Bu gün Mətbuat Şurasında “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O bildirib ki, MŞ ölkədə fəaliyyət göstərən bütün qəzet və onlayn KİV ilə bağlı monitorinq aparır:
“Əsas məqsədimiz mediada dil normalarının qorunmasını yoxlamaq, tədbirlər həyata keçirməkdir. Əsas istiqamətlərdən biri leksik, qrammatik və s. pozuntularla bağlıdır. Tədbirin əsas məqsədi bu günə qədər görülən işlər haqqında məlumat verməkdir”.
Teleqraf Media Qurumunun rəhbəri Aynur Camalqızı jurnalistikadakı dil problemindən bəhs edib:
“Dilin qaydalarına riayət edən jurnalistlər həddindən artıq azdır. İxtisaslaşmış gənclər də mediada bir müddət çalışdıqdan sonra dövlət qurumlarına üz tuturlar. Son vaxtlar biz jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq edirik. Görürük ki, tələbələr, məzunlar həqiqətən də çox qüsurlu yazırlar. Jurnalistika fakültəsinin rəhbərliyi tələbələrin dərsləri media qurumlarında keçməsini təşkil edə bilərlər. Hətta müəllimlər də gəlsin, biz o şəraiti yaratmağa hazırıq. Çünki zaman sürətlə dəyişir, jurnalistika yenilənir. Sovet dövrünün təsirində qala bilmərik. Yeni medianın tələbləri tamam başqadır.
Xarici mətbuatda müqəddimə sıradan çıxıb. İnsanların vaxtı azdır, saatlarla oturub məqalə oxumaq istəmirlər. Məsələn, rus mediasında bir cümləlik xəbərlər var. İnternet mediası belə qısa və lakonik olmalıdır. Biz Axar.az saytında buna daim əməl etməyə çalışırıq”.
Analitik Elçin Mirzəbəyli bildirib ki, dil normalarının pozulmasının qarşısını almaq üçün onlayn lüğət tərtib olunmalıdır:
“Biz zamanın sürətinə uyğunlaşmalıyıq. İndi konkret iş görməyin vaxtıdır. Normal lüğət tərtib olunmalıdır ki, internet resursları da dərhal istifadə edib, səhvləri düzəldə bilsin. Söhbət sürətdən texnologiyadan və bizim bununla ayaqlaşmağımızdan gedir”.
“Xalq qəzeti”nin Humanitar siyasət şöbəsinin müdiri İlham Abbasov bildirib ki, iyun ayından monitorinqlərə başlamışıq. Əvvəllər ancaq qəzetlər yoxlamaya götürülürdüsə, indi informasiya saytları da monitorinqə cəlb olunub, bu il monitorinq qrupunda yeninlənmə aparılıb.
İ.Abbasov hazırkı monitorinqlərin əvvəlkilərdən prinsipcə fərqləndiyini bildirib: “Son 3 ayda aparılan yoxlamar göstərir ki, dil normalarının pozulması baxımından saytların vəziyyəti qəzetlərdən daha pisdir. Çünki onlayn mediada materialın təqdimatında tələskənlik var. Yazılar əgər 2-3 nəfər tərəfindən oxunsa, mətndəki 10 səhvdən 5-i olmaz. Deyirlər ki, o qədər oxumağa vaxt yoxdur. Bizim dilçi mütəxəssislər ən çox leksik pozuntulara diqqət yetirir. Məsələn, yazırlar ki, "Dünən lokantadan çıxdım, dostuma rast gəldim". Düzəliş deyəndə "lokanta” sözünü başqası ilə əvəzləyirlər, amma qrammatik pozuntulara fikir vermirlər. “Çıxdım” əvəzinə “çıxanda” olmalıdır. Nəzərə almaq lazımdır ki, belə səhvlər kütləviləşsə, aradan qaldırmaq çətin olacaq. Orfoqrafik səhvlər daha çox gözə görünür və oxucunu qıcıqlandırır”.
Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri də üslub və ifadə səhvləridir:
“Mətbuatda yol verilən səhvlərin 80 faizindən çoxu üslub və ifadə səhvləridir. Səhvlər dili və predmeti bilməməkdən irəli gəlir. Ona görə ki, ədəbiyyatdan yazan ədəbiyyatı, idmandan yazan idmanı bilmir. Jurnalist yazdığı sahəni bilməli, yazı üçün özünü hazırlamalıdır.
Hazırda bu səhvlərin aradan qaldırılması istiqamətində yoxlamalar gedir. 2012-2013-cü illərə baxanda medianın dilində xeyli peşəkarlaşma var. Ümumiyyətlə, cəmiyyətimiz, dövlətimiz dil problemlərinə əvvəlki dövrlərə nisbətən daha diqqətlə yanaşır. Bu müsbət tendensiyaya davam etmək lazımdır. Bəzi gənc qələm sahibləri deyirlər ki, Azərbaycan dili fikirləri ifadə etməyə kifayət etmir. Necə olur ki, bütün dünya ədəbiyyatı bu dilə tərcümə olunur, amma sən fikrini ifadə edə bilmirsən. Bütün bunlar dil kompleksindən, dili bilməməkdən irəli gəlir".