Teleqraf.com AFFA-nın baş katibi Elxan Məmmədovun “Report”a müsahibəsini təqdim edir.
- Azərbaycan yığması ilk dəfə keçiriləcək Millətlər Liqasına hazırlaşır. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 7-də Kosovonu qəbul edəcək, sentyabrın 10-da isə Maltanın qonağı olacaq. Bu görüşlərdən nə gözləyirsiniz?
- Bütün rəqiblər sona qədər mübarizə aparacaqlar. Çünki qrupdakı komandaların hər birinin 1-ci yer şansı var. Bizim də məqsədimiz və gözləntilərimiz 1-ci olmaqdır. Rəqiblərimiz reytinqdə bizə yaxın kollektivlərdir. Ümumiyyətlə, D Divizionunda yer alana komandalar səviyyə baxımından bir-birinə yaxındırlar. Liqaların tərkibi müəyyənləşdirilən zaman Azərbaycan öz səbətində 1-ci idi. Yer aldığımız 3-cü qrupda cəmi 4 komada var və bu, 6 oyun deməkdir. Burada hər xal vacibdir. Çünki hansısa komanda 1 xal fərqi ilə 1-ci yeri tuta bilər. Gözləntimiz 1-ci yerdir və sona qədər mübarizə aparmalıyıq. Rəqiblərimizin də qarşılarına 1-ci olmaq məqsədini qoyduğunu unutmayaq. Əvvəllər Avropa və dünya çempionatlarının təsnifat mərhələlərində hamı qrupun favoritlərini bilirdi. İlk yerləri hansı komandaların tutacağını təxmin etmək olurdu. Millətlər Liqasında isə vəziyyət fərqlidir. Bu səbəbdən, bizə "12-ci oyunçu" lazımdır. Komandamızın yaxşı nəticə qazanması üçün azarkeşlərimiz maksimum dəstək göstərməlidirlər.
- Kosovo Futbol Federasiyası Avropanın tanınmış klublarında çıxış edən futbolçuları heyətlərinə cəlb etməklə məşğuldur. Son olaraq, İngiltərənin “Mançester Siti” komandasının Monteneqro əsilli qapıçısı Ariyanet Muriçi milliləşdirdilər. AFFA-nın bu istiqamətdə işləri necə gedir?
- Əslən azərbaycanlı futbolçularla davamlı əlaqədəyik. Son illər bu istiqamətdə uğurlu nəticələr əldə etmişik. Bir sıra oyunçuları yığmaya gətirmişik. Məsələn, Ramil Şeydayev. Sevindirici haldır ki, o, çıxış etdiyi komandalarda çox oynamasa da, özünə tez yeni klub tapa bilir. Deməli, böyük potensialı var. Bunu digər klublar gördükləri üçün dəvət edirlər. Artıq Rusiya təmsilçisi “Krılya Sovetov”da da heyətə düşməyə başlayıb. Eyni sözləri Renat Dadaşova da şamil etmək olar. Çox gənc futbolçudur, hazırda Portuqaliyanın “Eştoril” komandasında yer alıb. Millinin hər bir üzvü öz klubunda mütləq oynamalıdır.
- Azərbaycan millisinin gündəmində olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasına çağırılıb. Onun məsələsi nə yerdədir?
- Ayaz Quliyevlə sonuncu dəfə bu ilin martında əlaqə saxlamışıq. Burada futbolçudan çox şey asılıdır. Azərbaycan millisində çıxış etməyə oyunçunun da arzusu olmalıdır.
- Quliyevin belə bir arzusu yoxdur?
- Onunla daim əlaqə saxlayırıq. Bəzi məsələlər var ki, açıqlamaq istəmirik. Futbolçudan çox şey asılıdır. Ramillə Renatın arzusu var idi. Həmçinin, Emin Mahmudovun da. Onların vətənpərvər olduqları görünür. Çünki digər yığmalarda da oynaya bilərdilər, amma son seçimlərini Azərbaycan millisinin lehinə etdilər. Onların bəziləri Azərbaycanda çox az yaşasalar da, seçimlərini vətənlərindən yana etdilər. Kiminin atası, kiminin isə anası Azərbaycanda doğulub. Lakin sonradan qan çəkib deyə, buranı seçiblər. Biz həmin oyunçulara minnətdarıq.
- Ötən mövsüm Almaniya Regional Liqasında 26 qolla bombardir olan Rüfət Dadaşovun milliyə çağırılmaması nə ilə bağlıdır?
- Bu, birbaşa baş məşqçinin səlahiyyətində olan məsələdir. Biz heç vaxt baş məşqçilərin işinə qarışmamışıq və belə niyyətimiz də yoxdur.
- Son günlər əsas müzakirə mövzularından biri də Rəşad Sadıqovla bağlıdır. Onun avrokubok oyunlarında yol verdiyi səhvlərlə bağlı nə deyə bilərsiniz?
- Futbolçu oyun ərzində hər nə qədər yaxşı oynasa, bunu az müzakirə edirlər. Amma xırda bir səhv, mənfi element olanda bu, dərhal mövzuya çevrilir. Sadıqov çox təcrübəli futbolçudur, illərdir “Qarabağ”ın əldə etdiyi uğurlu nəticələrdə payı olub, ümumi işə müsbət təsir göstərib. Onun bugünə qədər “Qarabağ”ın kapitanı olduğunu unutmayın. Baş məşqçi illərdir Sadıqova güvəndiyi üçün bu etimadı göstərib. Nəticə varsa, bunu bütün komanda qazanır. Kimsə fərdi şəkildə səhvə yol veribsə belə, yekun nəticəyə komanda cavabdehdir. Yəni, uduzursunuzsa, bu, bir oyunçunun yox, komandanın səhvidir. Komandanın uğursuzluğunu bir futbolçunun üzərinə atmaq çox böyük ədalətsizlikdir. Mən də mətbuatda mütəxəssislərimizin bu mövzunu çox müzakirə etdiklərini görürəm. Həmçinin, media nümayəndələri və azarkeşlər də öz fikirlərini yazırlar. Amma bir daha deyirəm: Udanda da, uduzanda da, bu, komanda şəklində olur. Şəxsləri müzakirə etmək ədalətsizlikdir. Səhv edib qol buraxanda da komandanın adına yazılır, yaxşı oynayıb qol vuranda da. Sadıqovun “Qarabağ”a verdiyi töhfələri bir səhvə görə unutmayaq.
- Bəs Rəşad Sadıqovun milli komanda karyerasını bərpa etməsi nə dərəcədə realdır?
- Yenə deyirəm: Heyət birbaşa baş məşqçi tərəfindən müəyyən olunur. Sadıqov özü də bu məsələ ilə bağlı mövqeyini deyib. Onun hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olduğunu da unutmayaq. Rəhbərlik etdiyi kollektivin sentyabrın əvvəllərində İsrail və Norveç yığmaları ilə Avropa çempionatının seçmə qrup oyunları var. Sadıqov artıq əsas millidə son oyununu keçirib və karyerasını başa vurduğunu elan edib. Amma bununla yanaşı, bildirib ki, baş məşqçinin ehtiyacı olarsa, hər zaman qayıtmağa hazırdır. Rəşad Vətənini, milli komandanı sevən bir peşəkardır. O, artıq məşqçilik karyerasına başlayıb.
- Azərbaycanın 3 klubu bu mövsüm avrokubokda mübarizəni erkən dayandırdı. “Qarabağ” isə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Moldova “Şerif”inə 0:1 hesabı ilə uduzub. Ağdam təmsilçisi də qrupa vəsiqə qazana bilməsə, bu, Azərbaycan futbolunun səviyyəsinin aşağı düşməsinin göstəricisi sayılmayacaq?
- Bir ilə görə nəticə çıxarmaq düzgün deyil. Gözləyək, səbrli olaq, “Qarabağ”ın cavab oyununda bizi sevindirəcəyinə ümid edək. Bəli, “Şerif” minimal hesabla qalib gəlib. Amma Bakıda qalib gəlmək və lazımi nəticəni təmin etmək şansımız var. Azarkeşlərimiz, futbol ictimaiyyəti son beş ildə komandalarımızın avrokubokların qrup mərhələsində iştirakına adət edib. Elə illər var idi ki, 2 komandamız qrup mərhələsində çıxış edirdi. Ona görə də ümidlə yaşayaq, səbrli olaq. “Qarabağ”ın qrupa düşəcəyinə inanırıq.