15 Sentyabr 2018 08:35
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəslinin son günlərini yaşayırıq, bir azdan payız gələcək. Fəsil dəyişkənliyi həm psixologiyamıza, həm də fiziologiyamıza təsir edir. Yeni mövsüm yeni qida, təzə vərdişlər deməkdir. Tanınmış həkim-diyetoloq, Azərbaycanda ilk diyet kitablarinin müəllifi Leyla Zülfüqarlı sağlam və qalıcı arıqlamaq istəyənlər üçün Teleqraf.com-un suallarını cavablandırıb.

- Leyla xanım, indi saysız- hesabsız diyet proqramları və insanları yanlış yönləndirən diyetoloqlar var...
- Sağlam arıqlamaq üçün mütləq köklüyün səbəbini bilmək lazımdır. Hardasa 7 növ piylənmə, köklük səbəbi var ki, onları bilmədən yanlış istiqamətdə müdaxilə ediləndə düzgün arıqlamaq mümkün olmur. Sağlam arıqlamaq üçün orqanizmi düzgün tanımaq lazimdir.

Əks halda vacib maddələri, məsələn, mayeni itiririk, yağ isə yerində qalır. Halbuki düzgün arıqlama odur ki, bədənin vacib maddələri yerində qalsın. Biz mayeyə olan tələbat səbəbindən insanlara daha çox su içiririk. Ən sağlam arıqlamaq odur ki, bədəndə yağ parçalansın. Mən proqramımda insanın əzələsini suyunu artırır ve yağ toxumasını parçalayıram. Bu zaman normal arıqlama baş verir.

- Mövsüm əvəzlənməsi zamanı insanların psixologiyasında dəyişiklik olur, payız stressi insanları daha çox yeməyə meylləndirir. Bəs necə qidalanmalıyıq ki, artıq çəki almayaq?
- Mövsüm əvəzlənməsi zamanı bədəndə hormonal dəyişiklik baş verir ki, nəticədə orqanizmdə yavaş-yavaş melatonin, yəni yuxu hormonunun ifrazı artır. Bu, getdikcə gündüzün müddətinin azalması ilə bağlıdır. İnsan daha çox ev şəraitində vaxt keçirmək istəyir, artıq yemək yediyi üçün kökəlmə təhlükəsi artır.

Bunun qarşısını almaq üçün yediyimiz qidaların qlikemik indeksinə fikir verməliyik ki, qəbul olan qida dərhal şəkəri yüksəltməsini önləyə bilək. Belə qidalar həmişə yediyimiz çörək, kartof, şəkərli məhsullardır. Payız-qış mövsümündə bu cür qidalardan qaçmalıyıq.

- Bol su içməyin faydaların az-çox hamımız bilirik. Gün ərzində neçə litr su içmək vacibdir və ən əsası, faydaları nədir?
- Suya olan tələbat qidaya olan tələbatdan iki dəfə çoxdur. Biz yediyimiz qidadan çox su içməliyik. Normal olaraq orqanizmin hər kiloqramı üçün 30 ml suya ehtiyacı var. 60 kiloqram çəkisi olan insan gün ərzində 1.8 -2 litr su içməlidir. Su içdiyimiz zaman hüceyrələrarası maye çoxalır. Su nəinki arıqlamağa kömək edir, həm də metabolizmanı sürətləndirir. Su bütün kimyəvi proseslərdə iştirak edir deyə qidadan aldığımız vacib maddələrin parçalanmasında da rolu böyükdür. Qidanın keyfiyyətini düzəltmək üçün biz su içməliyik.

- Leyla xanım, hormonal dərman atan qadınlar kökəlməyə meylli olduqlarını və arıqlamaqda əziyyət çəkdiklərini deyirlər. Bunun üçün nə etmək lazımdır?
- Ölkəmizdə 35-45 yaş arası insanların hormonal preparatdan asılılığı var. Hamiləlik dövründə kilo almaq vaz keçilməzdir. Bu zaman sadəcə doğru bəslənməyə sadiq qalmaq şərti ilə əlavə heç nə etmək lazım deyil. Zaman keçdikcə bu, yoluna düşür. İkincisi, menstruasiyası pozulan və menopauza dövründə qəbul edilən bir çox preparat çəki gətirir. Hormonal dərmanlar qadınların qorxulu yuxusuna çevrilib. Müalicə üçün bundan imtina edə bilmirlər. Belə vəziyyətdə yeganə çıxış yolu klassik diyeta qanunlara əməl etməkdir. Misal üçün, çay yox, su içmək, şirniyyatlardan, sərt qidalardan uzaq olmaqla yanaşı metabolizmanı sürətləndirəcək addımlar atmaq gərəkdir.

- Bəs doğuşdan sonra qadınlar arıqlamaq üçün nə etməlidirlər?
- Doğuşdan sonra arıqlamaq üçün biz xüsusi proqramlarla işləyirik. Hamiləlik dövründə 18 kiloqrama qədər çəki almaq normaldır. İlk 40 gün sadəcə orqanizmdə yüksək olan hormonların yerinə oturması prosesi gedir. Bundan sonra rahat şəkildə arıqlamaq mümkündür.

- Belə düşüncə var ki, axşam saat 6-dan sonra heç nə yemək olmaz. Axşam saatlarında ac qalmaq nə dərəcədə doğrudur?
- Axşam saatlarında ac qalmaq məsələsi mifdir. Axşam saatı deyəndə hansı saatı nəzərdə tutmaq əsasdır? Çünki bu, nisbi anlayışdır. Yatmaqdan 3 saat öncə son yeməyi yeyə bilərik. Əgər gecə saat 1-2-də yatırıqsa, saat 6-7 də son yeməyi yemək düzgün deyil. Amma axşam saatlarında mütləq qlikemik indeksi düşük qidalar yemək lazımdır.

- Bir çox insanların idmana vaxtı çatmır. İdman etmədən, təkcə diyet saxlamaqla arıqlamaq olurmu?
- Bəli. Bu, şəxsən mənim proqramımda var. Düşünürəm ki, dünyada belə proqramlar azdır deyə insanlar buna inanmır. Mən idmansız arıqlamaq metodunu uğurla tətbiq edirəm. Bunun üçün öncə fizioloji amilləri nəzərə almalıyıq. Köklüyün, hətta sərt qida vərdişindən əmələ gələn köklüyün də əsasında neyrohomoral pozğunluqlar durur.

Mən bütöv sistemə, yəni mübadilə sisteminə təsir göstərməklə fiziologiyada ciddi iş görürəm. İlk həftələrdə yağ toxumasının parçalanmasına nail oluram. Buna idmansız nail ola bilirik. 80 kiloya qədər arıqlatdığım insanlar var. Onlar hormonal pozğunluğu olan insanlardır. Bunun nəzəri hissəsi üçün kitablar yazmışam. “Köklüyün sirri, arıqlığın açarı” və “Sağlam bəslən, arıqla” kitablarının müəllifiyəm. Hər bir köklüyün konkret səbəbləri var. İdmansız arıqlamasına nail olduğum insanlarda 90 faiz uğurun səbəbi odur ki, köklüyün əsasını tapıram. Amma idmanın gərəkliyini də inkar etmirəm. İdman bədən tərbiyəsidir, insanlarının bədəninin, əzələlərinin də tərbiyəsi olmalıdır. Normal bədən tərbiyəsi hər kəsə tövsiyə olunur.

- Adətən diyet saxlayan insanlar istəyir ki, aclıq hissini öldürsün. Bunun üçün bizi tox saxlayan az kalorili qidalar hansılardır?
- Bizi tox saxlayan az kalorili qidalar pendir, yumurta, yağsız ətdir. Daha çox zülal tərkibli qidalar bizi tox saxlayır. Əgər gün ərzində çox yeməkistəmirsinizsə , gününüzə bir dilim tam taxıllı çörəklə başlayın.

- Leyla xanım, gün ərzində təkcə meyvə yeməklə arıqlamaq mümkündürmü?
- Xeyr. Gün ərzində təkcə meyvə yeməklə biz karbohidrat mübadiləsinin pozulmasına səbəb ola bilərik ki, bu özü ayrılıqda böyük bir patologiyadır.

- Bəzi insanlar uzun müddətli diyetlə yox, qısa vaxtda arıqlamaq istəyirlər. Ümumiyyətlə, arıqlıq qalıcı olurmu?
- Diyet anlayışına spektiv yanaşırıq. Əslində diyet sağlam həyat tərzi deməkdir. El arasında rejimli, saatlarla qidalanma kimi başa düşülsə də, bu, şərt deyil. Çox kök olmayan insanlar rejimlə qidalanmadan belə, düzgün bəslənmə ilə arıqlaya bilərlər. Qısa vaxtda da arıqlamaq mümkündür. Bir həftə ərzində yağ toxumasından itirməklə 2,3,ve 4 kiloqram arıqlatdığım pasientler olur.Qısa müddətdə arıqlama zamanı əgər yağ toxuması parçalanıb yox olursa, o kilo geri qayıtmır. Bu səbəbdən yağdan arıqlamaq vacibdir.

- Günümüzün bəlası həm də piylənmədir. Piylənmə hansı xəstəlikləri yaradır?
- Piylənmə özü xəstəlikdir. Bu səbəbdən digər orqanları da sıradan çıxara bilir. Şəkərli diabet, qalxanvari vəzinin xəstəlikləri, ürək xəstəlikləri, oynaq hərəkət sisteminin pozğunluqları kimi xəstəliklər piylənmə nəticəsində yaranır.

- Təkcə qadınlar deyil, kişilər də köklükdən əziyyət çəkirlər, onlar üçün arıqlamaq daha çətindir. Onları kökəldən səbəblər hansılardır?
- Qadınlar kişilərdən çox kökəlmir, sadəcə qadınlar bu barədə daha artıq narahat olurlar. Əslində kişilərin arıqlaması daha çətindir. Bir kişi qısa müddət ərzində dad reseptorlarını məmnun edən qidalardan imtina etmək istəmir, ona görə də zövq aldığı hər şeyi həyatından çıxartmadan arıqlamaq istəyir. Burda alkoqollu içkilər, spirt, siqaret amilləri də var. Kişi orqanizmində məhz bunlara yox demədən onları arıqlatmaq lazımdır. Kişilərin köklük səbəbləri spirtdən asılı və asılı olmayaraq iki yerə ayrılır. Qadınlar üçün isə daha çox hormonal pozuntular nəticəsində arıqlamaq çətin olur.

- Ən böyük problemlərdən biri də çəkini itirdikdən sonra onu sabit saxlamaqdır. Bunun üçün nə etmək lazımdır?
- İlk növbədə necə arıqlayacağımız məqama fikir verməliyik. Kor təbii, qeyri-professional diyet, orqanizmə ziyan vuran qaydalar səhvdir. Bu səhv nəticəsində əmələ gələn arıqlama qısa müddətlidir. Daha çox sağlam qidalanmaqla fizioloji istiqamətdə arıqlamaq düzgün və sabit proses sayılır.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər