru çevirin. Bəlkə, oradan vətənin uca qarlı, dumanlı dağlarını, Kürün indi həzin-həzin axan dalğalarını görə bilim” deyərək ölmüşdür.

Qanlı mücadilə, böyük qəhrəmanlıq, çoxalan qurbanlar, yeni-yeni qazılan məzarlar... Sibirin uzaq buzlu çöllərində, Mərmərənin laqeyd sahillərində, Sain çayının yad sahillərində bir-bir qurulan bu kiçik, yalnız təpələr...

Azərbaycan azadlıq yolunu matəmlərlə bəzəmiş bu əziz məzarlar qarşısında böyük hörmət və məhəbbətlə əyilərək gizli-gizli göz yaşlarımı saxlamağa acizəm.

P.S. Aşağıdakı fotoda sağda ortadakı şəxs: Rəşid bəy Topçubaşov

Qaynaqlar:

  1. “Yeni Kafkasya” jurnalı, 76-cı say, 1927.
  2. Ə.Tahirzadə, O.Tahiri, “Azərbaycan Cümhuriyyəti tələbələri”, Bakı, 2016.
  3. Ə.b.Topçubaşov, “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq”, Bakı, 2018.

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər