Azərbaycanın füsunkar guşələrindən olan Füzulinin erməni təcavüzkarları tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar Horadiz şəhərindəki Qəhrəmanlar parkında anma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qəhrəmanlar parkında füzulili Milli qəhrəmanların abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Rayon ictimaiyyətinin, o cümlədən ağsaqqalların, əmək kollektivlərinin nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin üzvlərinin, ərazidəki N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdikləri tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu ziyandan söz açıb. Bildirilib ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Müharibə zamanı rayon sakinlərindən 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb, 400 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Diqqətə çatdırılıb ki, 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun 20 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən müddətdə rayon ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb, işğal zamanı yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub.
Sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova işğal altındakı torpaqlarımızın azad olunacağına qəti əminliyini ifadə edib. Bildirib ki, Qarabağ müharibəsində ilk qələbələr Horadiz istiqamətində başlanıb. İlk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsi işğaldan azad edilib. 2016-cı ilin aprel döyüşləri zamanı Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu növbəti qələbə qazanıb. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi, dövlətimizin başçısının sərəncamları ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kənd sakinlərinin doğma yurdlarına qayıdışı Azərbaycanın bir qarış torpağının belə əsarətdə qalmayacağı ilə bağlı düşmənə ciddi xəbərdarlıqdır. Azərbaycan heç zaman ərazilərinin işğal altında qalması ilə barışmayacaq. Bu gün Lələtəpədə ucaldılan üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Füzulidə və hazırda digər işğal altında olan şəhər və kəndlərimizdə də dalğalanacaqdır.
Çıxışlarda vurğulanıb ki, füzulililər doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar. Onlar Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar.