19 Avqust 2018 13:00
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölmək istəyənə mane olmaq lazım deyil – normadan artıq əxlaqlı İvan Dmitriç kimi rüşvət almaq üstündə şərlənməkdən qorxaraq öz qorxularının qarabasmasının təqibindən xilas olmaq istəyən kiçik bir məmura “dəli köynəyi” geyindirmişdi. Mənəviyyatı kir-pasaq içində olan kütlə içində yaşamasına icazə verməyərək altı nömrəli palataya sürükləyən Çexov bəlkə də onun haqda belə demək istəyirdi, ölmək istəyənlərə mane olmaq mümkün deyil.

Ya da ölümə qalib gəlmək mümkün deyil. Məni bu qənaətə onun ölümü, daha doğrusu, həyatın ölümün yada düşmədiyi yerində ölümə üz tutmağı zəzurətə çevirmiş bir gənc adam üçün üz vermiş bədbəxt hadisə gətirdi.

Onu tanımırdım. Özünü öldürən günədək adını da eşitməmişdim. Heç öldüyü gün təsir altında eyni istiqamətə yönəlmiş böyük axına qarışıb gözə görünmək xatirinə belə nə onun haqda, nə də intiharı haqda nəsə dedim. Belə bir adamın olduğunu onun özünü hamının görə biləcəyi yüksəkliyə qaldırıb dünyaya sonuncu dəfə kəndir həlqəsindən baxdığı gecənin səhəri gördüm. Əksəriyyət kimi...

Yenə də bu, mənim üçün adi intihar hadisəsi idi. Lakin çox adamın haqqında yazdığı ölüm hadisəsi idi. Bu gün də ən çox anım günü olan adam kimi yaddaşımdadır. Gah ad günü, gah ölüm günü, gah dostlarının haqqında yazdığı kiçik mətnlər.... Bunlar arasında məsafə o qədər qısadır ki, yaddan çıxarmaq mümkün deyil. Hər şey qırağa, kiçik oğlunun şəkillərinin gözə göründüyü hər gün onun anım günüdür.

Həyatda bəxti gətirməyən və tanımadığım bir gəncin bədbəxt taleyi zorakılıqla beynimə hücum edir. Narahat ruhu beynimi uçurur...

Mənə görə onun üçün bədbəxt hadisə o, bu dünyada ölümlü doğulduğu gün baş vermişdi. Ölümə qalib gəlməyin mümkünsüzlüyünü də buradan bilirəm. İndi onun üçün haqqında danışılan ən xoş xatirlərin, hər gün yadda qalmağın da bir mənası yoxdur. O, heç ağzından ona oxşadılan oğlunun gülüşündə də doğulmur. Çünki o, indən sonra gülmək yerinə əzab çəkəcək. Elə adamlar var ki, gülmürlər, əzab çəkirlər. Yəni, nə qədər ki, nəfəs alırsan, yaşayırsan. Birinin ölümünə içdən qalxan sevinc hissini də bura əlavə etsək, ölüm əxlaqsızlıqdan qaçış olmalıdır...

Bütün hallarda isə vaxtından əvvəl ölümü zərurətə çevirən insan öz qısır həyəcanının güdazına gedir. Bundan da bir pillə yuxarı – öz qürurunun yüksəkliyindən yıxılıb ölür. Hər nədirsə, insan gənziyini qıdıqlayan bu zəhərdən xilas ola bilmir. Ölür.

İnsan öldüyü gün göz qabağında olduğu kimi, yaddaşlardan da yoxa çıxır. Öldünsə, bitdin. Çünki heç kəs başqasına üz vermiş bədbəxt hadisəni sonunadək özünə dərd edəcək qədər əxlaq yiyəsi deyil.

Bu mənada, onu qalxdığı dünyanın sonuncu mərtəbəsindən – ağırlığına güclə tab gətirən stulun üstündən geri qaytarmaq mümkünsüz idi. İndi içimizdən biri ora qalxsa, onu da oradan aşağı düşürmək mümkün olmayacaq. Çünki məyusluq elə bir dəhşətli ləkədir ki, bunu yalnız vaxtsız ölümlə təmizləmək mümkündür.

Ölüm mənəviyyata düşmüş ləkənin yuyucu tozudur. İstənilən erkən ölümün kökündə bu məyusluq dayanır – insanın özünə olan məyusluğu...

Yəni, o, gözümüzün qabağında yox, gözümüzdən iraq yerdə yerə düşdü. Sözün əsl mənasında yerin dibinə düşdü. Sonra onun haqda onu həyatın görünməz kölgəsinə sürüyüb yoxa çıxaran səbəblərə işıq yandırmayan bir sürü cümlələr quruldu. Təriflər deyildi, məclislərdə badələr qaldırıldı. Hara gedirdimsə, ondan danışırdılar. Tanıyan da, tanımayan da, sevən də, sevməyən də ona yox, onun ölümünə qahmar çıxırdı. Əslində o badələr onun yox, həmişə sağ qalan ölümün şərəfinə qaldırılmışdı. Çünki ölüm hələlik onların yox, başqalarının canlarına daraşıb.

Qəribədir...

Lakin indən sonra heç nə ölüm yatağında olan milyardlarla xərçəng xəstəsinin əl-əl axtardığı həyatdan imtina edən onun ölə bilmək istedadına kölgə sala bilməz. İndi də onu mənim üçün gözəgəlimli edən budur. Ölüm onunla beynimin mərkəzinə yapışdı. Bundan sonra o qənaətimi dəqiqləşdirdim ki, ölümə qalib gəlmək, yaxud qeyri-ixtiyari ölümlə üz-üzə gəlmək üçün ayaqlarını özündən geridə sürüyən insanı çağırmaqla geri qaytarmaq mümkün deyil.

Bu ölüm dişlərinə qədər ona oxşadığı deyilən kiçik oğlunun yemək qırıntısı kimi dişləri arasına ilişib qalıb. Çünki onun ölümündən milyard illər keçib, amma oğlu hələ də böyümür. İndən sonra da çətin ki böyüsün. Çünki o, oğluyla həyat arasındakı körpünü yandıraraq sivişib aradan çıxdı. O, sadəcə yarımcan halda boy atacaq, böyüməyəcək...

Yəni, ölümə qalib gəlmək mümkün deyil. “Ölümü ölümlə məğlub etmək olar” – öz taqətini itirmiş bu təsəlli ətrafında irəli sürülmüş on minlərlə nəzəriyyə gözlənilən yerdən belə hücum çəkəcək ölümü geri qaytarmaq üçün qalxan ola bilmir. Ölüm elə bir bıçaqdır ki, insan doğulduğu andan beyninin içini bu bıçaqla eşməyə başlayır – sonda əlində hazır tutduğu zəfər bayrağını ürəyə sancır...

Buna görə də ölmək istəyənə mane olmaq mümkün deyil. Ağrısından xilas olmaq istəyənə də, yol vermək lazımdır.

Artıq əminəm ki, əcəl zəngini çalmadan insanı sonsuz sükutun əbədi sakitliyinə - ölümə çağıran həqiqət həyəcandır. Bu mənada, mən bu intihar haqda ilk təəssüratımda özümü onun yerinə qoymuşdum. Baxdım ki, ona oxşayıram, özümü öldürsəm, daha çox oxşayacam. Amma sonra gördüm ki, tanışları da ona oxşadıqlarından yazırlar: hamı bir-birinə oxşayırmış, hamı eyni ölürmüş, hamı eyni şeydən ölmək istəyirmiş...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər