28 Avqust 2018 19:02
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

1917-ci ilin 30 noyabrında “Açıq söz” qəzetində Oruc Orucovun bir müraciəti dərc edilir.

Nargin adasındakı türk əsirlərin halından bəhs edən Orucov yazır: “400 nəfər yerləşdiriləcək xəstəxanada 1200 nəfər xəstə əsirlər balıq kimi biri-birinin üstünə tökülmüş, kimisi can verir, kimisi “əfəndim su, əfəndim yemək” deyə zarıyır. Bir tərəfdə isə o gün ölmüş 40 nəfərin meyiti yekdigərinin üzərinə yığılıb düşmüşdür. Gündə 40 nəfərə qədər əsir acından, susuzluqdan, soyuqdan ölüb tələf olurlar. Əyinlərində libasları, yatmağa yatacaqları yox. Bir çoxları başları altına kərpic qoymuşlar. Quru taxta üstündə yatmaqdan bir çoxlarının yanlarında böyük yaralar əmələ gəlmiş, neçə aylardır ki, dillərinə ət dəyməmişdir... Əsirlər arasında 700 nəfər şikəst əsirlər vardır ki, bunlar da vətənlərinə göndərilməlidir... İştə bu kimi fəlakətzədələrə yardım etmək məqsədilə bu günlərdə şəhərimizdə İsmailiyyə binasında “Möhtaclara Kömək” adında bir cəmiyyət işə başlamışdır. Hər kəsdən ianə cəm etməkdədir. Həmin cəmiyyət keçən gün ət, noxud, soğan, lobya, makaron və ilaxır cümlətanı 2195 manatlıq azuqə alıb cəzirəyə göndərmiş və bundan sonra geniş surətdə yardım etməyə çalışacaqdır... Cəzirədə 5 mindən ziyadə dindaş və millətdaşlarımız biəlac bir halda yaşamaqdadır. Onların bu qürbət və əsarətdə yeganə ümidləri ancaq bizlərədir. Ehtiyac böyük olduğu üçün böyük müavinətə də ehtiyac vardır. Binaənəleyh, insaniyyət və milliyyət naminə o fələkzədələrə mərhəmət əlimizi uzadınız. Bacaran qədər müavinətdən müzayiqə etməyiniz. Hər cür libas, gömlək, tuman, yorğan, döşək, başaltı və s. ianələrdə bulununuz...”.

Azərbaycan xalqı Oruc Orucovun müraciətinə anında səs verdi. Bakıdakı məscidlər ianə kampaniyasına başladı. Tiflisdən, Orta Asiyadan, İdil-Uraldan... türk və müsəlman yaşayan bir çox yerdən Bakıdakı ianə kampaniyasına dəstək gəldi.

Azərbaycanlılar əsir düşən Osmanlı əsgərlərinə yardım etmək üçün pul göndərməklə yanaşı evindəki yorğan, döşək, köynək, şalvar, tumana qədər verdi. İsmailiyyə binasındakı xeyriyyə cəmiyyyətinə yüzlərlə axın oldu...

Eləcə də o illərdə “Qardaş köməyi” adlı təşkilat yaradılmışdı. Qars vilayəti və ətrafındakı zərərçəkən müsəlman və türklərə dəstək üçün ölkə əhalisi səfərbər edilmişdi...

***
Bunlar Azərbaycan tarixində xalqımızın xeyirxahlığının sadəcə iki nümunəsidir. Mətbuatımızın yaranmasına dəstək verən, bacarıqlı gənclərimizi oxudan milyonçularımızın fəaliyyəti haqqında kifayət qədər yazılıb. Ziyalılarımızın xalqın maariflənməsi yolunda çəkdiyi əziyyətlər, onların qurduqları cəmiyyətlər, siyasilərimizin millətimizə qarşı törədilən qətliamlara qarşı yaratdıqları təşkilatlar bilinən həqiqətlərdir.

Amma nədənsə ötən əsrin əvvəllərinə aid bir nümunə lazım olanda Sabirin kitabı ilə bağlı kampaniya xatırladılır. Halbuki, o məsələ də başqa cür olub. Sabirin kitabının çapı ilə bağlı İrəvandan Bakıya bütün Azərbaycan səfərbər olub. Dönəmin mətbuatında adbaad dəstək verənlər qeyd olunub.

Əziklik sindromundan əziyyət çəkənlər çoxdur.

Milləti aşağılamaqdan zövq alanlar çoxdur.

Buna görə də alternativləri ortaya qoymaq, millətimizin gerçək dəyərlərini təbliğ etmək lazımdır.

Məsələn, Ədalət Tahirzadənin məqaləsindən oxudum. Bolşeviklər 1920-ci ilə qədər Azərbaycanda 62 nəfər ali təhsilli şəxsin olduğunu yazırdılar.

Halbuki, Ədalət Tahirzadə gərgin əmək sayəsində 700-dən çox ali təhsillinin siyahısını tərtib edib.

Göründüyü kimi, Azərbaycan millətinin bacarıqsız olması kampaniyası bolşeviklərin hakimiyyətinin ilk dövrlərdən başlayıb. İndi də o yalanları təkrarlayanlar çoxdur...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər