Aşura günü qanvermə aksiyasının keçirilməsi təqdirəlayiqdir və hər kəs tərəfindən dəstəklənir. Bu aksiyanın tərəfdarlarının ildən-ilə artdığı müşahidə olunur. Tibbi nöqteyi-nəzərdən yaşı 60-dan yuxarı insanların qanı qəbul olunsaydı, mütləq aksiyada iştirak edərdim. Qanımız hansısa Vətən övladına lazımdırsa, halal olsun.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.
Məhərrəm ayında məzhəb ayrılıqları yaratma cəhdlərinə toxunan partiya sədri xatırladıb ki, belə bir mübarizənin aparılması və getdikcə şiddətlənməsi məsələsi I Pyotrun vəsiyyətində öz əksini tapıb: “Bu istiqamətdə 300 ilə yaxındır proses gedir, ancaq Azərbaycan coğrafiyasında buna nail ola bilməyiblər. Məzhəblərarası davanı qızışdırmağa çalışanların istəkləri baş tutmayıb.
Xüsusilə Şimali Azərbaycanda bu niyyət alınmayıb, həmişə cəhdləri boşa çıxıb. Çar zamanında da, Sovet dönəmində də bu cür olub. Eləcə də müstəqillik dövründə bu təşəbbüsə cəhd göstərənlərin hamısının zəhməti havayı gedəcək, heç vaxt arzularına çatmayacaqlar. Bu, tarixən olmayıb, indi də mümkün deyil”.