13 Sentyabr 2018 14:41
3 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi tənqidçi Əsəd Cahangirin ədəbiyyat haqda heç bir sözünə ciddi yanaşa bilmirəm.

Bunu Teleqraf.com-a açıqlamasında şair Aqşin Yenisey deyib.

A.Yeniseyin sözlərinə görə, ədəbiyyat haqda onu tənqid edən Əsəd Cahangirdən daha çox məlumatlıdır:

“Bu, artıq ədəbiyyatda arxaik bir məsələdir. Yazıçının, şairin, rəssamın Allahdan, yoxsa şeytandan ilhamlanması, cəhənnəmə, yoxsa cənnətə üz tutması, işığı, yoxsa qaranlığı seçməsi XXI əsr ədəbiyyat çevrələrində lətifə mövzusudur. Əsəd kimi həyatı və yaradıcılığı günahlarla dolu olduğu üçün Allaha, cənnətə, işığa yaltaqlanan adamlar mənim kimi cəhənnəm qorxusu olmayan müəllifləri oxuduqda, bir az pərt olurlar. Tanrı anlayışı insan vücudundakı vəhşi instinktlərdən güc alır. Bu fikrə gəlib çıxmaq üçün mən iki Əsəd ağırlığında ədəbiyyat oxumuşam.

Dünya ədəbiyyatı üçün İsa bu gün peyğəmbər kimi yox, çoban kimi maraqlıdır. Əsəd hələ də ilişib qalıb Dostoyevskinin pravoslav ah-naləsində. Bu adamın, ümumiyyətlə, ədəbiyyat haqqında heç bir sözünə ciddi yanaşa bilmirəm. Onunla təkcə öz yazılarım haqqında deyil, ümumiyyətlə, hər hansı ədəbi polemikanı vaxt itkisi hesab edirəm”.

Qeyd edək ki, ədəbi tənqidçi Əsəd Cahangir Teleqraf.com-a müsahibəsində Aqşin Yeniseyi tənqid edib.

Müsahibədə şairi “uğursuz romançı” adlandıran tənqidçi qeyd edir ki, Aqşin Yeniseyin bu düşüncəsi ilə şair Məhəmməd Füzulinin birinci mərtəbəsinə də girmək mümkün deyil: “Aqşin öz ilhamını aşağı, infernal qatlardan alır. Və bütün infernal auralı şairlər kimi onun da şeirləri özünün ən ümumi ideya istiqaməti və ruhu ilə mənə yaddır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər