Məhərrəm ayının 10-cu günündə, Aşura mərasimində mərhəmət aksiyası kimi ehtiyacı olan insanlara yardım məqsədilə çoxsaylı insanlar könüllü qanvermə aksiyasına qoşulur.
Bu sözləri Teleqraf.com-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hər il həmin gün qanvermə aksiyaları keçirilir: “Bu il qanvermə məntəqələrinin sayı artırılıb. Bakı şəhərinin 8 inzibatı rayonunda yerləşən məscidlərdə, Nəsimi rayon ərazisindəki 20 saylı şəhər poliklinikasında, 14 saylı birləşmiş şəhər xəstəxanasında, eləcə də Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək.
Eyni zamanda 16 bölgəmizin məscid və xəstəxanalarında da qanvermə aksiyasına şərait yaradılacaq.
Ümumililikdə respublika üzrə onlarla məscid, 8 xəstəxanada və Mərkəzi Qan Bankında qanvermə aksiyası baş tutacaq”.
Qeyd edək ki, bu il Aşura günü sentyabr ayının 20-sinə təsadüf edir.