Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında araşdırma aparıblar.
Aparatın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ərşad İbrahimovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanma şəraiti ilə bağlı Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya müraciəti ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Saxlanılan şəxslə təkbətək görüş zamanı o, 2 saylı İstintaq təcridxanasında əvvəl saxlandığı kamerada sıxlıq olduğundan və səhhətindəki problemlə bağlı hava çatışmazlığı ilə əlaqədar qaldırdığı məsələnin artıq müəssisə rəhbərliyi tərəfindən müsbət həll edilərək, kamerasının dəyişdirildiyini bildirib.
Ə.İbrahimov hazırda heç bir probleminin olmadığını, saxlanıldığı kamerada şəraitin normal olduğunu, təcridxananın ümumi şəraitindən və əməkdaşların ona qarşı rəftarından heç bir narazılığının olmadığını söyləyib.
O, habelə müvəkkilə məsələyə operativ münasibət bildirdiyi üçün təşəkkür edib.