11 Sentyabr 2018 09:06
2 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dərs ilinin ilk günündə ağlayan, valideynlərindən ayrılmaq istəməyən birincilər həyəcan keçirirlər. Bəs bunun qarşısını almaq üçün valideynlər nə etməlidir? Birinciləri məktəbə necə hazırlamaq lazımdır?

Psixoloq Gülnar Orucova Teleqraf.com-a açıqlamasında deyib ki, məktəb yaşı çox önəmlidir, uşaqda qorxu varsa, həmin yaşa diqqət etmək lazımdır: “Uşaqları məktəbə hazırlamaq lazımdır. Yaponyada uşaqların pedaqoji hazırlığı 3-5, Azərbaycanda 5-6 yaşdan başlayır”.

Məktəbə gedən uşaqlarda xofun yaranma səbəblərindən danışan psixoloqun fikrincə, valideynlər uşaqlarını sosiallaşdırmır: “Valideyn uşağını heç bir bağçaya, məktəbəqədər hazırlığa qoymayıbsa, əlbəttə, uşaqda məktəbi gördüyü ilk andan qorxu yaranacaq. Çünki sərbəst böyümüş uşaq 45 dəqiqə bir parta arxasında əyləşməkdə çətinlik çəkir. Həm də müəllimlərin ciddi və oturaq şəraitdə dərs keçməsi uşaqlarda məktəb xofunun yaranmasına səbəb olur”.

Gülnar Orucova bildirir ki, buna səbəb eyni zamanda sosial adaptasiya problemidir: “Birincilər adaptasiya olmaqda çətinlik çəkirlər. Özgüvənsiz və küsəyən uşaqlar tək qalmaqdan daha çox qorxurlar”.

Psixoloq vurğulayır ki, bəzən müəllimlər valideynlərə uşaqlarla sinifdə oturmağa icazə verir. Bu isə doğru: “Heç bir pedaqoq buna icazə verməməlidir. Belə olanda uşağın adaptasiya problemi aylarla davam edir”.

Uşaqlara yalan danışmağın zərərli olduğunu qeyd edən psixoloq valideynləri belə haldan uzaq durmağa çağırır: “Misal üçün, valideyn uşağa deyir ki, burda oturub səni gözləyirəm. Belə yalanı uşağa deməyin. Çıxıb sizi orda görməsə travma ala bilər”.

Psixoloq məsləhət verir ki, uşaqlarınızın tez adaptasiya olmasını istəyirsinizsə, ona məktəbə nə üçün getdiyini başa salın: ”Onlar bilməlidir ki, oxusalar nəyi qazanıb, nəyi əldə də bilərlər... Əgər belə fikirləri uşaqda formalaşdırıb, məktəbə sevgi yaratsanız xofu da üzərindən götürmüş olarsınız. Bu prosesin əsas ağırlığı pedaqoqların üzərinə düşür. Onlar mülayim davransalar, xoş rəftar göstərsələr uşaqlar daha tez adaptasiya ola bilərlər”.

Psixoloq uşağı əvvəlcədən düşdüyü mühit haqqında məlumatlandırmağı məsləhət görür.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər