16 noyabr 1918-ci il. Şənbə, saat 12:30-13:30 arası. Türkiyədəki Qacar səfirliyinin binası.
Qafqaz Azərbaycanının fövqəladə səlahiyyətli səfiri Əlimərdan bəylə Qacarların nümayəndəsi Mirzə Mahmud xan arasında görüş keçirilir.
Ümumi söhbətdən sonra Qacar nümayəndəsi açıq şəkildə Topçubaşova deyir:
“Siz dövlətinizi “Azərbaycan” adlandırmısınız, bu nə deməkdir? Bu, sizin İranın hüdudları daxilində yerləşən əsl Azərbaycana iddianız deməkdirmi?”
Topçubaşov cavab verir: “Qafqaz azərbaycanlılarının belə bir iddiası olmayıb və yoxdur. Axı, bu, coğrafi termindir. Azərbaycan Qafqazda da, İranda da vardır”.
Qacar nümayəndəsi etiraz edir: “Xeyr, exellance. Burada təkcə coğrafiya deyil, ondan böyük mətləb var. Daha sonra, siz özünüzü Azərbaycan türkləri hesab edirsiniz, halbuki Azərbaycanda – ümumiyyətlə Qafqazda və İranda türklər heç yoxdur. Hamı iranlıdır, sizin ata-babalarınız – hamısı iranlı olub”.
Topçubaşov ona cavab vermək istədikdə səfir həyəcanla sözünü kəsir: “Sizin sivilizasiyanız, mədəniyyətiniz, adət-ənənələriniz, hətta geyimləriniz – hamısı iranlınınkıdır”.
Topçubaşov səfirə xalqların mənşəyini izah edən elmlər olduğunu başa salmağa çalışsa da, səfir anlamır və açıq mövqeyini deyir:
“...Mən ən əvvəl iranpərəstəm, məhz öz ölkəmi sevirəm və onun maraqlarını qorumalıyam”.
Səfirin məramı aydın idi. Onlar Cənubi Qafqazda Azərbayan adlı dövlətin qurulmasını və buradakı xalqın adının türk kimi adlanmasını istəmirdilər.
Topçubaşov 11 yanvar 1919-cu ildə şənbə günü məşhur Pera Palas otelində Qacarların xarici işlər naziri Əli Qulu xanla görüşür. Nazir də Topçubaşova “Azərbaycan” adına görə irad tutur:
“Biz sizin müstəqilliyinizi xüsusilə arzulayırıq. Sizin eşitdiyiniz, sadəcə “Azərbaycan” adı ilə yaranan bir anlaşılmazlıqdır. Mənə elə gəlir ki, bu mənada sizin tərəfinizdən səhvə yol verilib: axı bu vaxta qədər mərkəzi Təbriz olmaqla bizim ərazi Azərbaycan adlanırdı”.
Hələ Rəsulzadə bu söhbətdən əvvəl İstanbulda ikən Qacar səfirinə tanınma ilə bağlı məktub göndərmiş, səfir isə cavabında “Azərbaycan” adlı dövlət tanımadığını bildirmişdi. (Yazının sonundakı sənədlərə bax).
Eləcə də Cümhuriyyət illərində Qacar mətbuatında dəfələrlə “Azərbaycan” adına qarşı kampaniya aparılmış, Rəsulzadə isə mətbuatda “Azərbaycan və İran” başlığı ilə bir neçə cavab yazısı yazmışdı.
Rəsulzadə açıq şəkildə bildirir: “Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyatı haqqındakı davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişik”.
Cümhuriyyətin işğalından sonra da Tehran müstəqil Azərbaycan adına qarşı mübarizəsini davam etdirir. Belə ki, Rəsulzadə 1923-cü ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti” kitabını yazıb ölkəmizi təbliğ edəndə Tehranda çap olunan "Mihen-i yevmiye" qəzeti bu kitabı tənqid edir, əleyhinə məqalə çap edir.
Rəsulzadə də bu məsələyə geniş bir məqalə həsr edərək "Yeni Kafkasya" jurnalında çap etdirir.
Həmin məqalədən sitat: “İranlı dostlarımızın ən çox hirsləndikləri şey mənim azərbaycanlıların türk olduqlarını iddia etməyimdir. Fəqət bu iddiaya hirslənməkdən daha bayağı bir şey təsəvvür etmirəm. Bir xalqın milliyyətini tədqiq edərkən, danışdığı dilin əhəmiyyəti varsa, bu məntiqlə azərilər türkdür... Çingizin təbrizliləri fars ikən türk etdiyini söyləmək qədər qeyri-ciddi bir cavab təsəvvür edilə bilməz... Dədə Qorqudun dili bu gün İrəvan ilə Təbrizdə söylənən dildən çox da fərqli deyil...”
Çünki başa düşürdülər ki, Arazın şimalında yaşayan Azərbayan türkləri azadlıqlarını əldə etdikləri kimi ilk fürsətdəcə cənubda yaşayanlar da bir gün azad olacaqlar. Buna görə də davamlı şəkildə çayın hər iki tərəfinin ortaq siyasi adı olan Azərbaycana qarşı çıxırdılar. Amma bacarmadılar. Elə səfirin sözünü kəsdiyi Əlimərdan bəyin sayəsində Azərbaycan adı bir dövlət adı kimi Parisdə tarixə yazıldı, indi də dünya tərəfindən tanınır.
Arazın cənubuna gəldikdə isə İran artıq müstəqil Azərbaycan faktorunu məcbur qəbul edib. Azərbaycan adlı dövlətin varlığı Güney Azərbaycanda yaşayan türklər üçün də bir ümiddir.
Ona görə də İran dövləti və onun Avropadakı havadarları tarixi Azərbaycan ərazisinə Şimali İran desələr də, bu arzuları boğazlarında qalacaq. Güney Azərbaycan üçün “Şimali İran” ifadəsinin işlədilməsi ancaq və ancaq manqurtlaşmağın nəticəsində mümkündür. Ya da ki Xamneyinin kabinetindən qidalanmağın.
Bir zamanlar Rəsulzadə yazırdı: “Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər əngəllərə rast gəldik, nə töhmətlərə məruz qaldıq”.
Görünür, İranın dəstəyi ilə bu əngəllər indi Güney Azərbaycan üçün çıxarılır. Amma nə fayda?
Gün gələcək, Rəsulzadə kimi Güneyə azadlıq bəxş edən qəhrəman da bu əngəlləri xatırlayacaq və keçmiş zamanda bəhs edəcək.