Bu gün qeyd olunan “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə “Səyyar ASAN xidmət” təqdim edilib.
Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən yararlanıblar.
Qeyd olunub ki, “Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.