13 Sentyabr 2018 17:38
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu-100” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılov, millət vəkili Qənirə Paşayeva, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, böyük siyasi xadim Ənvər Paşanın nəvəsi Arzu xanım Ənvər, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tarixçi Nəsiman Yaqublu, Türkiyədən gələn nümayəndə heyəti və başqaları iştirak ediblər.

Əvvəlcə 1918-ci ilin 15 sentyabrında Bakının erməni bolşeviklərindən azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İlham İsmayılov bildirib ki, bu günlərdə Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanır:

“Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. İstanbul Türkiyə Azərbaycan Dərnəyinin 16 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib. Onların gəlişi bu tədbirin əhəmiyyətini daha da artırır. Bugünkü tədbir dostların, doğmaların yığıncağıdır”.

Millət vəkili Qənirə Paşayeva çıxışı zamanı tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən gələnlərə təşəkkür edib:

“Azərbaycanın müstəqilliyi üçün çalışan, həyatını fəda edən böyük aydınların qarşısında baş əyirəm. Çünki o fədakarlar müsəlman şərqində ilk cümhuriyyət olan dövlətimizin qurulmasında böyük rol oynayıblar. O illərdə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində soyqırımlar törədirdilər. O ağır dönəmdə Ənvər Paşanın göstərişi ilə Nuru Paşanın rəhbərlik etdiyi Türk İslam Ordusu Azərbaycanımıza dəstəyə gəldilər və soyqırımı dayandırdılar. Paytaxtımız Gəncədən Bakıya köçürüldü. Daha doğrusu, Bakı erməni-daşnak işğalından azad olundu. Necə ki, Çanaqqala zəfərində Azərbaycan türkü fədakarlıq etmişdi, eləcə də Türkiyə türkləri ölkəmizə gələrək, çox böyük örnək göstərdilər. Bununla qardaşlığın nə demək olduğunu görmüş olduq”.

Ənvər Paşanın nəvəsi Arzu Ənvər Azərbaycana gəldiyinə görə məmnun olduğunu bildirib:

“15 sentyabr ərəfəsində burada olduğuma görə hədsiz xoşbəxtəm. Heç vaxt başqa ölkələrdə Azərbaycanda olduğum qədər xoşbəxt olmamışam. Babamın və böyük əmimin bura niyə bu qədər bağlı olduğunu indi çox yaxşı anlayıram. Bura hər zaman bizim üçün çox qiymətlidir”.

Professor Anar İsgəndərov da Bakının işğaldan azad edilməsində ölkəmizə dəstək olan türk ordusundan danışıb:

“Qafqaz İslam Ordusu Bakının azad olunması uğrunda 1000 nəfərdən artıq şəhid verib. Məhəmməd Əmin Rəsulzadə bu zəfərlə bağlı yazırdı ki, Bakının azad edilməsi ilə baş bədənə birləşdi.

1918-ci ildə Təkcə Qafqaz İslam Ordusu yox, 1918-ci ilin martından vətəninə həsrət qalan azərbaycanlılar Bakıya daxil oldu. 1918-ci ildə qurulan cümhuriyyətə nə qədər seviniriksə, 23 ay yaşamasında rolu olan Qafqaz İslam Ordusuna da o qədər minnətdarıq. Əminəm ki, biz hər il Nuru Paşaya daha da yaxınlaşırıq. Nuru Paşaya yaxınlaşmaq Qarabağa yaxınlaşmaq deməkdir.

Cümhuriyyət liderlərinin, eləcə də Qafqaz İslam Ordusunun bizə dediyi bir cümlə var: işğal edilmiş torpaqlarımız azad olunmalı, üçrəngli bayrağımız daim dalğalanmalıdır”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər