7 Sentyabr 2018 18:38
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lütfi Zadə ilə görüşməzdən illər öncə adını eşitmişdim, hələ Moskva Dövlət Universitetində oxuyanda qeyri-səlis çoxluqlara aid kitabı ingilis dilindən ruscaya tərcümə olunmuşdu. Onu qiyabi olaraq yaxşı tanıyırdım. İxtisası mühəndisliyin riyaziyyat tərəfidir, mən də riyaziyyatçı-fizikəm deyə o kitabı alıb oxumuşdum. Sonralar müəyyən kiçik əlaqələrimiz oldu, 2010-cu ildə Azərbaycandakı və xaricdəki intellektualların Qərb tipli yeni akademiya qurması ideyası yarandı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadənin anım günü onun barəsində xatirələrini bölüşərkən deyib.

Onun sözlərinə görə, məqsəd bir neçə ziyalının bir araya gəlib müstəqil, siyasətlə bağlı olmayan, elm, texnologiya ilə məşğul olan akademiyanın təsis edilməsi olub: “Bu sırada mən, Azərbaycandan bəstəkar Arif Məlikov, ABŞ-dan Lütfi Zadə və məşhur türk cərrah Mahmud Qazi Yaşargil, Türkiyədək türk tarixçiliyinin atası sayılan, uzun illər ABŞ-da işləyib Türkiyəyə qayıdan Xəlil İnalcıq vardı.

5 nəfər arasında əlaqə yarandı ki, yeni qurum təsis edək. Lütfi Zadə müstəqil olmağın gərəkliyini xüsusi vurğulayırdı. Beləcə Avrasiya Akademiyasını qurmaq üçün 5 nəfər çalışmalara başladıq. Bu dövrdə Lütfi Zadə həm yaşa dolmuşdu, həm də xəstə idi, həkimlər ona səfərə çıxmağa icazə vermirdi. Onda biz Kaliforniyaya onun evinə getdik. Bizi qeyri-adi dərəcədə mehriban qarşıladı. Ev paltarındaydı, amma döşünə Azərbaycan prezidentinin verdiyi ordeni taxmışdı.

Tez-tez təkrarlayırdı ki, bağışlayın, sizi rəsmi geyimdə qəbul edə bilmədim. Mən də zarafatla söylədim ki, nişan yaxanızdadır, ən böyük rəsmiyyət budur, pencəyin, ayaqqabının necə olması vacib deyil. O zaman xanımı da xəstəydi, dedi ki, sizi yemək üçün restorana aparacağam. Dedim, hərəkət imkanınızın məhdud olduğunu söylədilər, çay içdik, kifayətdir. Qayıtdı ki, elə şey olmaz, Azərbaycandan gəlmisiniz, sizi qonaq aparacağam.
Xanımından icazə almağa getdi. Ona yanaşdı, arxa tərəfdən qucaqlayıb öpdü, qulağına nəsə dedi, sonra bizimlə gəldi. Maşına oturmağına kömək etdilər. Dəniz kənarına yollandıq, maraqlı söhbətlərimiz oldu. Mövzumuzun böyük hissəsi elmlə bağlı idi. Ara-sıra Azərbaycanı yada salırdı, dövlətçilik, xalq, elm barədə danışırdı. Azərbaycana səfərlərini məmnuniyyətlə xatırlayırdı”.

Hamlet İsaxanlı Lütfi Zadənin Azərbaycana iki dəfə səfər etdiyini bildirib: “Sovet dövründə və müstəqillik dönəmində ölkəmizə gəlmişdi. Lütfi Zadə Azərbaycanda doğulub, 10 yaşına kimi burada yaşayıb. Atası azərbaycanlıdır, Ərdəbildəndir, anası rusdilli yəhudi olub, ailədə tərbiyəni rus dilində alıb. 10 yaşında ikən İrana köçüblər, məktəbdə fars dilində təhsil alıb və bu, onun ikinci dili olub.

Tehran Universitetini bitirdikdən sonra Massaçusets Texnologiya İnstitutunda təhsilini davam etdirib. Amerikaya getməzdən əvvəl ingilis dilini öyrənmişdi, Birləşmiş Ştatlarda daha da təkmilləşdirdi və bu dil onun elm dili oldu.

Onun bildiyi və danışdığı 3 dil vardı: rus, fars və ingilis dilləri. Rus və ingilis dillərini aktiv işlədirdi, fars dilindən lazım gələndə, kiminləsə qarşılaşanda istifadə edirdi. Konfranslarda əsas dil ingilis dili idi, rusdilli mühitdə rusca danışırdı. Bizimlə ingiliscə təmas qururdu.

Görəndə ki, qarşısındakı keçmiş sovet adamıdır, ingilis dilində çətinliyi var, dərhal rus dilinə keçirdi. Bir neçə söz istisna olmaqla Azərbaycan dilində bilmirdi. Bəziləri hal-küylə patriotik hisslərlə danışırlar, amma olanı demək lazımdır.

Lütfi Zadə azərbaycanlı kökü olduğunu bilirdi, Azərbaycanı sevirdi, amma nə millətçi, nə də dinçiydi. O deyirdi ki, mənim üçün vacib olan elm adamı olmaqdır. Tək Azərbaycana məxsus deyildi, vətəndaş kimi amerikalı idi, yaşayış etibarilə İran əsilli idi, bunları ümumi vurğulayandan sonra deyərdi ki, bu dünyanın adamıyam”.

Hamlet İsaxanlı hesab edir ki, Lütfi Zadəni gecə-gündüz Azərbaycan üçün çalışan adam kimi qələmə vermək doğru deyil: “Onun özü də bu barədə düşünmürdü. İki dəfə Azərbaycana gəlmişdi, elm adamı idi və düşündüyü elm idi. Azərbaycanı təbliğ etməyi nə o qarşısında vəzifə qoymuşdu, nə də başqaları.

Lütfi Zadənin qiyməti onun Azərbaycan üçün nə eləməsində deyil, elm üçün nə etdiyindədir. Azərbaycan əsilli bir alim elmə töhfələr verib və elm tarixində qalıb. O, təbliğatçı, partiyaçı, müxalifətçi deyildi. Onun işi elm idi, ondan başqa şey tələb eləmək düz deyil”.

Kanadadan Azərbaycana təzə qayıtdığı üçün Lütfi Zadənin məzarını ziyarət edə bilmədiyini söyləyən Hamlet İsaxanlı qəbirüstü abidə ətrafında gedən müzakirələrə belə cavab verib: “Heykəltəraş abidə yaradanda camaatdan soruşmur ki, onu necə edim? Özünün bildiyi, hiss etdiyi, gördüyü kimi yaradır, ona nə deyə bilərsən?

Fiziki baxımdan qəbirüstü abidə mərhumun özünə oxşamalıdır. Heykəlin duruşu heykəltəraşın təxəyyülü və planına əsasən olmalıdır. Sifariş verən varsa, abidə sifarişçinin tələbləri əsasında qoyulur. Bu barədə hay-küy qaldırmaq gərəksizdir”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər