Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirmiş tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 13 belə tələbə Dövlət Aqrar İnkişaf Mərkəzlərində işlə təmin ediləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimində deyib.
Kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşən nazir işlə təminatla bağlı ənənənin hər il davam etdiriləcəyini söyləyib.
İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstərəcək DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.