Bu qadağanı parklardakı gözətçilər tətbiq edib
Parklarda, xiyabanlarda salınan yaşıllıqlarda, ot örtüyünün üzərində oturub kitab oxumaq, musiqi alətlərində ifa etmək mənzərəsi bizə xarici filmlərdən, internetdən tanışdır. Baxmayaraq ki, bizdə də park və xiyabanlarda yaşıllıqlar, ot örtüyü salınır. Amma otluğa ayaq basmağa icazə verilmir. Səbəb park gözətçilərinin “ot örtüyünün üstünə çıxmaq olmaz!” qadağasıdır. Çoxları bu qadağadan narazıdır, xüsusilə azyaşlı uşağı olan valideynlər.
Sual yaranır, bu qazon bu qədərmi bahalı bitki sayılır ki, bunun məhv olmasından ötrü qadağalar tətbiq olunur?
“İzmir” parkının gözətçisi Səlim Ağayev deyir ki, qazonu özəl şirkətlər gətirir, fəhlələr yığır, döşənir, sonra sulanır, vaxtaşırı biçilib formaya salınır: “Bizim şirkət icazə vermir qazonda gəzməyə, çünki gəzəndə ot xarab olur. Bu, özü bitmir axı... Bir var yerdən özü çıxa, bir də var sonradan gətirilib sərilə. Təbii ot deyil axı, gətiriblər, döşəmişik”.
Qazonun dəyəri
Gözətçi şirkətin adını deməsə də, ölkədə yaşıllıqlar salınmasıyla məşğul şirkətlərdən biri olan “Gardenia” ilə əlaqə saxlayıb, qazonun faydası, ziyanı, qiyməti barədə məlumat aldıq.
Şirkətin əməkdaşı Elnur Əliyev bildirdi ki, hektarlarla əraziyə sahib olan “Gardenia” mərkəzi qazonun əkilməsini özü həyata keçirir. Toxum əkilərkən növbəlilik prinsipinə xüsusi nəzarət olunur. Ərazi əkilən zaman yetişmə rejimi müxtəlif olan toxumlardan istifadə edilir ki, qazon yerləşdirilərkən saralma və ləkə əmələ gəlməsin. Burada qazonun çıxarılması, rulonlanması və daşınması ən müasir texnoloji üsullarla reallaşdırılır".
Elnur Əliyev sabit qazonun bir neçə növ çoxillik dənli bitkilərdən - yulaf, qırtıc, tarlaotu, qaramuqdan hazırlandığını deyir: “Milli təcrübədə, adətən, üç növ otdan istifadə edirdilər: otlaq qaramuğu, çəmən qırtıcı, qırmızı yulaf və ya ağ tarlaotu. Böyük sayda müxtəlif növlərin qatışığından yaranan qazonlar az davamlıdır. Son illər şəhər obyektlərində və özəl bağlarda geniş istifadə olunan rulon qazon daha əvvəllər yaşıllaşdırma təcrübəsində yolların və güllüklərin kənarlarında yamacları bərkitmək üçün daha tez dekorativ effekti almaq üçün kiçik məsul obyektlərdə istifadə olunurdu. Rulon qazonunun yetişdirilməsi ilə dekorativ bağçılıq müəssisələri məşğul olur”.
Ekspert deyir ki, təcrübədə qeyd olunan üsulla qazonların həyətyanı sahələrin yaşıllaşdırılması üçün yaradılması böyük çətinliklərlə və maliyyə xərcləri ilə bağlıdır.
Göründüyü kimi, təbii qazonu əkib-becərmək o qədər də ucuz deyil. Bəlkə, elə buna görədir ki, qazon əkilən sahələrə insan ayağının dəyməsinə icazə verilmir.
Qazonun qiyməti də ucuz deyil. Tələbatdan asılı olaraq ilbəil dəyişir. Bir kvadratmetri 40 manata da ola bilər, 10 manata da. Bağ evlərinin yerləşdiyi Mərdəkan yolunda hazırda qazonun kvadratmetrini 6 manata da almaq olar.
Ölkəmizdə yetişdirilən qazonların toxumu Türkiyə, Hollandiya, Amerika və Kanadadan gətirilir. Bunların içərisində ən keyfiyyətlisi Amerika və Kanadadan gətirilən toxumlar hesab olunur.
“Havada olan çirkabın təxminən 40 faizini udur”
“Azərbaycan Yaşıllar Hərəkatı”nın üzvü Nuranə Rəhimova isə parklardakı yaşıllıq örtüyünün üzərində istirahətin qadağan olunmasını doğru sayır. O, bunu örtüyün salınmasının və ona qulluğun bahalı proses olması ilə əlaqələndirir: “Əvvəla qeyd edim ki, qazonlar da ağaclar kimi havanı təmizləyirlər. Onlar havada olan çirkabın təxminən 40 faizini udur.
Qazonlar da təbiətə xeyir verir. Son dövrlərdə, doğrudan da, hara gedirsən, görürsən ki, çox yerlərə qazon döşənib. Amma onlara qulluq məsələsini unutmaq olmaz. Bir həftə, iki həftə fikir vermədin, qulluq eləmədin, yanacaq. Məcbursan köhnə qazonu yığışdırıb, yenisini əkəsən. Bəzi yerlərdə qazonlara, həqiqətən də, qulluq edirlər, otunu biçirlər. Bəzi yerlərdə isə tapdalananda, xarab olanda yenisi ilə əvəz edirlər.
Ancaq çox vaxt tərsini görürük, yəni qazonlar yanır, ya da tapdalanır, amma onu əvəz edən tapılmır. Bu kimi halları göz önünə alaraq yaşıllığa qənim kəsilməməliyik . Qazonu qorumaqla faydasını daha çox görmüş olarıq, nəinki onu tapdalamaq hesabına istirahət etməklə".
Təbii olmasın, süni olsun
Təbii qazon örtüyünə qulluq etmək istəməyənlər isə həm də ucuz süni qazondan yararlana bilər. Ölkədə süni ot örtüklərinin Azərbaycanda satışını həyata keçirən “ZilviN Group” şirkətinin rəsmisi Elvin Əsədov deyir ki, süni qazon polietilen materialdan hazırlanır və həmişə yaşıldır: “Qulluğa, suvarmağa ehtiyac yoxdur. Əsasən tennis kortu, golf meydançası, bağ evləri, stadionlar üçün alınır. Xalça kimi hazırlanır, yerdən hündürlüyü 10 millimetrdən 100 millimetrə qədər olur. Süni qazonlara 8 il zəmanət veririk”.
Süni qazonun təbii qazon kimi üzərində gəzərkən əzilməsi problemi yoxdur. Müsahibimiz deyir ki, Çindən, Dubaydan, Türkiyədən gətirilən məhsullar çeşidinə, rənginə, keyfiyyətinə görə dəyişir. Bir kvadratmetri 12 manatdan 20 manatadək ola bilər.
Naibə Qurbanova