20 Sentyabr 2018 14:08
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən Azərbaycanda arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat subsidiya veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə bu ildən etibarən Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar.

Artıq Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Yeni qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.

Qeyd edək ki, bu qərar 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.

Arıçılar ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər