Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib.
Deputat qeyd edib ki, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib: “Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.
Əminliklə demək olar ki, dövlət başçısının rəhbərliyi ilə hazırda həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq”.
Kamilə Əliyeva bildirib ki, bu gün ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir: “Şübhəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir”.