19 Avqust 2018 15:29
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxtilə qadınlar arasında da şalvar geyinmək dəb halını aldı. Yaraşan-yaraşmayan, bədən quruluşuna uyğun olan-olmayan hər kəs şalvar geyinməyə başladı. Buna görə evlərdə narazılıq, problem yarandı, hətta bəziləri boşanmaya qədər gedib çıxdı. Sonra hicab dəbə düşdü. Bunu dinə bağlı üçün edənlər də oldu, dəb üçün edənlər də. İndi isə intiharlar dəb halını alıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri psixoloq Xanım Niftəliyeva deyib.

Psixoloq qeyd edib ki, insanlar sanki kim nə edirsə, onu yamsılamaqla, nələrisə əldə edəcəklərinə inanırlar:

“Amma bu, yalnış yanaşmadır. İntihar zəif insanların atdığı addımdır. Bir insan öz həyatını sonlandıra bilməz. Çünki biz bu həyata öz istəyimizlə gəlməmişik. Bizə bu həyatı bəxş edən var və məsləhət bildiyi zaman da biz bu dünyadan köç edib əbədi dünyaya gedəcəyik. Məsələn, bu günlərdə bir nəfər intihar etmək istəyərkən oradan təsadüfən keçən Baş nazir Novruz Məmmədov onu xilas etdi, “Qaçqınkom”un binasından özünü atmağa cəhd edən şəxs xilas edildi və mətbuat ona ev verildiyini yazdı.

Millət vəkili Qənirə Paşayeva da bir neçə dəfə insanları intihardan xilas edib. İnsanlar da düşünür ki, əgər bir insan intihara cəhd edib müsbət nəticə ilə qarşılaşırsa, deməli mən də edə bilərəm. Amma düşünmürlər ki, intiharı şansa bağlamaq olmaz. Bu bir şansdır və hər zaman insanın üzünə gülmür”.

Xanım Niftəliyevanın sözlərinə görə, ən pisi də budur ki, son zamanlar ziyalılar da bu yola əl atırlar:

“Bu yaxınlarda jurnalist, yazar canlı yayımda guya intihara cəhd edir. Artıq intiharı şouya çeviriblər. İntihar üzərindən biznes qururlar. Necə ki, başqa-başqa sahələri saxtalaşdırıb, şouya, biznesə çeviriblər, indi də intiharı bu cür edirlər. İntiharla insanları təhdid edir, qorxudurlar. Öz canlarının bahasına olsa belə nələrisə əldə etməyə çalışırlar.

Ola bilər sən intihar etdin, dünyanı dəyişdin, şəklin sosial şəbəkələrdə paylaşıldı və yüzlərlə insan “Allah rəhmət eləsin” yazdı. Burda sənin qazancın nədir? Bu intiharlara yol açan, əsasən, sosial şəbəkələr, televiziya verilişləri, efirlərimizdir. Bir insan, tanınmış sima, jurnalist, yazıçı kütlə qarşısında damarını kəsib intihara cəhd edirsə, psixoloji zəif insanlarda buna meyillilik yaranır. Vərdişə və bəziləri üçün asan yola çevrilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər