Şəhriyarın Təbrizdə həbsxanada olanda yazıb mənə oxuduğu şeirlər yadıma düşür, amma “Səni deyirəm” motivində şeir yazdığını xatırlamıram. Ola bilsin yazıb mənə oxumayıb deyə informasiyasızam, o şeirin yaranması, Şəhriyara aid olması barədə məndə heç bir dəqiq məlumat yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında şair Fərid Hüseyn deyib.
Fərid Hüseyn qeyd edib ki, şair Şəhriyar Del Geraninin həbsxanada yazdığı və onun xatırladığı başqa şeirlərinin bəziləri dövri mətbuatda çap edilib: “Ancaq bu illər içərisində “Səni deyirlər” adda həbsxanada yazdığı şeirini xatırlamıram. İranda saxlanılanda 23 gün ayrı-ayrı yerlərdə tək qalmışıq, heç kəslə ünsiyyətimiz olmayıb, sonra Azərbaycan dövləti bizi azad edənədək bir yerdə saxlanılmışıq. Biz həbsdə olanda Urmiya gölünün sürətlə qurudulması prosesi başlanmışdı. Mövzu da həssas idi, problem özü də insanları çox narahat edirdi. Biz həbsxanada olan ərəfədə aksiyalarda iştirak etdiyi üçün tutulanlar vardı. Ancaq bizim kameramız siyasi kamera deyildi, “cavani” adlanan daha çox cavan şəxslərin saxlanıldığı, islah düşərgəsi kimi məntəqəydi. 3-4 nəfər vardı ki, siyasi motivə görə həbs olunmuşdu. Onlar siyasi adlı bölmə deyilən yerdə idilər, bizim həmin dövrdə 23 yaşımız vardı, siyasi bölmədə saxlanmağa yaşımız çatmırdı, görünür, bəlkə də onlardan ayrı salmaq üçün “cavani” bölməsində saxlanılırdıq. Urmiya ilə bağlı mən də narahatlıq keçirmişdim, Təbrizdə olduğum günlər içərisində arzulayırdım ki, gedib görüm. Deyirdilər ki, az qismi qalıb. Ürəyimdə ağrı kimi keçirirdim, insanların həssasiyyətini duyurdum, amma Urmiya barədə şeir yazmamışam. Mənim olmayan şeyi sonradan bəzəyib-düzəməkdən xoşum gəlmir”.
Fərid Hüseyn Urmiya gölünün qurudulmasına etiraz olaraq “Səni deyirlər” rəqs havası ilə yaranan trendi dəstəklədiyini söyləyib: “İnsanlar əllərindən alınan azadlığa qarşı həmrəylik göstərirlər. Bu, onu göstərir ki, insanların əyləncəsini əlindən almaq olmaz. İctimai qaydada əlindən alsan belə, öz evində əylənəndə necə edəcəksən? Bu, azadlığın məhdudlaşmasının mexanizminin olmadığını göstərir. Son məqama qədər insanın azadlığını əlindən almaq mümkün deyil. Urmiya hadisələri konteksindən yanaşanda bu həmrəylik aksiyasını dəstəkləyirəm”.