5 Sentyabr 2018 14:40
4 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli ilə müsahibəni təqdim edir:

- Builki Həcc ziyarəti necə keçdi? Məkkədə azərbaycanlı zəvvarların səhhətində problem yarandığı barədə məlumatlar yayılmışdı...

- Ziyarət qaydasında keçdi. Bu il əvvəlki illərlə müqayisədə xəstələnənlərin sayı kəskin azalıb. Bir neçə ildir ki, azərbaycanlı zəvvarlardan dünyasını dəyişən olmayıb. Zəvvarlarımız dini ayinləri dəqiq şəkildə icra etdilər və sağ-salamat Vətənə dönürlər. Artıq ilk qruplar gəlib, bir neçə gün ərzində Məkkədə olan bütün zəvvarlarımız Azərbaycana qayıdacaqlar.

- Bu, neçənci Həcc ziyarətiniz idi?

- Ümumilikdə Məkkədə 10 dəfədən artıq olmuşam. Həcc ziyarətində zəvvar kimi deyil, qrup rəhbəri olaraq iştirak edirəm.

- Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolmuşdu? Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarların əlavə ödənişi nə ilə bağlıdır?

- Bəli, Həcc kvotası dolmuşdu. Əlavə ödəniş isə Səudiyyə Ərəbistanı dövləti tərəfindən tətbiq edilir. Amma bu, qrup rəhbərlərinə aid deyil.

- Ömründə bir dəfə Həcc ziyarətində olmaq fərzdir, amma bəzi şəxslər var ki, Məkkəyə 10-15 dəfə getməsini xüsusi qabardır. Dəfələrlə ziyarətdə olmaqla dərəcə əldə edilir, yoxsa necə?

- İmkanı və sağlıq durumu qaydasında olan insanlar ömründə bir dəfə Həcc ziyarətində iştirak etməlidir. Dinimiz növbəti illərdə də Həccə getməyi qadağan etmir, insan bir neçə dəfə Həcc ziyarətində iştirak edə bilər. Doğrudan da hər dəfə Həcc zamanı gələndə insanda yenidən o yerləri ziyarət etmək istəyi yaranır. Bu, qəbahətli bir şey deyil. Bəzi insanlar Həcc ziyarətinə şan-şöhrət, ad-san, müəyyən rütbə qazanıb insanlar arasında mövqe əldə etmək üçün gəlir. Bu cür insanlar çox zaman öz davranışları ilə hacı adını doğrultmurlar. Amma onların sayı o qədər də çox deyil. Neçə ildir Həcc missiyasının daxilində olan insan kimi deyə bilərəm ki, zəvvarlar içərisində səmimi olaraq ayinləri icra edən gənclərin sayı artır. Bu da sevindirici haldır. Təbii ki, neqativ məqamlar da olur, elementar davranış qaydalarını bilməyən, Həcc ayinlərini dəqiq icra etməyən insanlar var ki, sırf ad üçün gedir və artıq bunu adətə çevrib. Belə insanlara müraciət edərək, deyirik ki, xeyriyyə fəaliyyəti ilə məşğul olmaq, başqa insanlara fayda vermək, onların çətinliklərini həll etmək daha yaxşı olardı. Həcc insanlara elə bunu aşılayır. Amma Həcci bununla əvəzləmək doğru deyil.

- Bəzən belə təkliflər səslənir ki, Həcc ziyarətinə getməkdənsə hansısa tələbənin təhsil haqqını ödəmək və ya yardım göstərmək daha məqbuldur. Bu yanaşmalara münasibətiniz necədir?

- Bu dəyərləri qarşı-qarşıya qoymaq düz deyil. Hər bir dəyər öz yerində gözəldir. Əslində Həccə gedən insanlar da bu dəyərləri mənimsəmək üçün Məkkəyə üz tutur. Həccə gedib insan öz qonşusuna, millətinə biganə olacaqsa, bu, Həccin qəbul olunmaması deməkdir. Çünki Həcc insana həmdərdliliyi aşılayır, insanlar o ayinləri çiyin-çiyinə icra edir və bu, insanın ictimai məsuliyyətini unutmamasına işarə edir. Həcc ayinlərinin Qurban mərasimi ilə yekunlaşması onu göstərir ki, insan paylaşmağı öyrənməlidir. Həcc bu dəyərləri bir növ simvolik olaraq tərənnüm edir deyə Həccə gedib gələn insanlar da bu məsələlərə diqqətli olmalıdır. Kimsə hansısa tələbənin təhsil haqqını ödəyə, tanıdığı insanlar üçün faydalı olan işlər görə bilər. Bunlar Həccin ayinlərindən irəli gələn tələblərdir. Bunları icra etməyən insanların Həcc ziyarətində dəyəri yoxdur.

- Həcc ziyarətində yaş məhdudiyyəti varmı? Türkiyədə azyaşlıların Məkkəyə getməsi halı çoxdur, bizdə vəziyyət necədir?

- Qanunvericilik bunu qadağan etmir, insanlar ziyarət də daxil olmaqla öz övladlarını istənilən yerə apara bilər. Amma bunu nəzərə almaq lazımdır ki, orada çətin əməllər yerinə yetirilir. Ziyarət yay dövrünə təsadüf edir deyə hava çox isti olur və ayinlərin icrası üçün kilometrlərlə məsafə qət etmək azyaşlılara çətinlik yarada bilər. Deməzdim ki, azyaşlıların Həcc ziyarətinə aparılması məqsədəuyğun deyil, amma isti havanın onların səhhətinə mənfi təsir göstərəcəyini nəzərə almaq lazımdır. Azərbaycandan azyaşlı uşaqların Məkkəyə getdiyinin şahidi olmuşam, amma onların sayı çox olmayıb.

- Dünən Məhərrəm ayının başlanması ilə bağlı fətva verildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bəzi qrupların Aşurada təxribat törətmək istədiklərinə dair xəbərdarlıq etdi. Söhbət hansı qruplardan və təhlükədən gedir, nə kimi qabaqlayıcı tədbir görülməlidir?

- Aşura mərasimləri tarixən Azərbaycanda qeyd edilib, hətta sərt qadağaların hökm sürdüyü Sovet dönəmində Aşura mərasimləri Bakı və bütün bölgələrdə keçirilib. Müstəqillik illərində bu, daha geniş vüsət alıb və insanlar bu mərasimlərdə sərbəst şəkildə iştirak ediblər. Azərbaycan tarixində hələ Aşura günü hər hansı insidentin baş verməsi faktı qeyd edilməyib. Tariximizdə hər hansı bir xoşagəlməz, təxribat xarakterli hərəkətin şahidi olmamışıq. Ümid edirəm ki, bu il də eynilə ötən illərdəki kimi olacaq. Fətvada da qeyd edilib ki, bəzi fürsət axtaran insanlar Aşuradan istifadə edərək hansısa çirkin məqsədlərinə çatmaq istəyə, aşuranın mahiyyətinə uyğun olmayan çağırışlar edə bilərlər. İnsanlar ayıq-sayıq olmalıdırlar. Aşurada imam Hüseyn və onun silahdaşları zorakılığa məruz qalıb. Ona görə də Aşuradan istifadə edib insanları zorakılığa dəvət etmək Kərbalanın mahiyyətinə tamamilə ziddir. Din xadimləri insanlara çatdırmalıdır ki, xaricdən istiqamət alan bəzi qruplar insanların kütləvi toplanmasından çirkin məqsədələri üçün istifadə edə bilərlər. Amma hansısa real təhlükənin olduğu barədə bir söz söyləmək düz deyil. Hər bir halda ehtiyat tədbirləri görməliyik.

- Bir neçə ildir Aşura günü Azərbaycanda qan vermə aksiyası keçirilir. Artıq qonşu Türkiyə və İranda da artıq qançıxarma ilə bağlı zərərli tədbirlərdən çəkinmək tövsiyə edilir və Azərbaycandakı kimi qanvermə aksiyalarına çağırışlar olur. Bu aksiyanın mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?

- Hər il olduğu kimi bu dəfə də Aşura günü Azərbaycanda qanvermə aksiyaları keçiriləcək. Aksiyalar şəraiti olan məscidlərdə və ya yaxınlıqdakı poliklinikalarda baş tutacaq. İnsanları Məhərrəm ayı boyunca bu aksiyalarda iştirak etməyə dəvət edirik. Çünki Aşura özü fədakarlıq aktıdır, imam Hüseyn və onun tərəfdarları ümmət, insanlıq, bəşəriyyət uğrunda canlarından keçib. Həmin gün bədənindən qan çıxarmaq istəyən insanlar bunu başa qılınc vurmaqla və başqa vasitələrlə yox, ehtiyacı olanlara, xəstələrə qan hədiyyə etməklə bu işi görə bilərlər. Çünki başqa vasitələrlə bədəndən qan çıxarmaq dinimizin mahiyyətinə ziddir və şəriət nöqteyi-nəzərindən də haramdır. Azərbaycanda baş yarmaqla qan çıxarmaq halı kütləvi deyil və araşdıranda məlum olur ki, bunu edənlər dinə aid olmayan insanlardır və bunu adət halına salıblar. Keçən illərdə də bu hal kəskin şəkildə azalıb, ümid edirəm ki, bu il heç olmayacaq. Bir daha qeyd etmək istəyirdim ki, bu, həm hadisənin mahiyyətinə kölgə salır, həm də ictimai baxımdan təhlükə yaradır. Ona görə də insanları qanvermə aksiyalarında iştiraka dəvət edirik. Azərbaycanda bu təcrübə tətbiq edilir, başqa müsəlman ölkələrində, Türkiyə və İranda da Aşura günü qanvermə aksiyaları keçirilir. Müsbət təcrübənin əsasını demək olar ki, biz qoymuşuq. Bu il də bu təcrübəni davam etdirməliyik. Məscidlərdə əzadarlıq mərasimləri ilə yanaşı bu aksiyalar da keçiriləcək.

- Bu yaxınlarda cümə xütbəsində səsləndirdiyiniz “Namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan, yaxşıdır. Hər namaz qılan, hər araq içəndən üstün deyil” ifadəsi geniş müzakirəyə səbəb oldu. Buna görə sizi təqdir edənlərlə yanaşı qınayanlar da vardı. Bu barədə nə deyə bilərsiz?

- Özüm din xadimiyəm və uzun illərdir dini dəyərlərimizi təbliğ edirəm. Özüm də ibadət edən insanam. Həmin fikirləri də cümə namazında söyləmişəm. Orada namazın vacib olmadığı haqda bir söz deməmişəm. Fikirlərimi yanlış yönə istiqamətləndirdilər. Əlbəttə ki, namaz qılmaq bütün müsəlmanlar üçün vacibdir, namaz Allahın hökmüdür. Ancaq bunu da qeyd etmək lazımdır ki, namaz qılmaqla iş düzəlmir, məsələlər həll olunmur. Namaz qılan insanların içərisində az sayda da olsa, müəyyən insanlar var ki, öz çirkin mahiyyətlərini ibadət arxasında gizlətməyə cəhd göstərirlər. Bəzən namaz qılmaqla kimlərinsə etimadını qazanıb sonra o insanlara qarşı xoşagəlməz hərəkətlərə yol verirlər. Ona görə də din xadimi olaraq bunu vurğulamağı özümə borc bilirəm ki, hər bir namaz qılan sırf namaz qıldığı üçün digər insanlardan üstün deyil. Hədislərimizdə qeyd olunur ki, mömin insan o insandır ki, gördüyü hər bir insanı özündən üstün hesab etsin. Qurani-Kərimdə spirtli içkilərin qəbuluna qadağa var. Bəzi insanlar var ki, bilərəkdən və ya bilməyərək bunu edir və özünü qınayır, islah olmağa çalışır. Bu cür günah edib səhvlərini anlayıb özlərini islah etməyə çalışanlar ibadət edib özündən razı olan insanlardan üstündürlər. Bunu özümdən deməmişəm, hədislərdə də var ki, ibadət edib özündən razı olmaqdansa, günah edib özünü qınamaq daha yaxşıdır. Söhbət insanda olan təvazökarlıq xüsusiyyətlərindən gedir. İbadət əslində insanda bu xüsusiyyəti yaratmaq üçündür. Əgər namaz qılıb təkəbbürlə gəziriksə, camaata yuxarıdan aşağı baxırıqsa, bu, bizim namazımızın da saxta olduğunu göstərir. Namazın insanda ilk təsiri təvazökarlıq xüsusiyyətinin yaranması olmalıdır. Bu baxımdan bu fikirləri səsləndirmişəm.

- Quranda ayə var ki, insan və cinləri ibadət üçün yaratdıq. Bu mənada fikirlərinizin zidd olduğu barədə iddialar səslənir..

- Bəli, belə bir ayə var, insan ibadət məqsədilə yaradılıb. İbadət geniş anlamı ifadə edir, təkcə namaz qılmaq üçün deyil, insan bütün əməllərini, eləcə də təhsilini, işini Allah rızası üçün edərsə, bu, onun üçün ibadət sayılır.

- Tarixə istinadla imam başı kəsənlərin çoxunun namaz qılanlardan çıxdığına dair fikir də demişiniz. Hansı nüansı nəzərdə tutursunuz?

- Məsələn, həzrəti Əlini qətlə yetirən Əbdürrəhman ibn Mülcəm xəvaric cərəyanına mənsub olub. Gündüzlər oruc tutub gecələr ibadət edən şəxs olub, həzrəti Əlini öldürməklə savab qazanmağı düşünüb deyə məhz Qədr gecəsində, Ramazan ayının 19-cu gecəsində bu işi görüb ki, savabı daha artıq olsun. Həzrəti Əli onlar haqda deyib ki, səcdə eləməkdən alınları dəvənin dabanına bənzəyir. Eləcə də imam Hüseyni Kərbəlada qətlə yetirən insanların içərisində hətta Həccə dəfələrlə piyada gedən, ibadət edənlər olub. Bu, həqiqi ibadət deyil, cahilcəsinə, gözdən pərdə asmaq üçün edilən ibadətdir. Həqiqi mənada namaz qılan, ibadət edən insan nəinki imam başı kəsər, bir qarışqanı belə incitməz. Namaz qılanlar dedikdə zahirən ibadət edən insanlar nəzərdə tutulub ki, onlar əslində namazın da, ibadətin də mahiyyətini anlamırlar. Görüntücə ibadət edən insan hesab edilirlər, ona görə də cümə xütbəsində bu misalı çəkmişik.

- Bütün bunlardan çıxış edərək yaxşı insanı necə tərif edərdiniz?

- Yaxşı insan olmağı Allah bizə tərif edir. Allah peyğəmbərləri ona görə göndərib ki, bizi kamilliyə çatdırsın. Yaxşı insan Allaha bəndə olan insandır. Bəndəlik əslində böyük rütbədir. Biz tez-tez işlədib o sözü ucuzlaşdırmışıq. Peyğəmbərimiz kimi böyük şəxsiyyət deyib ki, mən Allah bəndəsiyəm və bəndə olmağımla fəxr edirəm. İnsan Allaha bəndə ola, Allahın buyurduğu kimi hisslərini səmimi yaşaya bilərsə, o, yaxşı insandır. Yaxşı insan olmaq təkcə fərdi ibadət edən deyil, yaşadığı cəmiyyətə, mənsub olduğu xalqa faydalı ola biləndir. Peyğəmbərimizdən soruşdular ki, insanların ən abidi hansıdır? Buyurdu ki, başqalarına daha çox fayda verən, daha abid insandır. Abid əslində ibadət sözündən yaranmış sözdür, insanlara fayda vermək, eyni zamanda Allahın vacib buyurduğu əməlləri icra etmək üstün insan olmağın şərtidir. Təbii ki, hər birimiz məsum insan deyilik, amma çalışmalıyıq ki, gücümüz çatdığı qədər Allahın bizə verdiyi ömrü onun istədiyi şəkildə yaşayaq. Əgər belə yaşayarıqsa, kamil insan məqamına ucala bilərik.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər