17 Avqust 2018 16:25
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı ermənilərin sayı xeyli azalıb. Onların böyük əksəriyyəti Rusiya və ABŞ-dadır. Rusiyadakı erməni diasporu hesab edir ki, Ermənistan daim Rusiya ilə birgə olmalıdır, ermənilərin gələcəyi Rusiyaya bağlıdır.

Bunu Teleqraf.com-a politoloq Rasim Ağayev deyib.

Politoloq bildirib ki, son 20 ildə ermənilər arasında müşahidə edilən yekdillik və həmrəylik çat verməyə başlayıb:

“Ermənistan siyasi baxımdan parçalanır və bu proses davam edəcək. Bir daha qeyd edirəm ki, söhbət Ermənistanın özündən deyil, Rusiyanın oradakı mövqeyinin zəifləməsindən gedir. 2-3 il əvvəl Rusiyada ermənilərə ciddi inam vardı. İndi bu etimad zəifləyib. Ermənilərin əksəriyyəti anti-rus mövqeyini gizlətmir. İndi də Rusiyanı tərk etmək istəyirlər. Bunun günahı ermənilərdə yox, Moskvadadır. Moskva uzun müddət ermənipərəst qüvvələrin təsiri altında oldu, onların dediyi ilə oturub-durdu”.

Ermənilərin son 80 ildə Rusiya və müttəfiq respublikaların (SSRİ-nin) hesabına yaşadıqlarını bildirən Rasim Ağayev əlavə edib ki, bədnam qonşumuz daim rusların xidmətində dayanmağa çalışıb:

“Erməni diasporu vaxtilə Moskva ilə ciddi işləyirdi. Həm informasiya baxımından ruslara dəstək verirdilər, həm də siyasi cəhətdən rusların mövqelərini möhkəmləndirirdilər. Bu sahədə onların böyük təcrübəsi var.

Mən uzun müddət Yaxın Şərqdə işləmişəm. Təsəvvür edin, ərəb ölkələrində onlarla erməni qəzetləri vardı. Onların bir hissəsi erməni, bir hissəsi də ərəb dilində nəşr olunurdu. İngilis və fransız dillərində çap olunan qəzetlərinə də rast gəlinirdi. Mən jurnalist kimi hələ 1969-cu ildə Moskvada Yaxın Şərqlə bağlı işləyirdim. Biz o zaman bilirdik ki, ərəb ölkələrində nəşr edilən erməni qəzetləri SSRİ-nin dayağıdır.

Mən SSRİ-nin hansısa məsələyə dair mövqeyinin işıqlandırılması üçün adətən, Beyrut və Dəməşqlə əlaqə saxlayırdım. Belə işlər yalnız pulla başa gəlirdi. İnformasiya etibarlı qəzetlərdə çap olunmalıydı. Bu məsələdə erməni qəzetləri bizə yaxından kömək edirdilər. Əlbəttə, iş pulla görülürdü, amma hər halda asan başa gəlmirdi.

Mən ancaq mətbuat məsələlərinə baxırdım. Orada siyasi, hərbi-siyasi, təhlükəsizlik məsələləri də olurdu. Bunların hamısında ermənilər Moskvaya kömək edirdi. Onların hər yerdə adamı vardı. Moskvadan zəng edib deyirdilər ki, Səddam Hüseyn filan addımı atıb. Bunu necə öyrənmək olar? Ermənilər bir günə onu müəyyən edib cavab verirdilər. Və ya Andropov çıxış edir, ciddi məsələlərdən bəhs edirdi. Qərb mətbuatı isə dezinformasiya yayırdı ki, Moskvadan filan addım atılır. Bunu təkzib etmək lazım gəlirdi. Bu işdə ancaq TASS-in təkzibi yetərli deyildi. Bu işdə yerli jurnalistlərin öz fikirlərini Moskvanın düşündüyü kimi izah etməsi əhəmiyyətli idi. Bax, bunu ermənilər edirdilər. Bu mənada Livanın dağılması Rusiyaya ciddi zərbə vurdu. Çünki orada ermənilər hər yerdə oturmuşdu. İnformasiya baxımından işlərin 60-70 faizi ermənilər vasitəsilə həll edilirdi. Təsəvvür edin ki, ermənilərin indi ABŞ-da, Fransada, başqa ölkələrdə daha ciddi mövqeləri var. Ermənilər elə xalqdır ki, onlar əməkdaşlıqdan qaçmır. İnformasiya agentliyini təmsil edən biri kimi bizə belə dəstək verirdilərsə, görün, KQB xətti ilə nələr edirmişlər. Oradakı ermənilər arasında nə qədər KQB agentinin olduğunu Allahdan başqa heç kim bilmir. Onlar işləyirdi, təki pul olsun. Ermənilər spesifik xalqdır. Orada kürdlər, xristian ərəblər və digər xalqlar da vardı. Hamısı fəallıq göstərirdi, lakin ermənilərin fəallığı daha yüksək idi. Hansısa erməninin bacısı nazirin arvadıdır, kiminsə tanışı erməni qəzetində işləyir, hansısa nazirin köməkçisinin anası ermənidir və s. Belə xətlərdən SSRİ istifadə edə bilirdi. Yəni siyasətçilər, informasiya siyasətinə baxan şəxslər, hərbçilər, kəşfiyyatçılar onlardan geniş istifadə edirdi. Ermənilərin də belə işlərə meyli çoxdur. Onlar lap qədimdən onun-bunun kəşfiyyatında işləməyi öyrəniblər”.

Rasim Ağayev hesab edir ki, ermənilər xalq olaraq dəyişməyib:

“Hesab edirəm ki, onlar indi də Yaxın Şərqdə işləyir. Elə erməni var ki, 5 yerə işləyir. Düşünürsünüz ki, onların hamısı millətçi, vətənpərvərdir? Elə deyil. Beləsi də var, eləsi də var. Birinin xaricdə qəzeti var, gəlirsən qabağına pulu qoyursan, deyirsən, filan material getməlidir, heç məni tanıma, sadəcə ayda 5 dəfə müsbət məqalə ver. Deyəcək ki, narahat olmayın, materialı da özümüz hazırlayarıq. Düşünməyin ki, ermənilər dönməzdirlər. Sadəcə, onlarla işləmək lazımdır. Əgər onlar dönməz, vətənpərvər olsaydı, Ermənistanı bu günə qoyardılar? Faktiki olaraq Ermənistan batır. Nəyə görə batır? Erməni siyasətçiləri və ziyalılarının sarsaqlığına görə”.


Müəllif: Cavad

Oxşar xəbərlər