19 Sentyabr 2018 14:37
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkə sevgisi olmayanlar, türk mədəniyyətini aşağılamağa çalışanlar, farsları ari irq sayanlar və fars dilini türk dilindən üstün hesab edənlər başları pozuq adamlardır. Onların bir çoxu Azərbaycanda yaşaya-yaşaya qərəzli işlərlə məşğuldurlar. Gah Nizamiyə, gah da başqasına dil uzadırlar.

Bunu Teleqraf.com-a açıqlamasında yazıçı, keçmiş millət vəkili Sabir Rüstəmxanlı deyib.

O, yazar Güntay Gəncalpın Azərbaycan şairi Nizami Gəncəvi haqda səsləndirdiyi fikirləri tənqid edib:

“Güntay Gəncalp Avropada oturub Azərbaycanın dəyərlərini gözdən salmaqla məşğuldur. Ona 15 məktub yazdım, amma təəssüf ki, başa sala bilmədim. Babəkdən Şah İsmayıla, Səttarxana qədər hamını qaralayır. Faktlarla, arqumentlərlə sübut etsəm də, yenə görürəm ki, Azərbaycanın milli-mənəvi dəyərlərinə hücum etməklə məşğuldur. İndi Nizaminin üstünə düşüb ki, İran şairidir.

Nizaminin yaşadığı dönəmdə Gəncə də daxil olmaqla, indiki Azərbaycan əraziləri türk Atabəylər dövlətinin tərkibində idi. Nə qədər üzə çıxarmasalar da, buna mane olsalar da, Nizaminin türk dilində yazdığı şeirləri tapılıb və Güney Azərbaycanda kitab şəklində çap olunub. Amma Azərbaycan ədəbiyyatının fars qanadının tərəfdarları həmin şeirlərin Nizamiyə aid olmadığını iddia edirlər. Halbuki mən o şeirlərə baxmışam və Nizaminin fars dilində yazdığı şeirlərlə eyni ruhdadır”.

Nizaminin həmin dönəmdə Gəncədə yaşadığını deyən Sabir Rüstəmxanlı qeyd edib ki, Gəncə türk şəhəridir və burada fars təsiri heç vaxt güclü olmayıb:

“Nizamidən başqa da fars və digər dildə yazan şairələrimiz olub. Elələri var ki, 5 dildə yazıblar. Bu, onların azərbaycanlı olmadığını göstərmir. Nizami dönəmində bütün Avropa şairləri latın dilində yazırdılar. Bu gün Azərbaycanda və digər ölkələrdə rus dilində yazan yazıçılar, şairlər var. Çingiz Abdullayev, Çingiz Hüseynov da rus dilində yazır, Maqsud İbrahimbəyov da rus dilində yazırdı. Bu, onların azərbaycanlı yazıçı olduğunu inkar etmir. Nizami də böyük Azərbaycan şairidir. Əgər deyilsə ki, fars dilində şeirlər yazmış Nizaminin İran ədəbiyyatında yeri var, bunu başa düşmək olar. Amma onu İrana bağlamaq qəbuledilməzdir.

Təəssüflər olsun ki, bu gün türklərin, bəlucların, ərəblərin, kürdlərin və digər millətlərin dəyərləri iranlılaşdırılır. Ərdəbil, Marağa, Təbriz, Şirvan, Qarabağ ustalarının hazırladıqları sənət əsərləri də fars adı altında təqdim edilir. Biz bunu ayırd edib başa salmalıyıq ki, bunların İrana aidiyyatı yoxdur. İndi də Nizamiyə əl atırlar. O, Azərbaycanda yaşayıb, buranın övladıdır və onu heç kəs Azərbaycandan qopara bilməz”.

Yazıçının sözlərinə görə, Nizaminin həyat yoldaşı Afaq türk qızı olub: “Afaq qıpçaq çöllərindən gəlmişdi, fars dilini də bilmirdi. Bəs Nizami onunla hansı dildə danışırdı? Əlbəttə, türk dilində danışırdı.

Mən Nizaminin əsərlərindən çəkilmiş “Miniatürlər” kitabını İranın dini lideri Xameneyiyə verəndə ona dedim ki, bu, sizin İran ədəbiyyatı dediyiniz ədəbiyyatın ən böyük yaradıcılarından biri, türk oğlu Nizami Gəncəvinin kitabıdır. “Bəh-bəh” deyib aldı. Yəni, cəfəng söhbətlərlə baş qatmaq lazım deyil, Nizamini yaxşı öyrənmək lazımdır”.

Qeyd edək ki, Güntay Gəncalp Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına aid olmadığını iddia edərək, onun Sasani millətçisi olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər