Nizami Gəncəvi o dövrün qaydası ilə farsca yazıb. O dövrdə üç xalq - ərəb, fars və türklər vahid müsəlman mədəniyyətində birləşirdi. Dillər də müəyyən sahələr üzrə bölünmüşdü - ərəb dili elm, fars dili şeir, türk dili hərb dili sayılırdı. Məsələn, Fərabi özünün fəlsəfi əsərlərini ərəbcə yazmışdı, amma türk filosofu sayılır. Bunun səbəbi o idi ki, hələ dini özünüdərk və ümmət anlayışları güclü idi.
Bunu Teleqraf.com-a açıqlamasında ədəbi tənqidçi, şair Əsəd Cahangir deyib.
Onun sözlərinə görə, renessans dövrünə yaxınlaşdıqca din zəiflədi, milli özünüdərk gücləndi:
“Ona görə şairlər vahid islam şeir dili olan farsca yox, artıq milli dildə - türkcədə yazmağa üstünlük verdilər. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli bu zaman yetişdi. Onların bəzisi türkcə ilə yanaşı farsca yazmaqda davam etsə də, aparıcı şeir dili artıq türkcə idi. Özü də bu təkcə Şərqdə yox, Qərbdə də belə idi. Danteyə qədər bütün italyan şairləri ümumi xristian dilində - latınca yazırdı, amma onlar latın yox, italyan şairləri sayılır. Çoserə qədər bütün ingilis şairləri fransızca yazırdı.
Həmin ənənə bu gün də davam edir. Çingiz Aytmatov, Oljas Süleymanov, Çingiz Hüseynov, Çingiz Abdullayevin rusca yazması onların vahid sovet mədəniyyəti üzərində yetişmısindən, Xalid Hüseyninin ingiliscə yazması onun amerikanizmə mənsubiyyətindən doğur.
Amma ilk dörd yazıçı rus yox, qırğız, qazax və Azərbaycan, sonuncu isə ingilis yox, əfqan yazarı sayılır. Yəni əsas dil yox, milli kimlikdir.
İkincisi, Nizami də heç yerdə özünün fars millətinə mənsubluğundan danışmır, fars şovinizmini təbliğ etmir. Əksinə, türklüyü tərənnüm edir. Nizamidə türk sözü 70 mənada işlənir. Hamısı da müsbət anlamda: ədalətli, gözəl, igid, səxavətli, mərhəmətli və sair. Onun qəhrəmanları, məsələn, Şirin xarakteri türkdür. O türk hökmdarı Alp Ər Tonqanın - Əfrasiyabın nəslindəndir”.
Əsəd Cahangir bildirib ki, Nizaminin üslubu fars şairləri olan Sənai, Xəyyam, Sədi, Hafizin üslubu deyil: “O fars səpkisində yox, Azərbaycan səpkisində yazırdı. Bu o dövrün Şərq şeirində tamam yeni üslub idi. Onun baniləri Azərbaycan şairləri Xaqani və Nizami idi.
Düzdür, o poemalarından üçünün mövzusunu Firdovsinin “Şahnamə”sindən götürüb. Amma bu, fars şairini təqlid etmək üçün yox, əksinə onunla polemikaya girmək üçün idi. Firdovsinin fars şovinizminə qarşı ümumbəşəri, insani dəyərləri qoyur ki, bu da türk xarakterinin əsas özəlliyidir. Digər tərəfdən, o özünün son əsəri “İsgəndərnamə”ni yunan həyatından yazıb. Bu məntiqlə biz onu yunan şairi hesab edək?
Beləliklə, nə genetik, nə ideoloji, nə də üslubi baxımdan Nizamidə farslıq axtarmağın əsasını görmürəm”.
Qeyd edək ki, şair Güntay Gəncalp Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına aidiyyətini şübhə altına alan fikirlər bildirib.