Sosial şəbəkələrdə əllərində stəkan tutub sağlıq deyən azyaşlıların valideynləri cərimələnib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report"a bildirib ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə spirtli içki qəbul edən və siqaret çəkən azyaşlıların videogörüntüləri yayımlanıb: "Həmin görüntülərin harada və kimlər tərəfindən çəkilməsi, internet səhifələrində yayılması ilə bağlı müvafiq araşdırma aparılıb. Nəticədə yayılmış videogörüntülərin Ağdam rayonunun Bənövşələr qəsəbəsində çəkildiyi müəyyən edilib. Həmin kəndə qonaq gələn, əslən Ağdam və Xocavənd rayonlarından olan, Bakı şəhərində anadan olmuş iki yeniyetmə bu ilin iyun ayında Bənövşələr qəsəbəsində əvvəllər tanıdıqları, həmyaşıdları olan iki qardaşla sonuncuların yaşadıqları evin həyətində məclis qurmağı və çəkiliş etməyi planlaşdırıblar. Bu məqsədlə evdən müəyyən mətbəx əşyaları və qida məhsulları gətirərək həyətə düzmüş, su doldurulmuş qabı “spirtli içki” adı ilə süfrəyə qoyublar".
Onun sözlərinə görə, “Məclis”də yeniyetmələr hazırda hərbi xidmətdə olan bir həmkəndlilərinin şərəfinə sağlıq deyərək əvvəlcədən stəkanlara doldurduqları suyu içiblər: "Az sonra sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntüləri də paytaxtdan gəlmiş oğlanlardan biri çəkərək şəxsi "İnstagram səhifəsində yerləşdirib, oradan isə sosial şəbəkələrə və müxtəlif saytlara yayılıb. Araşdırma zamanı azyaşlılar və onların valideynləri ərazi aidiyyəti üzrə polis orqanlarına dəvət edilib, onlarla zəruri profilaktik söhbətlər aparılıb, yetkinlik yaşına çatmayanların tərbiyə olunması ilə bağlı valideyn kimi üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi onlardan tələb edilib. Hər bir valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib olunub və onlar inzibati qaydada cərimə ediliblər. Gələcəkdə azyaşlılar tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsinin qarşısının alınması və onlar üzərində nəzarətin artırılması məqsədilə yeniyetmələr fərdi nəzarətə götürülüblər".
"Təəsüflə qeyd edilməlidir ki, azyaılılar barəsində bu cür neqativ halları əks etdirən məlumatlar müvafiq tədbirlərin görülməsi və qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumlarına, o cümlədən ərazi polis orqanlarına deyil, ucuz sensassiya, reytinq dalınca qaçan bəzi xəbər saytlarına, internet resurslarına ötürülür. Aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilməmiş, yoxlanılmamış belə məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir ki, bu da qətiyyən yolverilməzdir", - O.Mansurzadə qeyd edib.